"Amal-D" MMC-nin rəhbəri Dönməz Məmmədov Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən haqsızlıqla üzləşdiyini iddia edir. "Amal-D" MMC-nin rəhbəri Dönməz Məmmədov Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən haqsızlıqla üzləşdiyini iddia edir.

İntihara cəhd edən sahibkar mətbuat konfransı keçirdi

"Amal-D" MMC-nin rəhbəri Dönməz Məmmədov Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən haqsızlıqla üzləşdiyini iddia edir.


Sahibkar bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2001-ci ildən sərnişindaşıma ilə məşğul olan şirkət 501, 509 və 510 saylı marşrut xətlərini istismar edir. Sahibkar deyib ki, 2014-cü ildə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Anar Səfərli ondan qeyri-qanuni olaraq rüşvət tələb edib, təzyiq göstərib: "Mən də bundan imtina etdim. Belə olan halda, əlimdə olan "Hyundai" markalı sərnişin avtobuslarını alıb, cərimə meydançasına yığdı və xəttə buraxmadı. Sabiq Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi ilə əlbir olub, mənə qarşı şər-böhtan kampaniyasına başladılar. Məni MTN-ə çağırıb bildirdilər ki, guya, dövlət əleyhinə çağırışlar etmişəm".

D. Məmmədov qeyd edib ki, prokurorluq orqanlarına şikayət etdikdən sonra avtobusların özünə qaytarılsa da, Nəqliyyat Nazirliyi tərəfindən təzyiqlər davam edib: "Mənə heç bir məktub verilmədən avtobusu əlimdən alıb, başqa şirkətə verdilər. Tapşırdılar ki, səsini çıxarma. Dekabrın 16-da isə 509 nömrəli avtobusun fəaliyyətini qeyri-qanuni dayandırdılar və bərpası üçün məndən 30 min manat tələb etdilər. Mən bununla bağlı prokurorluq orqanlarına şikayət etdikdən sonra, Anar Səfərli mənə bildirdi ki, şikayəti geri götürsəm, avtobusu qaytaracaq".

Sahibkar yaranmış vəziyyətlə etiraz etmək məqsədilə dəfələrlə aclıq aksiyası keçirdiyini, hətta intihara cəhd etdiyini bildirib: "Fevralın 4-də mənə dedilər ki, 509 nömrəli avtobusa paralel xətt açırlar. Halbuki, bu xəttin açılmaması üçün məndən rüşvət almışdılar. Mən də buna etiraz olaraq özümü yandırmağa cəhd etdim, lakin Fövqəladə Hallar Nazirliyini xilasediciləri mənə kömək etdi. İntihardan sonra nəqliyyat nazirinin müavini Arif Ələsgərov məni qəbul etdi və bütün problemlərin artıq həll olunduğunu desə də, bu günə kimi problemin həlli istiqamətində iş görülməyib".

Sahibkar ona olan təzyiqlər və rüşvət istənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini və hazırda işin Ağır Cinayətlərə dair İstintaq İdarəsində araşdırıldığını deyib.

Məsələ ilə bağlı A. Səfərli APA-ya açıqlamasında D. Məmmədovun iddialarını təkzib edib, sahibkardan rüşvət istəmədiyini bildirib: "Ondan heç vaxt rüşvət tələb olunmayıb, marşrut xətti də bağlanmayıb. Hazırda onun 509 və 501 nömrəli avtobusları müəyyən olunmuş xətt üzrə işləyir. 501 nömrəli avtobusu Sumqayıt avtovağzalından işləməli olsa da, qeyri-qanuni yolla işləyir, avtovağzala daxil olmur".

Sahibkarın iddialarına Nəqliyyat Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. D. Məmmədovun fevralın 5-də intihara cəhd etməsindən sonra Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada isə bildirilib ki, D. Məmmədov bir müddət öncə nazirliyə müraciət edərək, başqa bir sahibkara məxsus 505 nömrəli marşrutların "Binə" ticarət mərkəzindən keçməsinə qadağa qoyulmasını istəyib: "O, qeyri-qanuni olaraq, "Binə" ticarət mərkəzindən Sumqayıta gedən sərnişinlərin ancaq ona məxsus marşrutla daşınmasını istəyir".

Açıqlamada o da qeyd olunub ki, sahibkarın avtobusları köhnəldiyindən, xidmətə yararsızdır və sərnişinlərin bununla bağlı çoxsaylı şikayəti var.

APA