- Paytaxt
- 12:32
- 1 512
Prezident Niderlandın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğuladı, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirdi. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi.
Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu dedi, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğuladı.
AzNews.az