- Siyasi müzakirə
- 20:54
- 1 416
“Birgə hərbi təlimlər Turan İttifaqının təməlidir” - Tural İsmayılov

“Rusiya–Ukrayna müharibəsi artıq iki ölkə arasındakı sərhədlərlə məhdudlaşan qarşıdurma deyil. Bu, yeni dünyanın siyasi arxitekturasını müəyyən edən böyük güclərin toqquşmasıdır. ABŞ və Qərbin “sülh naminə müdaxiləsi” əslində geosiyasi maraqlarını qorumaq üçün açıq oyundur. Burada əsas məqsəd Ukraynanın taleyi deyil, Rusiyanın zəiflədilməsi, Avropanın ABŞ-dan asılı vəziyyətdə saxlanılması və enerji marşrutlarının yenidən dizaynıdır. Qərb ölkələrinin hərbi və maliyyə dəstəyi Ukraynanı müəyyən qədər dözümlü saxlayır, lakin sülhə xidmət etmir, əksinə müharibəni uzadır. Vaşinqton və Brüsseldə yaxşı başa düşürlər ki, Moskva üçün bu savaş varlıq müharibəsidir – Donbas deyil, Rusiya dövlətinin gələcək modelidir. Ona görə də heç bir Qərb diplomatik təzyiqi Putini geri çəkilməyə tam razı sala bilməz”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi artıq sadəcə regional deyil, qlobal təsirə malikdir. Münaqişə hərbi səviyyəni aşaraq siyasi, diplomatik və iqtisadi münasibətlərə də ciddi təsir göstərir, ABŞ və Avropa İttifaqı kimi böyük güclərin iştirakı isə sülhə nail olmağı daha da çətinləşdirir. ABŞ Prezidenti Donald Tramp son açıqlamasında bildirib ki, Putinin müharibəni dayandırmaq istəmədiyini başa düşə bilmir və bu vəziyyət onu məyus edir.
Siyasi şərhçi bildirib ki, uzunmüddətli perspektivdə bu münaqişə Avropanın təhlükəsizlik strukturlarını sarsıdır.
“NATO-nun genişlənməsi, Rusiyanın təcridi və iqtisadi müharibələr qitəni yeni “soyuq müharibə” erasına gətirir. Avropa faktiki olaraq strateji müstəqilliyini itirir və ABŞ-ın siyasi orbitində fırlanır. Nəticədə, bu savaş nə Qərbin qalibi olacaq, nə də Rusiyanın – itirilən əsas dəyər qlobal sabitlikdir. Trampın “Putinlə münasibətlərim yaxşı idi, amma niyə dayanmır bilmirəm” açıqlaması isə diplomatik deyil, strateji etirafdır: artıq bu müharibəni təkcə Kreml yox, böyük güclərin maraqları idarə edir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az