Makronun paylaşımı Əl-Cəzair xalqını qəzəbləndirdi

Fransa prezidenti Emmanuel Makronun sosial şəbəkədə etdiyi açıqlama Əl-Cəzair xalqının qəzəbinə səbəb olub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Makron bu həftə Əl-Cəzairə getdiyi rəsmi səfərdə ölkədəki insanların həsas olduğu mövzuya toxunub.

Makron "Twitter" hesabından etdiyi açıqlamada “Keçmişimizlə üzləşmək, kökü nə olursa olsun Əl-Cəzairdə doğulanların geri dönüş yolunu tapması mənasına gəlir” deyib.

Makronun paylaşımı müstəqillik müharibəsində Fransa üçün döyüşən, Harkis və Pieds Noirs olaraq tanınan iki qrupun Əl-Cəzairə dönmələrinə icazə verilməsi üçün edilən bir çağırış olaraq şərh olunub.

Fransa üçün döyüşüblər

Harki 1954-1962-ci illər arasında Əl-Cəzairin Fransaya qarşı etdiyi müstəqillik müharibəsində Fransız ordusu yanında yer alan minlərcə əl-Cəzairlini təsvir etmək üçün istifadə edilən termindir.

O vaxtdan etibarən xain kimi tanınan, satqın mənasına gələn Harkilərin böyük hissəsi ailələri ilə birlikdə Fransaya həmişəlik köçüb.

Yaşlı nəsillər bir neçə dəfə öz ölkələrinə qayıtmaq istədiklərini bildirib və Fransa hökumətindən bu barədə kömək etmələrini istədiklərini ifadə ediblər.

Pieds Noirs isə əsrlər boyu Əl-Cəzairdə yaşayan, ancaq ölkəni müstəmləkə hakimiyyəti ilə tərk edən avropalılardır.