XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində bildirilib.

O, İran İslam Respublikasının səfirinin diqqətinə çatdırıb ki, İranın Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.

Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər:

"Həqiqət budur ki, İran da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb".

A.Hacızadə onu da qeyd edib ki, Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir:

"Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil".

AzNews.az