“Yeni layihə insanlara psixoloji basqı yaratmaq məqsədi daşıyır“ -Ekspert rəyi

Son günlər jurnalist icmasının diqqətində olan əsas məsələlərdən biri də təhqir və böhtana görə nəzərdə tutulan cəzaların internet məkanına da aid edilməsidir.

Milli Məclisin mayın 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq bu məsələ nəinki onlayn media rəhbərləri, eləcə də media ekspertlər tərəfindən birmənalı qarşılanmır. Bir çoxları Baş Prokurorluğun parlamentə ünvanladığı bu layihəni virtual məkana basqı kimi də qiymətləndirir.

Media eksperti Ələsgər Məmmədli Modern.az-a açıqlamasında sözügedən layihənin təkcə sosial şəbəkələrə deyil, ümumilikdə bütün internet resurslarına şamil olunduğunu bildirib. "Baş Prokurorluq tərəfindən parlamentə təqdim olunan və plenar iclasa tövsiyyə olunan layihədə bir mənalı olaraq internet informasiya resursları qeyd olunur. Yəni, internet üzərinə nə varsa – sosial şəbəkələr də, veb resurslar da, onlayn media, televiziya da informasiya daşıyıcısı hesab olunur. Bu aspektdən baxanda həmin təqdimatda çox aydın şəkildə görünür ki, internet üzərində olan hər şey bu çərçivədə qeyd olunub. Əslində mən düşünürəm ki, bu doğru yanaşma deyil. İnternet virtual məkandır, onun konkret sərhədləri yoxdur. Virtual şəbəkədə belə məhdudiyyətlər tətbiq etmək ziddiyyət təşkil edir", – deyə ekspert şərh edib.

Ə. Məmmədlinin fikrincə, internetlə bağlı layihə insanlara psixoloji basqı yaratmaq məqsədi daşıyır. "Bu ən azından internet mediasına psixoloji basqıdır. İnsanları bununla qorxutmaq istəyirlər. İfadə azadlığı baxımından düşünürəm ki, geriyə atılmış addımdır".

Xatırladaq ki, parlamentin sonuncu iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar tətbiq olunur.

Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzNews.az