“ABŞ Tramp dövründə Rusiyaya münasibətdə diplomatik balans axtarır” - Kənan Novruzov

“ABŞ-da Donald Tramp hakimiyyətə gələndə Vaşinqtonun Rusiyaya münasibəti əvvəlki dövrlərlə müqayisədə daha loyal idi. Həmin dövrdə Trampın Rusiya ilə gizli əlaqələrinin olması barədə müxtəlif iddialar səsləndirilirdi. Hətta onun rus xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi irəli sürülürdü. Lakin bu iddialar əsasız idi və siyasi manipulyasiya xarakteri daşıyırdı. Trampın məqsədi Moskva ilə yaxınlıq yaradaraq Kiyev və Moskva arasında diplomatik əlaqələrin bərpasına nail olmaq idi. ABŞ-ın Ukraynaya təsir imkanları genişdir – Vaşinqton silah yardımını dayandırmaqla və ya maliyyə dəstəyini azaltmaqla Ukraynaya təzyiq göstərə bilər. Rusiya isə bu imkanlara malik deyil. Buna baxmayaraq, Moskva Trampın bu cəhdlərini qiymətləndirmədi. ABŞ-ın müharibənin bitməsində maraqlı olmasının bir neçə səbəbi var. Birincisi, Vaşinqton Rusiyayla münasibətlərin həddən artıq gərginləşməsini istəmir. Tramp biznesmen təfəkkürü ilə iqtisadi əlaqələrin qorunmasının vacibliyini önə çəkir. İkincisi, ABŞ Şərqi Avropadan sonra diqqətini Yaxın Şərq və Çin istiqamətinə yönəltmək niyyətindədir. Üçüncüsü, müharibənin başa çatması Tramp üçün artıq şəxsi reputasiya məsələsinə çevrilib. Dördüncü səbəb isə ABŞ-ın müharibədən sonrakı mərhələdə Ukraynaya investisiya qoymaq planları ilə bağlıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq təkcə regional deyil, qlobal xarakter alıb. Münaqişə hərbi müstəvini aşaraq siyasi, diplomatik və iqtisadi münasibətlərə də ciddi təsir göstərir. Prosesə ABŞ, Avropa İttifaqı və digər böyük güclərin də cəlb olunması sülhə nail olmağı daha da çətinləşdirir. ABŞ prezidenti Donald Trampın son açıqlaması vəziyyətin mürəkkəbliyini bir daha təsdiqləyib. O, Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə görüşü zamanı bildirib: “Putinlə münasibətlərim yaxşı idi, lakin onun bu müharibəni niyə davam etdirdiyini anlamıram”. Tramp bu vəziyyətin onu məyus etdiyini vurğulayıb.

Siyasi şərhçi bildirib ki, Rusiya maksimalist mövqe tutur və heç bir güzəştə getmək niyyətində deyil, Ukrayna isə öz mövqeyindən geri çəkilmir.

“Müharibənin uzanmasının əsas səbəblərindən biri ABŞ və Avropa İttifaqının fərqli mövqeləridir. ABŞ müharibənin bitməsində maraqlıdır, Avropa isə onun davam etməsini istəyir. Avropa hesab edir ki, müharibə indi başa çatsa, Rusiya hələ də güclü qalacaq və növbəti mərhələdə başqa Avropa ölkələrinə təhdid yarada bilər. Buna görə də Avropa istəyir ki, Rusiya Ukraynada zəifləsin və hətta daxildə hakimiyyət dəyişikliyinə qədər gedən proseslər baş versin. Avropa ölkələri eyni zamanda Rusiyadan enerji asılılığını tam dayandırmaq istəmir. ABŞ Avropaya “Rusiyadan enerji alma, sanksiyalara əməl et” tələbi ilə təzyiq göstərir. Avropa isə “ucuz qaz və nefti niyə almamalıyıq?” sualını verir. Nəticədə “kollektiv Qərb” anlayışı zəifləyib, ABŞ və Avropa arasında fikir ayrılığı yaranıb. Tramp son açıqlamalarında bildirib ki, Türkiyə Rusiya–Ukrayna müharibəsinin başa çatmasında mühüm vasitəçi rolunu oynaya bilər. Ankara müharibənin əvvəlindən həm Moskva, həm də Kiyevlə əlaqələri qoruyub. Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bu, Türkiyəyə danışıqlarda mühüm üstünlük qazandırır. Trampın “Rusiyada Ərdoğana hörmət edirlər” ifadəsi də diplomatik məna daşıyır və Türkiyənin ABŞ üçün Rusiya ilə əlaqələrdə faydalı tərəfdaş ola biləcəyini göstərir. Tramp bir neçə dəfə Rusiya ilə bağlı gözləntilərinin doğrulmadığını bildirib. Bu baxımdan, gələcəkdə Türkiyənin vasitəçilik rolunun artacağı ehtimal olunur. ABŞ üçün də bu, balanslaşdırılmış həll yolu kimi görünür. Müharibənin bitməsi üçün tərəflərdən biri – Rusiya və ya Ukrayna – tam şəkildə tükənməlidir. Sülh sazişinə imza atan şəxs isə indiki prezident Volodimir Zelenski olmayacaq. Əgər Zelenski sülh müqaviləsini imzalasa, bu, Ukrayna ictimaiyyəti tərəfindən xəyanət kimi qəbul ediləcək”.

Siyasi şərhçi əlavə edib ki, Zelenski vətənpərvər şəxs olsa da, siyasi təcrübəsinin azlığı onun manevr imkanlarını məhdudlaşdırır:

“Ukraynada “əgər sonda güzəştə gediləcəkdisə, bəs bu qədər itki nəyə görə verildi?” sualı gündəmə gələcək. Hazırda müharibə həm Ukraynada, həm də Rusiyada hakimiyyətin davamlılığı üçün bir vasitəyə çevrilib. Buna görə də yaxın zamanda sülhün əldə olunacağı ehtimalı azdır. Zelenskinin siyasi taleyi də bu prosesin nəticəsindən asılı olacaq – o, ya istefa verəcək, ya ölkəni tərk edəcək. Belə olan halda, onun yerinə gələcək yeni rəhbərlik sülh müqaviləsini imzalayacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az