Azad edilmiş ərazilərdəki torpaqlarla bağlı 2-ci investisiya müsabiqəsinə başlanılır

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

Aznews.az xəbər verir ki, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Qeyd edək kİ, icarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.

Aznews.az