Rusiya ABŞ-nin Avropada hegemoniyasını gücləndirir

Putinin Federal Məclis önündə çıxışı, Baydenin Kiyevə səfəri Ukrayna cəbhəsinin yenidən müzakirəsinə səbəb olub. Putinin çıxışının motivlərinə baxdıqda iki istiqamətin şahidi olmaq mümkündür. Bir istiqamət Qərbi müharibədə maksimum dərəcədə günahlandırmaq və qorxutmaq, ikinci istiqamət daxili auditoriyanın ruh düşkünlüyünü aradan qaldırmaq. Bütövlükdə bu çıxışı təbliğat xarakterli çıxış adlandırmaq mümkündür. Putin hər iki istiqamətə yönəlik absurd bəyanatlar səsləndirməyə çalışır ki, müharibə heç də Rusiyanı əldən salmayıb, əksinə Qərb öz qazdığı quyuya düşüb. Halbuki bu fikirlərin əsassız olduğunu təsdiqləmək üçün bir arqument yetərlidir ki, enerji sahəsinə qoyulan sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı günlük 150 milyon dollar vəsait itirir. Vladimirin enerji sanksiyalarına görə Qərbin soyuq qışı atlada bilməyəcəyi ilə bağlı hədyanları da boşa çıxdı. Avronun məzənnəsinin yüksəlməsi bunun göstəricisidir. Putin cəmiyyəti bu müharibənin milli təhlükəsizlik maraqları uğrunda aparıldığına inandırmağa çalışır və başqa yollarının olmadığını göstərir. Gələcəyə yönəlik nikbin proqnozlar verir. Müharibənin əsla Rusiyanın sonunu gətirməyəcəyini ifadə edir. Canlı qüvvəsinin kifayət qədər olduğunu xüsusilə vurğulayır. Bu bəyanatı belə müharibə reallıqlarını düzgün qiymətləndirməyini və ya istəmədiyini göstərir. Hər kəsə agahdır ki, müharibənin taleyini əsgərlər deyil, hərbi texnikalar, müttəfiqlər, təbliğat və ruh yüksəkliyi həll edir. Bu amillər Ukrayna ordusuna daha çox xasdır, nəinki Rusiyaya. Bu yöndə Baydenin səfərinin olduqca böyük əhəmiyyəti var. O, səfər nəticəsində Ukraynaya 700 ədəd tank, 1000 ədəd Piyada Döyüş Maşını verəcəyini və 500 milyon dollar yardım ediləcəyini açıqladı. Etdiyi səfərlə həm də bütövlükdə Qərbin Ukraynanın yanında olduğu mesajını verərək ordunun ruh yüksəkliyini qaldırdı.
Putin yenidən nüvə şantajına əl atdı. Putin çıxışı ərzində iqtisadiyyata daha çox yer ayırdı, mülkiyyətin milliləşdiriləcəyini qeyd etdi. Bu daha çox Qərb tərəfindən dondurulan aktivlərə verilən cavab və atılan preventiv addımlar idi. Putin çıxışı ərzində neoliberal iqtisadi modelə davam edəcəklərini bildirdi. Savaşın eskalasiyasından bir söz deməsə də, amma nüvə silahına dair strateji raketlərin ləğv edilməsi ilə bağlı START müqaviləsindən çıxış eskalativ qərar idi. Putin müqavilədən çıxmayacaqlarını desə də, amma müqavilə ilə bağlı öhdəliklərini dayandıracaqlarını açıqladı, Qeyd edək ki, bu müqavilə 2011-ci ildə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev arasında strateji silahların ixtisarı və birgə monitorinqi ilə bağlı anlaşma idi. O dövr hazırki ABŞ prezidenti Biden vitse prezidenti, hazirki Rusiya prezidenti Putin isə baş nazir idi.
Putinin çıxışının Priqojin tərəfindən izlənməməsi, Müdafiə Nazirliyi ilə Vaqner arasında dərinləşən fikir ayrılıqları, Kadırovun Priqojinə yaxın olmasına rəğmən Müdafiə Nazirliyinə qarşı çıxmaması, eyni zamanda özünün Vaqner yaratmaq istəyi, Rusiya elitası daxilində gedən mübarizədən xəbər verir. Putinin çıxışı da əsasən məhz buna görə daha çox daxilə yönəlmişdi. Çıxış zamanı auditoriyanın jestləri də diqqət cəlb edir. Sanki insanlar “bu nağıllara qarnımız toxdur” deməyə çalışır. Rusiyada hətta Solovyov, Simonyan belə daha maraqla dinlənilir, nəinki Putin.
Hazırda Putinin əsas hədəfi ilk növbədə hakimiyyətini qorumağa çalışması, ikincisi, Ukraynada işğal etdiyi 4 vilayətin administrativ sərhədlərinə çıxmaqdır. Əsas döyüşlər isə Luqansk, Donetski, Zaporoji, Xerson və Xarkovda getdi. Xarkovun 90%-ni Ukrayna azad edə bilib. Sonuncu ağır döyüşlər Baxmud, Soledarda gedir. Son günlər Zaporoji vilayətində döyüşlər gedir. Zaporoji vilayəti istiqamətində rusların döyüşlər aparmaları diqqəti daha çox Baxmud və Soledardan ayırmağa yönəlib. Baxmud strateji bir yoldur. Buna dörd yol da deyirlər. O istiqamətdə dəmir yolu, quru yolu var. Təminat baxımından strateji bir ərazidir. Ora həm Ukrayna, həm də Rusiya üçün əhəmiyyətlidir. Silahlanma təminatı üçün önəmi çoxdur. Bunlar göstərir ki, ikinci hədəfin yerinə yetirilməsi üçün heç bir ciddi irəliləyişin baş verməməsi artıq birinci hədəfdə də, yəni hakimiyyətin qorunmasında fiaskoya gətirib çıxarır. Fiasko tək bu məqamlarla bağlı deyil. Putinin ABŞ-la bağlı siyasəti əks effekti verdi.

ABŞ NATO-nu daha da Şərqə doğru genişləndirdi. Finlandiya və İsveçin də NATO-ya üzvlüyü ilə Baltik dənizi NATO-nun dənizi halına gəlmək üzrədir. Vaşinqton Arktikadakı mövqelərini daha da gücləndirir. Fransa və Almaniyanın Avropanın strateji muxtariyyət siyasəti iflasa uğradı, Almaniya və Rusiya arasında strateji yaxınlaşmanın önünə Ukrayna səddi çəkildi, Avropada Polşa və Ukrayna kimi önəmli ABŞ peykləri olan quru gücləri Fransa və Almaniyanın qarşısına çıxarıldı, Avropanın iqtisadi olaraq ABŞ-dan aslılığı daha da artdı. Avropa iqtisadiyyatı daha da zəiflədildi, Rusiya iqtisadiyyatı təcrid edildi, “Şimal axını-2” boru kəmərlərinin partladılması ilə Rusiyanın Avropada enerji hegemonluğuna son qoyuldu. Avropanın boşalan silah stoklarını ABŞ öz silahları ilə doldurmaqla həm Avropanın silah bazarında mövqelərini daha da gücləndirdi.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi