Səmayə Məmmədova: “Mediaya informasiya lazımdır, sən onu verəndən sonra media səni iynələməz” “

Uşaqlıqdan jurnalistikaya böyük maraq göstərib. Həmişə televiziyanın qarşısında əyləşib, hansısa tədbirdə iştirak edirmiş kimi qeydlərini də aparıb. Qeydləri ən azı 5 səhifə olurmuş və jurnalistlərin qeydləri qısa necə götürdüklərinə təəccüblənirmiş. Həm də musiqi təhsili aldığından pianinoçu olmaq istəmişdi. Amma sonda Dillər Universitetinə qəbul olmaq qərarına gəlib. Kifayət qədər yaxşı hazırlaşsa da, üç il qəbul ola bilməyib. Nəhayət, Bakı Slavyan Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsini seçib.
Beləliklə, AzNews.az-ın bu dəfəki müsahibi Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovadır.


- Baxmayaraq ki, artıq neçə ildir nazirlikdə fəaliyyət göstərirsiniz, amma hələ də yaddaşlarda daha çox televiziya jurnalisti kimi qalmısınız...

- Təsadüfən "Space" televiziyasina aparıcı tələbi barədə elana rast gəldim. Getdim televiziyaya. İlk olaraq Nadir Bədəlovla qarşılaşdım və elanla bağlı gəldiyimi dedim. 4 aya yaxın çox çətin sınaq dövrü keçdim. Hansı mövzunu verirdim, nə edirdim heç biri xoşlarına gəlmirdi. Kiçik bacım türk müğənnilərin anonim adı ilə oxuduğu mahnılarımızla bağlı mövzunu işləməyi təklif etdi. Bu mövzunu işləmək istəyim də müsbət qarşılandı. Deyə bilmərəm ki, süjet gözəl alındı, çünki mən yeni başlayırdım. Bundan sonra artıq mənə süjetlər hazırlamağa icazə, ən nəhayət isə rubrikalar verdilər. Təxminən bir ildən sonra aparıcılıq təklifi aldım. Daha sonra isə özümün müəllif verilişlərimlə efirə çıxdım. Beləliklə də 5 il televiziyada işlədim.

-Beş səhifənin məsələsini 1 dəqiqədə həll edə bildinizmi?

- Təbii ki, sən o məktəbi keçirsən, professionallarla işləyirsən. Bizim dövrümüzdə "Space"də işə düzəlmək də, orada qalmaq da çətin idi. Çünki kollektiv professionallardan təşkil olunmuşdu, tənqid güclü, tərif isə çox az idi. İclaslarda o dərəcədə tənqidlər olurdu ki, ona tab gətirmək üçün adamın güclü iradəsi olmalıydı. Mənim müəllimlərim Rafiq Hüseynov və Nadir Bədəlov olub. O, mənə dedi ki, nə qədər gəncsən, xarici görünüşün tamaşaçı üçün maraqlıdır, çıxıb nə danışsan da bir gün saçına, bir gün geyiminə, bir gün də makyajına görə sənə baxacaq. Bütün bunlar tamaşaçını yorandan sonra ağlında nəyin varlığına diqqət yetirəcək. Allah ondan qorusun ki, sən tamaşaçını məyus edəsən, ona görə də bacardığın qədər öz üzərində işlə, oxu. Mən də bacardığım qədər öz üzərimdə işləyirdim, çox oxuyurdum. Xarici televiziyaları izləyirdim.

- Bu boyda əziyyətlər mətbuat xidmətində işləmək üçün idi?

- Bəlkə də televiziya yeganə sahədir ki, orada pik yoxdur, pik görünmür. Mən televiziyaya gələndə bir nəfər var o, məni kənara çəkib - "Bura bir bataqlıqdır, girdin çıxa bilməyəcəksən, çəkdikcə çəkəcək, hər gün özünə - bəsdir, gedirəm daha - deyəcəksən, amma gedə bilməyəcəksən"- dedi. Televiziya dəqiqəbədəqiqə, saatbasaat inkişaf edir. Ümumiyyətlə, medianın inkişaf surətini tutmaq çox çətindir. Texnika, ideya çox sürətlə irəliləyir. Buna uyğun olaraq beyin də mütəmadi dayanmadan çalışmalıdır. Dünyanın bir çox ölkələrində ən məşhur aparıcılar yaşlı insanlar olur. Bu da ondan irəli gəlir ki, o etibarı qazanana qədər illər keçib. Hansı aparıcının müharibə, siyasi xəbəri tamaşaçıya çatdırması çox böyük önəm daşıyır. Ona görə ki, tamaşaçı ona inanmalıdır. Bizdə isə gənc nəsil çoxdur, xəbər aparıcılığında orta nəslin nümayəndəsi demək olar ki, yoxdur. Bəli, gənclər olmalıdır, amma heç olmasa, ana xəbərlərdə sözünü demiş aparıcılar olmalıdır.

- İndi sizi bir həmkar deyil, məmur saymaq olarmı?

- Mən deməzdim. Bu söz mənə bir az yad gəlir. Mən daha çox özümü jurnalistlərə yaxın hesab edirəm. Məmur o adamdır ki, oturur, əlinin altında 3-4 işçisi olur və sadəcə olaraq, göstəriş verməklə məşğul olur, işçiləri də ona hesabat verirlər, o da hesabatları yoxlayır. Mənim isə əlimin altında işçi yoxdur, mən təkəm. Təbii ki, iş çoxdur və məsuliyyəti, ağırlığı, yükü də böyükdür. Amma sevinirəm ki, bu yükü hələlik daşıya bilirəm.

- Jurnalistika daha çox yaradıcılıq tələb edir. Mətbuat xidmətində necə, yaradıcılıqla məşğul olmaq mümkündür?

- İdmanın öz özəllikləri var, amma gənclər sahəsi həqiqətən yaradıcı sahədir. Ona görə də istənilən bir tədbir, layihələr olsun mən dövlət rəsmilərinin əyləşdiyi yerdə oturmuram. Mənim üçün daha çox jurnalistlərlə bir yerdə oturmaq maraqlıdır. Çünki mən jurnalistikadan, televiziyadan gəlmişəm və ən azı jurnalistlərin nə istədiyini bilirəm.

- Jurnalistlərin istədiklərini onlara verə bilirsiniz?

- Bunu mən deyil, jurnalistlər deyə bilər. Amma səmimi olaraq deyirəm ki, qurulan münasibət mətbuat katibi, jurnalist münasibəti də deyil. Qurulan münasibət həmkar və dost münasibətləridir. Mən münasibətləri elə qurmuşam ki, yaxşı bir jurnalist komanda formalaşıb. Bundan əvvəl işlədiyim Səhiyyə Nazirliyində də, burada da faks, e-mailə göndərdim, kim götürüb yerləşdirər kimi işimə yanaşmamışam. Mənim konkret işlədiyim insanlar var və bilirəm ki, onların gəlib tədbirlərdə iştirakı ilə tədbir yüksək səviyyədə işıqlandırılacaq

- Jurnalistikadan gəldiyinizdən jurnalistlərlə işləmək baxımından, digər dövlət qurumlarından hansısa fərqiniz var?

- Bizdə çox yaxşı, işinə məsuliyyətlə, professional yanaşan mətbuat katibləri az deyil. Amma jurnalistlərin narazılıq etdiyi mətbuat katibləri də var. Axı mən başa düşmürəm, onların mətbuatla işləməkdən başqa nə işi ola bilər? Mətbuat xidməti yeganə sahədir ki, onun işi həmişə göz qabağındadır.

- Rəsmi məlumatlarla yanaşı, axı bəzi problemli məsələlərə də aydınlıq gətirilməlidir...

- Bunun üçün də mən əlimdən gələni edirəm. Əgər mən bilirəmsə ki, bu gün bu barədə danışmaq olar, danışmışam. Yox, əgər bu barədə danışmaq tezdirsə, gözləyirəm. Bu mənada bəxtim onda gətirib ki, jurnalistlərin etibarını qazanmışam. Ola bilsin ki, bu inam Səhiyyə Nazirliyində işlədiyim dövrdən yaranıb.

- İnformasiyanın zamanında çatdırılması zərurəti var axı...

- Əgər informasiyanın ötürülməsi baxımından bu gün tezdirsə, onu necə açıqlamaq olar? Problemli məsələlərə aydınlıq gətirilməsinə gəldikdə mən hansı quruma gedirəmsə, ilk növbədə əsas prinsipim rəhbərin özü ilə işləməkdir. Oqtay müəllimlə də, Azad müəllimlə də belə olub.

- Niyə Səhiyyə Nazirliyini bu Nazirliklə dəyişdiniz?

- Yerdəyişmə heç nə ilə bağlı deyil. Mən yenilik axtarıram və yeniliklərin çox olmasını istəyirəm. Səhiyyə Nazirliyində isə daha çox stabil iş gedirdi. Bu baxımdan da mənə Gənclər və İdman Nazirliyində işləmək daha maraqlıdır.

- Jurnalistlərin sizdən razı qaldığını düşünürsünüz?

- Heç vaxt bunu belə demək olmaz. Amma ən azı əlimdən gələni edirəm ki, razı qalanların sayı çox olsun. Mən işimin məsuliyyətini anlayam.

- Xarici səfərlər, çempionatlar, yorulmursunuz, istirahətə vaxt qalırmı?

- Xeyr, mən yorulanda o yerdə qala bilmirəm. Məndə işdən, oxumaqdan yorulmaq yoxdur. Mən insanlardan yorula bilmərəm.

- İki nazirlə işləmisiniz. Jurnalist mövqeyindən yanaşanda məmurlarla işləmək necədir?

- O baxır məmura. Burda həmin məmurun mediaya münasibəti də çox önəmli rol oynayır. Əgər həmin məmur mediaya açıqdırsa, medianın önəmini, dəyərini biləndirsə, burda çətinlik də olmayacaq. Mediaya nə lazımdır? Mediaya informasiya lazımdır, sən onu verəndən sonra media səni iynələməz. İnanmıram ki, medianın kiməsə qarşı qərəzi ola bilər. Baxmayaraq ki, mən bəzi media nümayəndələrindən incidim. Ona görə ki, onlar olimpiyadanın sonunu gözləmədən mövqelərini ortaya qoydular. Hansısa bir məqamda informasiyanı təqdim etməyin önəmini izah edə bilirsənsə, bu, sənin uğurundur. Sənin uğurunsa, artıq nazirliyin uğurudur.

Gültən
AzNews.az