Əli Ömərov: “Əgər bizim evdə mən şorgözəmsə, başqalarının evində arvadları şorgözdür”

YAP-ı əziyyətlə yaradanda görmədiyim adamlar indi çıxıb Yeni Azərbaycan Partiyasının görkəmli simaları olublar

Keçmiş Baş prokuror Əli Ömərov "Düz üzünə" danışmaq istədiyim tarixi şəxsdir. İnanmıram, onun bu günü kiməsə maraqlı olsun. Amma keçmişi və yalnız keçmişindən baxanda bu günü maraqlıdır. Xüsusən, müxalifyönlü mətbuat son vaxtlar ona geniş yer verir. Özündə bir çox sualların lal cavabını daşıyır. Onu çox danışdırmaqla hərə özünə lazım olanı qoparmaq istəyir. Mənimlə "düz üzünə" danışa bildimi, bilmədimi onu bilənlər biləcək. Bilməyənlər, deyim ki, ən azından sətirlərdə həqiqət bildiklərimi saxladım ki, siz də biləsiniz...

- Əli müəllim, siz yaddaşlarda keçmişinizlə qalan fiqursunuz. Sizi insanlar Baş prokuror kimi tanıdı, indi də belə tanıyır. Keçmiş Baş prokuror olmaq necə hissdir?

- Əslində, insanlar məni Xocalı faciəsinin istintaqı zamanı məsul katib kimi tanıyıblar. Bütün türk aləmi belə tanıyıb. Mənim çıxışım bütün dünyaya yayılmışdı. O zaman Ali Sovetin deputatı idim. Faciəni uzatmaq üçün bəhanə axtarırdılar. Amma mən məsul katib kimi bu faciənin başa çatması üçün bütün gücümü sərf elədim. Allah şükür ki, uzanmadı. Faciənin məruzəçisi də Milli Məclisdə mən oldum. 1993-cü ildə müsahibə birbaşa efirə getdi. Baş prokuror olmağımda da əsas səbəb oradakı fikirlərim oldu. Heydər Əliyevin özü dedi ki, Əli Ömərovun məqalələri Naxçıvanda əl-əl gəzir. Xocalı faciəsində kimin təqsiri olduğunu mən açdım. Baş prokuror olmağımın da səbəbi bu hadisə oldu. 1993-cü ildə Heydər Əliyev dəvət etdi və məni Baş prokuror təyin etdi.

- Yaxşı, bəs siz bu gün də Baş prokuror olsaydınız, mənə belə rahat müsahibə verəcəkdiniz?

- Mən heç vaxt mətbuatdan qaçmamışam. Və Baş prokuror olanda da rahat müsahibə verdiyimin canlı şahidləri var. "Femida" qəzeti məndən dəfələrlə müsahibə alıb. Hətta mən Baş prokuror ola-ola Daxili İşlər nazirinə cinayət işi açmışdım. "Femida" qəzetinin verdiyi məlumat əsasında Müdafiə naziri Məmmədrəfi Məmmədova cinayət işi başlamışam. Bu, Azərbaycan tarixində görünməyən haldır. Sovet dövründə Baş prokuror Daxili İşlər naziri kürsüsündə oturan şəxsə vəzifədə ola-ola cinayət işi başlayır.

-İnanmıram ki, bu, sizin təşəbbüsünüz olub...

-Bir başa mənim təşəbbüsüm idi. Kimin təşəbbüsü ola bilərdi ki?! Hətta mən bu barədə Prezidentə təqdimat verdim ki: "xahiş edirəm, Vaqif Novruzovu vəzifədən azad edəsiniz. Onun haqqında mən cinayət işi başladacam". Prezidentlə mənim aramda olanları sizə nöqtə - vergüllə deyə bilmərəm təbii ki.

- Bəlkə, siz aldığınız göstərişi icra etmisiz?

-Xeyr, əksinə Heydər Əliyevin böyüklüyü onda idi ki, mən işlədiyim dövrdə bir dəfə də olsa mənə göstəriş verməyib. Deməyib ki, bu məsələni belə həll elə. O həmişə mənə "özün necə bilirsən, qanun necə tələb edirsə, elə də hərəkət et" deyib. Mən də bu müstəqilliyi Heydər Əliyevdən aldığıma görə, özbaşıma cinayət işi də açmışam, xətm də etmişəm.

- Yaxşı, bəs niyə vəzifədə əyləşənlər bu gün mətbuatdan qaçır? Bizim mətbuata müsahibə vermək təhlükəlidir, yoxsa "prestij" sayılmır?

- Vəzifədə işləyəndə elə işləməlisən ki, vəzifədən çıxanda da hörmətlə qarşılanasan. Bu gün məni görəndə hamı deyir ki, biz səni hələ də prokuror kimi görürük. Çünki mən vəzifədə olanda xalqımın əleyhinə pis heç nə etməmişəm.

- Mümkündür ki, vəzifədə işləyəsən və səni sevələr?

- Mümkündür. Mənim vəzifəm elə idi ki, insanları tuturdum. Amma tutduğum insanlarla oturub söhbət etmişəm. Demişəm: "Mənim yerimdə siz əyləşin, sizin yerinizdə mən. Bu hərəkətinizə görə mənə kömək edərdiniz?" Cavab almışam ki, "xeyr". Vəzifədə işləyəndə əgər həqiqi işləyirsənsə, xalqın hörmətini qazanacaqsan. Mən də bir çoxlarına zəng edirəm, telefona cavab vermirlər. Mən də başa düşmürəm ki, bu vəzifəli şəxslər cavab verməkdən niyə qaçırlar? Amma mən Baş prokuror olanda hamının telefonuna cavab verirdim.

- Deyirsiz, H. Əliyevlə münasibətləriniz çox yaxşı olub, bu gün də onun böyüklüyünü hiss edirsiz. Niyə sizin müsahibələriniz yalnız müxalifət qəzetlərində dərc edilir. Heydər Əliyevin siyasətini dəstəkləyən iqtidaryönümlü qəzetlərdə sizə yer verilmir? Axı, siz 91-lərdənsiniz...

- Bəli. YAP-ı əziyyətlə yaradanda mənim heç görmədiyim adamlar indi çıxıb Yeni Azərbaycan Partiyasının görkəmli simaları olublar. YAP-ı yaradanlar və o cümlədən 91-lərin əksəriyyəti bu dəqiqə kölgədədir. Bu da əslində, Heydər Əliyevə əks olan siyasətdir, Heydər Əliyevçiləri küsdürməkdir. Bu siyasətin arxasında kim durur onu deyə bilmərəm. İqtidar qəzeti bir dəfə də olsun mənə müsahibə üçün müraciət etməyib. Mən də onları saymıram. Onlar mənimlə maraqlanmırsa, mən onlara müsahibə vermərəm də. Onlar bilirlər ki, hər şeyin doğrusunu deyəcəm. Yaltaq cavablar verməyəcəm. "Qurani- Kərim"də də var bu ayə: Yaltaqlıq edən insan birbaşa cəhənnəmlikdir.

- Siz indi nə işlə məşğulsuz? İnsanların ağlına iki versiya gəlir: ya vəzifədə çox pul yığmısız, bu günə kimi sizə çatıb, ya da sizi kimsə maliyyələşdirir. Bunlardan hansıdır?

- Heç biri. İndiyə qədər Sovet dövründə aldığım evləri satmaqla dolanırdım. İndi isə dövlətdən 1700 manat təqaüd alıram. 18 il stajla alıram, əgər 25 il stajım olsaydı, mən 3000 manat təqaüd alardım. 25 illiyimi düzgün hesablayıb vermədilər. Axı mən prokurorluqdan zərərçəkən kimi istefa vermişəm. Məcəllədə yazılırdı ki, zərərçəkənin pozulmuş hüquqları bərpa olunmalıdır. Yəni ya mən vəzifəmə qaytarılmalıydım, ya da ona bərabər bir vəzifəyə getməliydim. Eləmədilər, canları sağ olsun, incimirəm. Amma mənim stajım düzgün hesablanmayıb.

- Bu təqaüdü neçə ildir alırsız?

-5 ildir alıram, ona qədər yoldaşım həkim işləyirdi. Oğlum işləyirdi. Yaşım indi bu təqaüdü almağa imkan verir.

- Deyirisiz işləmək istəyərdim. Baş prokurordan sonra hansısa aşağı vəzifədə işləyərdiniz? Ümumiyyətlə, özünüzü hansı vəzifədə görürsüz?

-Hansı vəzifəyə qoysalar, öhdəsindən gəlməyə qadir adamam.

- Baş prokurordan sonra ya Ədliyyə naziri işləmək lazımdır, ya da işləməmək lazımdır?

- Yox niyə? Baş prokurordan sonra Ədliyyə naziri də işləmək olar, Ali Məhkəmənin sədri də, Daxili İşlər naziri də.

- İnsanların sizinlə bağlı lətifələri də var, bir də şorgözlüyünüzlə bağlı fikirləri...

- Nə lətifələrdir onlar? Mən eşitməmişəm.

- Siz stolun altına girmisiz, o vaxt döyülərkən çox pis rəftar olunub sizlə... Hətta o dövrü əks etdirən filmlərin birində sizi şorgöz kimi də göstərmişdilər.

- Elmira Axundova yazıb o filmin ssenarisini, Ramiz Fətəliyev rejissorudur. Mən onlara sual da vermişəm: "Ramiz, mən sizin evdə olub çay içmişəm, Elmira xanımla öz evində təkbətək söhbət etmişəm. Məndə şorgözlük görmüsüzmü?

- Amma tarixdə bu qalır...

- Qalsın. Hər halda kişi üçün şorgözlük qəbahət deyil, qadın üçün qəbahətdir. Əgər bizim evdə mən şorgözəmsə, başqalarının evində arvadları şorgözdür. Qaldı ki, stolun altına girmək, mən sizi inandırım, o məlum basqın zamanı nə qardaşım tərpənib, nə mən. Güllələr atılanda donub qalmışdım, Allahın əmri yoxdursa, heç kim adamı öldürə bilməz. 70 güllədən biri mənə dəymədi. Hətta Şükür Rzayevin ayağına da dəymişdi. Mən necə qaça bilərdim ki, mənim sinəmə avtomatı dirədi "Malış" adlı narkoman cinayətkar. Mahirin tələbi ilə dedi ki, Heydər Əliyevə sanksiya verim. Mən orda dedim: "Güllələyin məni, mən şərəfli ölümü şərəfsiz yaşamaqdan üstün tuturam. Heydər Əliyev mənə nə edib ki, ona sanksiya verim? Güllələyirsiz güllələyin". Rövşən Cavadov gəldi, onların hamısını qovdu. Qoymadı məni öldürsünlər.

- Cavadov qardaşlarını tarix necə xatırlasa düzgün olar?

- Yəqin Cavadovlar tarixdə müsbət rolda qalmayacaqlar. Çünki insan hakimiyyət uğrunda silahlı dəstələr yaratmaz. Dövlət orqanlarına hücum eləməz. Mənimlə münasibətin pisdirsə, işdən çıxandan sonra haqq-hesab çək, amma Prokurorluq dövlətin qurumudur . Prokurorluğa hücumdan sonra dişlərində şirə qaldı, "Mart hadisələri"ni törətdilər. Özləri məhv oldular. Əgər bu hərəkətləri etməsəydilər, yəqin bu gün yaşayıb işləyərdilər. Rövşən Cavadov öldü, oğlu, atası öldü. Mahir Cavadov xaricdə yaşayır. Ailə dağıldı. Vətəndən ayrı qalmaq böyük dərddir.

- Həmişə deyirsiniz ki, sizin övladlarınız işsizdirlər. Bəyəm atanın keçmiş vəzifədə olmağı övlada mane olur?

- Mənə mane olmayıb. Baş prokuror təyin olunandan sonra İsmət Qayıbovun oğlunu tapdım, çağırıb əmrini verdim, Baş Prokurorluğa işə götürdüm. Əli Ömərov heç vaxt Azərbaycan üçün cinayətkar olmayıb. Əgər qanun pozuntum olsaydı, yəqin ki, həbs olunub, tutulardım. Prokurorluqdan çıxdığım gündən azad, rahat bu respublikada gəzirəm. Övladıma iş verməyənlər öz kölgələrindən qorxurlar. Amma mən inanmıram ki, övladlarıma iş versələr, Prezident bir söz deyər. Onun mənə qarşı düşmənçiliyi yoxdur. Bax, oğlum Nəqliyyat Nazirliyində işləyirdi. Müvəqqəti özü çıxıb. Qızım bankda işləyir. O biri oğlum özəl şirkətdə çalışır.

- Gəlin, mövzunu dəyişək. Eşitdim şer yazırsız, birini deyə bilərsiz?

- Mətbuata şeirlə çıxmamışam heç vaxt. Çünki əclaf insanlar var. Saz çalmağı ayıb bilib, lağa qoyan insanlar var.

- Niyə? Bizim dövlət adamlarımızın, deputatlarımızın əksəriyyətinin başı indi şeir yazmağa qarışıb.

- Şair Bəhmən Vətənoğlu mənim dostum idi. Onun şeirinə yazdığım nəzirəni deyirəm:

Arxa yaxşı şeydir, gücdür, qüvvətdir,
Təklik insan üçün qəmdir, möhnətdir
Həyatda hər şeyin cütü şöhrətdir,
İnsanın təkinə yazığım gəlir.

Baladır dünyada hər şeydən əziz,
Hər şeydən qiymətli, hər şeydən təmiz.
Ana balasıyla sevinir əkiz,
Balasız anaya yazığım gəlir.

Əliyəm, vurğunam günəşə, aya,
Ataya, anaya eləyin həya,
Körpə də ümidlə baxır ataya,
Atasız balaya yazığım gəlir

- Xeyli səmimi insansınız. Bəs, hansı sualı siz gözləmisiz, amma jurnalistlər indiyə kimi sizə verməyiblər?

- Mənə verilməyən suallar çoxdur. Zaman gələcək o sualları mənə verəcəklər.

- Məsələn...

- Yox, mən deməyəcəm.

- Azərbaycana indi demokratik hüquqi dövlət kimi baxırsızmı?

- Yox. Ona görə ki, vətəndaşların hüquqları pozulur, şikayətlərə baxılmır, hər bir məmur işlədiyi sahəni özününkü hesab edir. Fərmanlara məhəl qoyulmur. Demokratik dövlət odur ki, hər kəsə eyni baxılsın. Sizcə belə deyil? Mən sizə sual verirəm.

- Təbii, əgər fərmanlar icra olunmursa, idarəçilikdə problem olar.

- Mən prokuror olanda bütün qəzetləri alırdım. Hansı kriminal barədə yazı olurdusa, onu yoxlayırdım. İndi qəzetlər bütün günü cinayətdən yazır. Nəticə varmı? Oğlu ölən qatil axtarır. General ölür, jurnalist ölür, açan varmı?

- Amma nədənsə sizi gücsüz, zəif məmur kimi təqdim edirlər...

- Onu heç kim deyə bilməz. Hamı mənə deyir ki səndən sonra prokurorluq yox səviyyəsindədir. Mən prokuror olanda Şəhər Yol Polisini tutdum, Daxili İşlər, Müdafiə nazirinə cinayət işi başlatdım. Kim deyə bilər ki cəsarətsizəm? İndi Prezidentin sərəncamı ilə təyin olunan adama Baş Prokuror cinayət işi başlada bilər? Lap adi bir polis işçisi olsun. İndi cəsarət hardadır? Bu cür məni istəməyənlər danışır. Mən istəməyənlər isə kifayət qədər çoxdur.

İradə İsaq
AzNews.az
image description