Prezident seçkilərində İKT-dən istifadədə - Yenilik

Azərbaycanda prezident seçkilərinin keçirilməsində İKT-dən istifadə sahəsində bir sıra yeniliklər tətbiq olunub.


Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərə hazırlıq və keçirilməsində "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi önəmli yer tutur.

Məlumatda qeyd olunur ki, oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından seçkilərlə bağlı müxtəlif məlumatların daha operativ, asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin olunması məqsədilə informasiya şəbəkəsinin texniki və proqram təminatı yenilənib və təkmilləşdirilib, müvafiq məlumat bazaları yenidən formalaşdırılıb.

Mərkəzi Seçki Komissiyasını ölkə ərazisindəki mövcud 125 seçki dairəsi ilə birləşdirən optik xətlər, eyni zamanda, rabitə təhlükəsizliyinin təmin olunması məqsədilə ehtiyat optik xətt çəkilib. "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki baxımdan təkmilləşdirilmiş lokal şəbəkə variantı 1-10 Gb/s sürətlə məlumat mübadiləsinin daha operativ, intensiv və təhlükəsiz həyata keçirilməsini, eləcə də məlumatların toplanması, saxlanması və ictimailəşdirilməsini təmin edir.

Şəbəkədə istifadə olunan yeni proqram təminatı seçkilərlə bağlı müxtəlif məlumatlarla bərabər, dairə və məntəqə seçki komissiyaları üzvlərinin anket məlumatlarını və aşağı seçki komissiyaları haqqında texniki məlumatları, aktiv seçki hüquqlu Azərbaycan Respublikası vətəndaşlarına dair məlumatları özündə əks etdirir və vaxtaşırı bu məlumatların toplanması, yoxlanması, təhlili və vahid bazada müvafiq yaddaş qurğularında saxlanıb qorunmasına imkan yaradır. Şəbəkəyə eyni vaxtda bir nöqtədən 8 müxtəlif avadanlıq qoşmaq imkanı seçki prosesi ilə bağlı müxtəlif məzmunlu məlumatların kütləvi informasiya vasitələrinə və ictimaiyyətə dərhal və birbaşa çatdırılmasına şərait yaradır. Şəbəkə üzərindən quraşdırılmış lokal videokonfrans proqramı bütün dairə seçki komissiyaları ilə birbaşa və fasiləsiz bağlantı yaradılmasını da mümkün edir.

Seçici siyahılarının daha operativ qəbul olunub işlənməsi və çapı, seçici siyahılarında müvafiq yoxlamanın aparılmasını həyata keçirən proqram təminatı da təkmilləşdirilib. Təkmilləşdirilmiş xüsusi proqram modulları seçici siyahılarında orfoqrafik səhvlərin yoxlanılması, təkrarların aşkarlanması, oxşar məlumatların araşdırılması və texniki səhvlərin aradan qaldırılmasına, eləcə də digər xarakterli təhlil və müqayisələrin həyata keçirilməsinə imkan verir.

"Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə məlumatların asan və operativ mübadiləsi məqsədilə bütün seçki dairələri üçün elektron poçt ünvanları yaradılıb ki, bu da seçkilərə dair daha asan, operativ və təhlükəsiz ani məlumat mübadiləsinə imkan verir.

"Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yüksək keyfiyyətli fəaliyyətini, eləcə də aşağı seçki komissiyaları ilə fasiləsiz rabitəni təmin etmək məqsədilə dairə seçki komissiyalarının texnoloji bazaları daha da gücləndirilib, bütün dairə seçki komissiyaları yüksək parametrlərə malik kompüter, onlar üçün müvəqqəti enerji mənbəyi (UPS) və noutbukla təchiz olunub.

AzNews.az