Kəndlərdə hər kəs bağı salırdı, kənardan meşəyə oxşayırdı Kəndlərdə hər kəs bağı salırdı, kənardan meşəyə oxşayırdı

Yəni kəndimiz Oymyakon qədər deyil?

Kəndlərdə hər kəs bağı salırdı, kənardan meşəyə oxşayırdı

Oymyakon haqda eşitmiş olarsınız. Rusiyanın şimal-şərqində, Yakutiya (Saxa) respublikasında, rusların və yakutların yaşadığı qəsəbədir.

Oymyakon dünyada onunla məşhurdur ki, o, planetin yaşayış olan ən əlverişsiz, ən soyuq yeridir. Qışda burada şaxta 63 dərəcəni keçir. Qəsəbə haqqında çəkilmiş filmlərdə deyilir ki, Oymyakonda adamın az qala sümükləri də donur.

Bununla belə, hazırda Oymyakonda 462 adam yaşayır (10 il əvvəlin statiskası).

Ata yurdum Füzuli rayonunun kəndləri isə dünyanın insan yaşayışı üçün ən əlverişli yeridir. İl ərzində bir-iki gün qar yağar, şaxta olur.

İyunun 15-dən ta avqust ayının 15-nə qədər isti keçir, 36-38 dərəcə hərarət qeydə alınır. Bəzən iyulda 27-30 dərəcəlik “sərin günlər” də olur.

Yağmur il boyu var - çiskindən doluya qədər. Dağa yaxın olan yerlərdə yazda-qışda duman, payızda sis, qırov olur, apreldə-mayda ildırım da çaxır, amma nə amansız quraqlıq, nə şiddətli sel-daşqın hələm-hələm olmur.

Dünyanın ən bərəkətli torpaqlarının reytinq cədvəli tutulsa, qədim Qarabulağın iki çay arasında (Kəndələn və Quruçay) yerləşən ərazisi ilk üçlüyə girər. Burada insana lazım olan hər cür texniki bitki məhsul verir - çəltik, buğda, qarğıdalı, arpa, çovdar və s. Bircə tropik və sitrus meyvələri yetişmir, çünki o iqlim qurşaqları Füzulidə yoxdur.

Mahalın suyu boldur, hələ sovet dövründə çayların suyunu bəndlər vasitəsilə toplayır, sonra təsərrüfatlara paylayırdılar. Hamıya çatırdı. Kəndlərdə dərin artezian quyuları qazırdılar, 24 saat su verirdi - balaca dağ çayları qədər.

Kəndlərdə hər kəs bağı salırdı, kənardan meşəyə oxşayırdı.

Yaşlı adamlar danışırdılar ki, 41-45 müharibəsində Füzulinin taxılı ölkənin yarısını aclıqdan qurtarıb. Bu qara-şabalıdı torpaqlar, bir az da aqrotexniki qulluq olsa, bol taxıl məhsulu verir.

Bunları niyə yazıram? Ona görə ki, Oymyakonla bizim kəndlərin arasında böyük fərq var. Biri yaşayış üçün əlverişsiz qütbdə, tundrada yerləşir, o biri dünyanın, ölkənin, Qarabağın dilbər guşəsindədir.

Bəs necə ola bilər ki, Oymyakonda 500-ə qədər insan yaşaya, ev heyvanlarından yalnız maral saxlaya bilirlər, amma hər növ ev heyvanının, mal-qaranın saxlanılması, hər cür kənd təsərrüfatı bitkilsinin becərilməsi üçün əlverişli olan kəndlərimizdə yaşamaq üçün 500 (5000) insan tapılmasın?

Qarnıqurdlu adamlar vaxtaşırı söz-söhbət yaradırlar: “Məcburi köçkünlər geriyə, öz kəndlərinə geri dönməyəcəklər”; “30 il imtiyazla yaşadılar, ev, maşın aldılar, amma indi getmirlər”; “Müharibədə döyüşmədilər, şəhid vermədilər”; “Qan tökdük, şəhid verdik, torpaq aldıq, amma köçkünlər getmir” və s.

Bunu kim uydurub, bilinmir, “getmirik” ifadəsi hansı xalq qurultayının qətnaməsidir, məlum deyil.

Biri ortaya bir söz atıb, mini içinin xıltını tökür. Kimin kimdən nə acığı qalıbsa, ümumiləşdirir, bütün köçkünlərin adına yamayır. Bir xeyli adam da yuxarıdakı əsassız iddiaları həqiqət kimi qəbul edir və sayı çoxdan 1 milyonu aşmış kütləni təhqir edir - söyüş, qarğış, pisləmə, qınama, “onlar getmir, biz gedərik” minnəti və s. ərşə dirənib.

İki dəqiqədən bir kimsə yazır: “Mənim qonşum deyir ki, getməyəcəm, orda nə işim var”. Bu, sənin qonşudur, ay adam, bütün köçkünlər demək deyil, mənim qonşularım isə günü bu gün getmək istəyirlər.

İnsan elə bir xilqətdir ki, normal yaşayışı, qazancı, çörəyi üçün dünyanın o başına, lap Oymyakona da gedər.

Belədirsə, bu adamlar nədən o cənnət guşələrə getməsinlər, getmək istəməsinlər? Hələ o da ata yurdu ola.

Belə görünür ki, bəziləri Bakını gözlərində çox böyüdüblər, elə bilirlər həyat, firavanlıq, komfort yalnız bu şəhərdədir. Elə deyil. Qarabağın şəhər və kəndləri ayrı bir aləmdir.

Yadıma gəlir, sovet vaxtı Bakıda 3 günlük işi olan adamlar paytaxta gedir, işlərini elə düzüb-qoşurdular ki, gün yarıma-iki günə kəndə qayıtsınlar. Onlar paytaxtda darıxır, qaça-qaça geri qayıdırdılar.

Düzdür, indi Bakı nə o Bakıdır, nə də Qarabağda Qarabağlıq qalıb. Ancaq çox sürətlə oralar yenidən abadlaşacaq və paytaxtda yaşayanları da özünə cəlb edəcək. Şuşa yenə də turzm, istirahət paytaxtı olacaq. Qarabağın digər yaşıllıqlı rayonları da eləcə.

Dövlət başçısının məskunlaşma barədə dedikləri aktualdır, hər məcburi köçkün indidən orada daimi yaşayıb-yaşamayacağını səmimi şəkildə deməlidir. Yoxsa əlavə bir ev də almaq istəyən, “qara gün” üçün torpaq sahələri çəpərləmək fikrində olanlar çox olacaq - bu, məmləkət insanının zəif damarıdır.

Bütün məcburi köçkünlərin Qarabağda yerləşdirilməsi isə çətin məsələdir. 3 dəfəyə yaxın artım var - vəfat edənləri çıxdıqda belə, bu, böyük insan kütləsi deməkdir.

Ona görə də bəziləri xatircəm olsun, Qarabağ camaatının geri qayıtmamaq problemi yoxdur, əslində qayıdanların yerləşdirilməsi, evlə, işlə təmin edilməsi problemi var və o, zamanla həll olunacaq.

Srağagün dostlardan biri çox yerində qeyd etmişdi: “Qarabağlılar geri qayıdacaq, amma işğal olunmamış rayonlardan Bakıya axışıb, paytaxt əhalisinin sayını 4 milyona çatdırmış qeyri-məcburi köçkünlər qayıtmayacaq. Əsas problem budur.

Xalid Kazımlı