Pişiyi divara, bax, belə dırmaşdırarlar, İsmayılov, həm də Feysbukdakı divarına! Pişiyi divara, bax, belə dırmaşdırarlar, İsmayılov, həm də Feysbukdakı divarına!

Aslan İsmayılov Taleh Şahsuvarlı ilə debata çıxmaqdan niyə qorxur? - "Reytinq" qəzetinin şərhi

Pişiyi divara, bax, belə dırmaşdırarlar, İsmayılov, həm də Feysbukdakı divarına!

Gözlənildiyi kimi oldu. Aslan İsmayılov onu debata dəvət edən Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı ilə qarşı-qarşıya gəlməkdən boyun qaçırdı. O, bu barədə Facebook sosial şəbəkəsində özünə məxsus səhifədə xüsusi status yazıb, dolayısı ilə baş redaktorla debata çıxmaq istəmədiyini, yalnız iki yüksək ranqlı məmurla- Ədliyyə naziri Fikrət Məmmədovla, Prezidentin köməkçisi Əli Həsənovla polemika aparmaq istədiyini vurğulayıb. Lakin hər kəs başa düşür ki, bu, keçmiş vəkil Aslan İsmayılovun Taleh Şahsuvarlı ilə debatdan qaçmasından başqa bir şey deyil, o qədər də dərindən düşünülməmiş absurd fənddir.

Əvvəla, adları çəkilən hər iki şəxs Azərbaycan hakimiyyətinin ierarxiyasında kifayət qədər yüksək post tuturlar, prezident İlham Əliyevin komandasında konkret funksionallığı olan portfel sahibləridir.

Aslan İsmayılov “komanda” anlayışı ilə hərəkət etmədiyindən, eyni zamanda, Taleh Şahsuvarlının israrlı debat təklifləri qarşısında düşdüyü aciz situsiyanı pərdələmək üçün ağlabatan, inandırıcı arqumentlər tapmağa çətinlik çəkdiyindən nəzərdən qaçırır ki, istər adı çəkilən, istərsə də adı çəkilməyən hər hansı yüksək ranqlı məmurların teledebata çıxması üçün iqtidarın ümumi razılığı olmalıdır. Bunu dövlət etikası, siyasi institutlaşma və ümumi ictimai maraqlar tələb edir və sözün düzü, dünyanın hər yerində qayda belədir.

Obyektivlik naminə qeyd edək ki, hakim siyasi qüvvə heç zaman siyasi müzakirələrdən qaçmayıb. ANS-in məşhur “Nəzər nöqtəsi” verilişinin yayımlandığı zamanlardan ta bugünəcən hakim partiyanın ən müxtəlif tanınmış üzvləri və fəal tərəfdarları müxalifət nümayəndələri ilə cəmiyyətin gözü önündə fikir mübadiləsi aparıblar, elə indi də aparırlar. Elə bu yaxınlarda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun AXCP sədri Əli Kərimlinin internet televiziyalarında səsləndirdiyi fikirlərlə bağlı son dərəcə əhatəli cavab məqaləsi ilə çıxış etməsi, həmin məqalənin cəmiyyətdə geniş müzakirə olunması da hakimiyyətin polemikalardan çəkinmədiyinin isbatıdır. Azərbaycan hakimiyyətinin AXCP sədri Əli Kərimlini, Müsavat Partiyasının başqanı Arif Hacılını, ADP sədri Sərdar Cəlaloğlunu, hətta VİP sədri Əli Əliyevi opponent statusunda görməsi təbii və başadüşüləndir, axı onlar öz müxalifliklərini gizlətmir, siyasi proseslərdə hakimiyyəti dəyişmək əzmində olduqlarını açıq vurğulayır, prezident seçkilərində birbaşa və ya dolayı şəkildə dövlət başçısı İlham Əliyevə rəqib kimi iştirak edirlər. Qardaş Türkiyənin siyasi gündəminə baxsaq, orada İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olmaq üçün yarışan namizədlərin - Binəli Yıldırım və Əkrəm İmamoğlunun debatının təşkil olunması müzakirə mövzusudur. Yıldırım və İmamoğlu arasında debatın baş tutması siyasi ənənələrə və etikaya uyğundur, onlar eyni post uğrunda mübarizə aparırlar. Bəs, Aslan İsmayılovu niyə, hansı səbəbdən Azərbaycan iqtidarı opponent olaraq qəbul etməlidir? Onun “mövcud hakimiyyətə qarşı müxalifətdəyəm”,- deməyə belə cürəti çatmır, hər hansı əks ideoloji cərəyanı təmsil etmir, alternativ siyasət platformasında qərar tutmur. Elə bu səbəbdən də onun nəinki hakimiyyət təmsilçilərini, hətta müxalifət partiyalarının sədr və funksionerlərini debata çağırması patoloji kompleks səciyyəsi daşıyır.

Əslində, Aslan İsmaylıovla debata çıxmaq heç Taleh Şahsuvarlının da sosial statusu üçün cəlbedici deyil. Azərbaycanın ictimai-siyasi sektorunun bütün obyektiv nümayəndələri təsdiq edə bilər ki, Aznews.az saytının baş redaktoru hakimiyyətə yaxın əsas media sturukturlarından birinə rəhbərlik edən şəxs olaraq kifayət qədər uğurlu media kapitanı, yaxşı siyasi təhlilçi və savadlı ictimai fəaldır. Eyni zamanda iki dəfə parlament seçkilərində iştirak etdiyindən onu sıradan bir jurnalist də hesab etmək olmaz. Taleh Şahsuvarlıdan fərqli olaraq, Aslan İsmayılov öz ixtisas və peşə fəaliyyəti sahəsində olduqca uğursuz tipdir. Azərbaycanda hakim olmaq üçün yetərli bal toplaya bilməyən Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunub, Prezident Administrasiyasından mərhum prezident Heydər Əliyevə qarşı intriqalara qarışdığı üçün qovulub, Baş prokurorluqda çalışdığı zaman vəzifə hərisliyinin güdazına gedib. Onun indiki hakimiyyətə, hakimiyyətin ayrı-ayrı təmsilçilərinə, o cümlədən mediada fəal dəstəkçilərinə qarşı aqressiyasının kökündə ictimai-siyasi məsuliyyət deyil, şəxsi tamahı, kreslo aludəçiliyi və əlbəttə, kənardan idarə olunmaq vərdişi dayanır. Belə bir adamın isə onun bioqrafiyasını araşdırmış və silsilə yazılara çevirmiş Taleh Şahsuvarlı ilə debata çıxmaqdan, necə deyərlər, dabanına tüpürərək qaçmaqdan başqa çarəsi yoxdur. Hərçənd baş redaktor onu cəmiyyət önündə müzakirəyə dəvət etməkdə haqlıdır. Haqlıdır ona görə ki, Aslan İsmayılov Taleh Şahsuvarlının onun haqqında yazdığı sərrast və kəskin yazılara dözümsüz yanaşır, təhqir və böhtana əl atır, şəxsi və işgüzar nüfuzuna xələl gətirmək üçün hədyanlar yağdırır, üstəlik, jurnalist fəaliyyətinə mane olmaq üçün məhkəmə ilə hədələyir. Taleh Şashuvarlı isə Aslan İsmayılova, özünün sözləri ilə desək, “Hodri, meydan”,- deyir, “öz bioqrafiyana və mövqeyinə əminsənsə, qarşıma çıx, hər kəsin izləyəcəyi bir şəkildə müdafiə etdiyim hakimiyyət barədə, mənim haqqımda dediklərini subut et, mən sənin haqqında dediklərimi isbat etməyə hazıram”,- mesajı verir, bunun üçün özündən qat-qat aşağı səviyyəli, uğursuz və psixoloji təbəddülatlar içində vurnuxan biri ilə debata çıxmağın mənəvi əziyyətindən belə çəkinmir. Aslan İsmayılov isə özünü hətta Taleh Şahsuvarlıdan da yaxşı tanıdığından, çıxdığı hoqqaları hər kəsdən yaxşı bildiyindən nəinki çəkinir, hətta qorxur. Qorxur yox eyy, lap üyüdür! Pişiyi divara, bax, belə dırmaşdırarlar, İsmayılov, həm də Feysbukdakı divarına! (reyting.az)

AzNews.az