Abşeron təhsil şöbəsinin qəribə işəgötürmə “metodu” - Şikayət

Abşeronda “borcun var” deyə işdən azad olunan müəllim hələ də işsizdir və o, aidiyyəti qurumlardan haqqının bərpa olunmasını istəyir.

Ötən ay Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbin müəllimi Aqşin Həsənovun həmkarına borcu olduğuna görə Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova tərəfindən işdən azad olunması haqqında mətbuatda geniş material dərc olundu. Şikayətçi müəllim qeyri-qanuni işdən azad olunması ilə bağlı mətbuat vasitəsi ilə aidiyyəti qurumlardan kömək istədi və bu haqsızlığın qarşısının alınmasını tələb etdi. Məsələ ilə bağlı Abşeron Təhsil Şöbəsi də açıqlama verdi və müəllimin işdən azad olunmasını başqa səbəblərlə əlaqələndirdi.

Şikayətçi Aqşin Həsənov AzNews.az-a məktubla müraciət edib, haqqının tələb olunmasını və günahkarların cəzalanmasını istəyir. Dediyinə görə, bu məsələ mətbuatda işıqlandırıldıqdan sonra rayon təhsil şöbəsindən onunla maraqlanmış və işlə təmin olunacağını bildirmişlər. Baş verən olayların üstündən bir aydan yuxarı vaxt keçməsinə baxmayaraq, A.Həsənovun işə bərpası istiqamətində Abşeron Rayon Təhsil şöbəsi tərəfindən heç bir addım atılmayıb, şikayətçinin dediyinə görə, Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova yenə də çirkin əməllərini davam etdirib.

Şikayətçinin redaksiyamıza ünvanlandığı məktubu olduğu kimi təqdim edirik:

- Çox hörmətli redaksiya, hörmətli KİV nümayəndələri! Məcbur olub eyni məsələ ilə ikinci dəfə sizə müraciət edirəm. Xatırlayırsınızsa, bir ay bundan əvvəl başıma gələn haqsızlıqlardan, Abşeron Təhsil Şöbəsinin müdirinin özbaşına hərəkətlərindən yazmışdım. Mənim şikayətim elektron KİV-də işıqlandırılqdan sonra da onlar öz haqsız hərəkətlərini davam etdirirlər. Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovaya keçən yazımda suallar ünvanlamışdım. Heç birinə cavab vermədi, əksinə, məni şantaj etmək istədi. Digər tərəfdən də yalançı vədlər verdilər. Bu da aydındır ki, mənim borca görə işdən azad olunmağım qanuna ziddir. Ötən şikayətimdə buna hüquqşünaslar tərəfindən hüquqi rəy də verilmişdi və müəllimin borcu olduğuna görə işdən azad olunmasının tam qanunsuz olduğunu bildirmişdilər. Ən pisi odur ki, o qanunsuzluq bu gün də davam edir.

Abşeron Təhsil Şöbəsində olan haqsızlıqlar göz qabağındadır. Bir il çəkmədən Təhsil Şöbəsinin keçmiş müdiri işdən azad olundu. 6-7 ay müdir müavini bu vəzifəni idarə etdi. Sonra da Nazilə Məmmədova bu vəzifəyə təyin olundu. Üç il müddətində üç müdir dəyişən Abşeron Təhsil Şöbəsi niyə öz işini normal qura bilmir və bu proses nə vaxta qədər davam edəcək? Aidiyyəti qurumlar niyə bu şəxs haqqında qanuni ölçü götürmür? Nazilə xanımın Azərbaycan müəlliminə qarşı etdiyi haqsızlığa niyə hələ də göz yumulur?

Nazilə Məmmədovanın məni, elə özünün təyin etdiyi işdən bir həftə sonra azad etməsinin səbəbi də bəllidir: o, məni Abşeron rayonu Qobu qəsəbəsi, 1 saylı tam orta məktəbə direktor müavini vəzifəsinə göndərəndən sonra gördü ki, mənim borcum var və bu “xidmətinə” görə ona heç bir maddi vəsait ödəyə bilməyəcəm. Dərhal da məni əsassız olaraq işdən uzaqlaşdırıb, yerimə başqa bir adam axtarmağa başladı. Sən demə, bu qadının həmin vəzifəni az qala hərraca çıxarıb 3-4 min manata satmaq fikri var imiş...

Məsələ ilə bağlı rəsmi olaraq Təhsil Nazirliyinə də müraciət etmişəm, qurumun cavabını və bu haqsızlığın qarşısının alınacağını gözləyirəm! Xahiş edirəm, haqqın, ədalətin bərpa olunmasına və Abşeron rayonundakı təhsil müəssisələrinin Nazilə Məmmədova kimi rüşvətxorlardan və qeyri-peşəkarlardan xilas olunmasına kömək edəsiniz.

*Qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

AzNews.az