Qafqaz Müsəlmanlar İdarəsi qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlara tövsiyə verib. Qafqaz Müsəlmanlar İdarəsi qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlara tövsiyə verib.

Qurban necə kəsilməlidir? - QMİ-dən tövsiyə

Qafqaz Müsəlmanlar İdarəsi qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlara tövsiyə verib.


AzNews.az-ın QMİ-nin saytına istinadən məlumatına görə, tövsiyədə deyilir ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir: "Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. 7-dək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib.

Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən 3 hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin, üç hissəyə bölünməlidir".

Bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmaq, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır: "Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kəsilərkən "Bismillahi və billahi vəllahu əkbər" deyilməlidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun. Hədisi-şərifdə Həzrət Peyğəmbər (s) buyurur: "Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətinin yaxşılaşmasından ötrü qərar verib. Onlara bu ətdən yedirdin".
Tövsiyə edilir ki, bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Həmçinin, tövsiyədə qeyd edilib ki, insanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və dualarının Allah-Təala yanında savab əməllərdən olduğu da vurğulanıb.