• Yazarlar
  • 28 Noyabr 2022 17:04
  •  10 208

Prezident İlham Əliyevin çıxışında hədəf alınan güclər

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında olduqca əhəmiyyətli mesajlar səsləndirib.

Tədbirdə Türkiyə, ABŞ, Fransa, Pakistan olmaqla onlarla ölkənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak edib. Qonaqların suallarını cavablandıran prezident Əliyev Orta dəhlizin əhəmiyyəti, Azərbaycanın regionda yaratdığı yeni geosiyasi konfiqurasiya, Qarabağ məsələsi və digər vacib nüanslara toxunub. Prezident İlham Əliyevin müvafiq çıxışı zəngin, tutarlı mesajlarla yadda qalmaqdan ziyadə iştirak edən nümayəndələrin beyin mərkəzlərinin təmsilçisi olması bu mesajların daha sürətli şəkildə hədəfə çatmasına və ölkələrin xarici siyasət korrektələrinə yol aça bilər.

Çıxış zamanı toxunulan əsas məsələlərdən biri Zəngəzur dəhlizi olub. Ölkə başçısı bildirib ki, 10 noyabr bəyanatında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması aydın qeyd olunsa da, bu əlaqə qurulmayıb. Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyini tez-tez dəyişməsinə, başqalarının maraqlarına xidmət edən revanşist çağırışlarına İ.Əliyev “Rusiya rəsmiləri ilə sonuncu söhbətim zamanı Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir” deməklə qarşı tərəfin başqa yolunun olmadığını, hətta bu hədəfin reallaşmasına əngəl olarsa qarşısında Rusiyanı görəcəyini də ifadə edib. Çıxışda ifadə edilən əsas mesajlar yalnız Zəngəzur dəhlizi ilə bağlı deyil, eləcə də bəyanatın digər müddəalarının İrəvan administrasiyası tərəfindən pozulmasına da cavab idi. Ermənistan tərəfi mütləq şəkildə Azərbaycanın əlini sıxmaq məcburiyyətindədir. Lakin əlimizi sıxacaq tərəf yalnız Ermənistan deyil. Cənab prezident bu əlin sıxılmasına əngəl törədən güclərə də qətiyyətli mesajlarını ötürdü.

Məsələn, Əliyev İranla bağlı ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı. İndiyədək “40 milyon soyadışımız” olaraq adlandırdığı Arazın o tayındakı soydaşlarımızı “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla onların Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi. “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə artıq Cənubi Azərbaycan məsələsinin Şimali Azərbaycanın əsas xarici siyasət istiqaməti olduğunu bildirdi, soydaşlarımızın haqqlarının müdafiəsini ümdə vəzifə olduğunu elan etdi. Bu hüquqların ən başlıcası isə soydaşlarımızın ana dilində təhsil haqqıdır. Bu fikirlər həm də onu anlamağımıza əsas verir ki, Cənubdakı soydaşlarımızla bağlı yürüdülən xətt İranla münasibətlərin normallaşacağı günə qədər deyil, daimi xarakter alacaq, milli kimlik uğrunda mübarizə daim yürüdüləcək.

Prezident İlham Əliyev çıxışı zamanı Fransanın da yumşaq desək, dərsini verib. Dövlət başçısı qeyd edib ki, Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi Ermənistanla birgə hazırlanıb. “Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil.” Bu fikir Fransanın Azərbaycana qarşı mövqe baxımından Avropada təkləndiyini və onun Ermənistana dəstəyinin məlum proseslərdə heç bir əhəmiyyət daşımıyacağını, bizim üçün əhəmiyyət daşıyan dövlətlərin elə bizim yanımızda olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, o, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir. Bu cəhdə qarşı rəsmi Bakının adekvat reaksiyası isə 7 dekabr görüşündə iştirak etməməsidir.

Prezident çıxışı zamanı həm də Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsinə də fikir bildirib. “Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses – Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”, – deyə dövlətimizin başçısı qeyd edib. Bu fikirlərlə, o, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın heç bir maneçilik törətmədiyini, əksinə, bunu dəstəklədiyini bildirib. Üstəlik bu prosesin Azərbaycanla paralel aparılmasını təklif edib.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi