Bu səfər beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir Bu səfər beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir
  • Paytaxt
  • 25 Fevral 2020 22:32
  •  25 390

Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində

Bu səfər beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir

Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir.

AzNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuş oldu.

Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Ticarət əməkdaşlığı ölkələrimiz arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə işlərdə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi kimi çıxış etməsinin göstəricisidir.

Ölkə Prezidentinin keçirdiyi görüşlər və səfər çərçivəsində təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumu təkcə Azərbaycanda deyil, İtaliya mətbuatında da geniş işıqlandırıldı. İtaliya tərəfinin bu forumdan böyük nəticələr gözlədiyini yerli KİV də xüsusi vurğulayırdı və bu gözləntilər özünü doğrultdu. Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, habelə çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq.

Qeyd edək ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkə böyük potensiala malikdir və imzalanan sənədlər bu potensialın reallaşdırılmasında mühüm rol oynayacaq. Nəzərə alsaq ki, İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir, o zaman əminliklə demək mümkündür ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər.

Azərbaycan üçün İtaliyadan yeni texnologiyaların gətirilməsi məsələsi hər iki ölkənin dövlət başçılarının görüşündə də əsas müzakirə mövzularından idi. Bu, səfər çərçivəsində imzalanmış 25-dən çox sənəddə də öz əksini tapıb. Həmin sənədlərin hər biri mühüm əhəmiyyət daşıyır, iqtisadi faktor və investisiya əməkdaşlığı əsas komponent kimi çıxış edir.

İmzalanmış sənədlər sırasında Azərbaycan İnvestisiya Şirkəti ilə İtaliyanın CDP, SACE və SİMEST şirkətləri arasında Anlaşma Memorandumu da vardır. Sənədə əsasən, tərəflər ticarət və investisiya imkanlarının inkişaf etdirilməsində, Azərbaycan və İtaliya şirkətlərinin birgə iştirakı ilə investisiya təşəbbüslərinin dəstəklənməsində, habelə qarşılıqlı təlim proqramları və təcrübə mübadiləsinin təşkil olunmasında əməkdaşlıq edəcəklər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da İtaliyanın müvafiq qurumları ilə bir neçə sənəd imzalayıb. Bunlardan biri İtaliyanın İxrac Kredit Agentliyi (SIMEST) ilə imzalanmış tərəfdaşlıq Sazişidir. Sənədə uyğun olaraq, tərəflər sənaye, kənd təsərrüfatı, investisiya və s. sahələrdə təşviq məsələlərində əməkdaşlıq edəcəklər. İtaliya Ticarət Agentliyi (ICE) ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Fəaliyyət Planı həyata keçiriləcək. “K-BEK SPORT SRL” şirkəti ilə əməkdaşlıq sənədi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, birgə tədbirlərin və təcrübə mübadiləsinin təşkil edilməsini nəzərdə tutur.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İtaliyanın “Trieste” və “Qenuya” limanları arasında bağlanmış memoranduma əsasən, limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə yararlanacaq, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də italiyalı həmkarları ilə əlaqələri dərinləşdirmək üçün yeni imkanlar qazanıb. Biznes-forum çərçivəsində KOBİA ilə Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında imzalanmış memoranduma əsasən, Azərbaycan KOB-ları üçün INSME-yə üzv ölkələrin bazarlarına çıxış üçün geniş imkanlar yaradan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmiləlləşdirmə Agentliyi (“Promos Italia”) ilə bağlanmış memorandumlara uyğun olaraq, KOB-lar üçün mikrokredit alətlərinin təşviqi mexanizmləri, innovativ kreditləşmə, ixraca dəstək tədbirləri, təlim və məsləhət xidmətlərinin təşkili, KOB-ların peşə bacarıqlarının artırılması, birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq həyata keçiriləcək.

Beləliklə, Azərbaycan-İtaliya münasibətlərinin dinamik inkişafı göz önündədir. Hər iki dövlət yaxın gələcəkdə geoiqtisadi mənzərəni dəyişəcək birgə layihələrin üzərində çalışır. TAP layihəsi üzrə Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində enerji sahəsində etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər.

İtaliya səfəri Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasının daha bir nümayiş etdirdi. Səfər çərçivəsində imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratmış oldu.

image description