Qalaya müzəffər dönüşün qısa icmalı Qalaya müzəffər dönüşün qısa icmalı

İlham Əliyev Şuşada zamanı necə tarixə və gələcəyə çevirdi? - Taleh Şahsuvarlı yazır

Qalaya müzəffər dönüşün qısa icmalı

8 may 1992-ci ildə Azərbaycan öz tarixinin ən böyük ikinci utancını yaşadı.

Səfəvilər imperiyasının paytaxtı olan İsfahan şəhəri 1722-ci ildə Mir Mahmud Hötəki tərəfindən ələ keçiriləndən və Şah Hüseyn əcdadı I İsmayıldan aldığı şanlı tacı öz əlləri ilə onun başına qoyduqdan sonra xalqımız belə bir rüsvayçılığa şahid olmamışdı.

Tarix, əlbəttə, çoxsaylı qanlı savaşlar, qələbələr, məğlubiyyətlər, qənimətlər və itkilər deməkdir. Ancaq elə torpaqlar və şəhərlər var ki, sadəcə, bir xalqın müqəddaratını deyil, tarixin seyrini dəyişmək qüdrətindədir.

Şuşa Azərbaycan üçün, tarix üçün məhz belə bir qüdrətə malik şəhərdir.

Əgər 1797- ci ilin yayında Ağa Məhəmməd Şah Qacar Şuşada sui-qəsdə məruz qalaraq öldürülməsəydi, Çar Rusiyası Qafqazı sürətlə işğal edə bilməyəcək, nəticədə Qarabağın dağlıq ərazilərinə fərqli məmləkətlərdən ermənilərin köçürülməsisi də bəlkə də heç zaman baş verməyəcək, bölgədə etnik zəmində münaqişə perspektivi olmayacaqdı.

Düzdür, tarix “əgər"lə başlayan cümlələri sevmir, fəqət Şuşa şərtsiz və şübhəsiz Azərbaycan coğrafiyasının və azərbaycanlı məfkurəsinin müqəddəs qalasıdır.

O müqəddəs qalanı işğal etmək üçün erməni generalı Arkadi Ter-Tadevosyan hazırladığı “Dağlarda toy” əməliyyatını həyata keçirmək üçün 8 may 1992-ci ildə hücum əmri imzalayır.

Bircə gün əvvəl öz gündəlik məişət qayğıları ilə məşğul olan qalalılar şəhəri tərk etmək məcburiyyətində qalır, qısa çəkən natamam müqaviməti yardıqdan sonra erməni işğalçıları 9 may gecəsində şəhərə daxil olmağı bacarırlar.

Əməliyyatın rəhbəri Arkadi Ter-Tadevosyanın bioqrafiyasında bir neçə məqam var ki, “Şuşa işğal olunmaya bilərdimi” sualına cavab hazırlayır.

Birinci məqam Arkadi Ter-Tadevosyanın Bakıda Ümumqoşun Komandanları Məktəbində zabit təhsili almasıdır.

Necə olur, Tiflisdə doğulmuş bir erməni Bakıda hərbi təhsil alır, Şuşanı işğal edəcək komandir kimi formalaşır, amma bizim öz məmləkətimizdə öz içimizdən Qalanı qoruyacaq bir general yetişmir?

Odur ki, Şuşanın işğala məruz qalmasında ilk növbədə TARİXİ-SİYASİ səbəblər axtarmaq lazımdır. Bu tarixi-siyasi səbəblərin kökü Heydər Əliyevdən sonra sovet Azərbaycanına rəhbərlik etmiş şəxslərin milli heysiyyatsızlığına dayanır. Bu cür komandirləri, zabitləri, generalları onlar yetişdirməli, torpaqlarımızın müdafiəsinə cəlb etməli idilər. Xüsusən də Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun milli ordu quruculuğuna neqativ yanaşması torpaqlarımızın ard-arda işğal edilməsinə ciddi “töhfə”lər verib. Budur, 13 iyul 1991-ci ildə podpolkovnik Feliks Qzoqlyan ilə birgə Ermənistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi kimi Qarabağa ezam olunan polkovnik Ter-Tadevosyan heç bir il çəkmədən Şuşanı işğal edəcək qruplar hazırlayır, əlaqələr qurur. Lakin 2 ildən artıq bir müddətdə Azərbaycana rəhbərlik edən Mütəllibov Xocalını, Şuşanı, Laçını və digər ərazilərimizi qoruyacaq hərbi qüvvənin nüvəsini formalaşdıra bilmir.

Şuşanın işğalına görə, HÜQUQİ-SİYASİ məsuliyyət birmənalı olaraq Azərbaycan parlamentinin keçmiş spikeri, o dövrdə prezident vəzifəsini icra edən Yaqub Məmmədovun üzərindədir. 1992-ci ilin əvvəllərində bu adamın Elmira Qafarovanın meydanların tələbi ilə istefa verməsindən və bir gün sonra Ayaz Mütəllibovun da prezident kürsüsündən getməsindən sonra birdən-birə siyasi olimpin zirvəsinə qalxmasındakı müəmma hələ də açılmayıb. Ancaq açılan bir həqiqət var: ermənilər Şuşa əməliyyatına başlamaq ərəfəsində olarkən Yaqub Məmmədov Tehranda İranın vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparırdı və Ermənistan rəhbəri "danışıq"lara Şuşaya hücum əməliyyatına razılıq verib gəlmişdi...

Arxasını o dövrdə Azərbaycan prezidentinin Fövqəladə səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini vəzifəsi tutan Əlisaab Orucovdan dinləyək:

“Mayın 7-də saat 16 radələrində Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Şahin Musayev Elbrus Orucova zəng vuraraq bildirir ki, mayın 8-də Qırmızı Xaç Komitəsinin və ATƏT-in nümayəndələri Şuşaya gələcək. Ona görə də Şuşa-Xankəndi, Kərkicahan-Şuşa yolunu minalardan təmizləmək və birinci mövqedə olan hərbi hissələri, texnikanı geri çəkmək lazımdır. Həmin əmrin yerinə yetirilməsi nəticəsində erməni silahlı birləşmələri şəhərə maneəsiz girməklə yanaşı, ön mövqelərdə qalan əsgərlərimizi də xüsusi amansızlıqla qətlə yetirmişlər. Bundan dəhşətli xəyanətkarlıq ola bilərmi?"

Əlisaab Orucov daha sonra deyir:

"Məhkəməyə təqdim olunan istintaq sənədləri arasında Yaqub Məmmədovun Tehran səfəri zamanı Dağlıq Qarabağa humanitar dəhliz açılması ilə bağlı çox böyük əhəmiyyət kəsb edən bir sənəd də var. Mənim fikrimcə həmin sənəd Yaqub Məmmədovun səriştəsizliyi və aldadılması nəticəsində meydana gəlmişdir ki, bu memorandumun imzalanmasından dərhal sonra Ermənistan silahlı qüvvələri hücuma başlamışlar. Bu sənəd Ermənistana müəyyən siyasi dividendlər vermişdi".

Öz sözləri ilə desək, böyük oyunun aciz piyadası olmaqdan uzağa gedə bilməyən Y. Məmmədovun üzərinə daşıya bilməyəcək vəzifə yükləri götürməsi Şuşanın qala divarlarından 28 il davam edəcək işğal boyunduruğu asacaqdı.

Şuşanın erməni tapdağı altına düşməsinin HƏRBİ-SİYASİ məsuliyyəti isə, heç şübhəsiz, dövrün siyasi proseslərinin mərkəzində dayanan, faktiki olaraq iqtidardakı keçmiş sovet nomenklaturasından daha ciddi təsirlərə malik olan, xeyli sayda hərbi birləşmələr yaratmış, o cümlədən qeyri-hərbiçi Müdafiə naziri Rəhim Qazıyevin bir nümayəndəsi olduğu Azərbaycan Xalq Cəbhəsi daşıyır. "Nizami ordu yox idi, silah-sursat çatışmırdı, camaat qaçırdı, əsgərlər vuruşmurdu" kimi bəhanələrlə bu məsuliyyəti yumşaltmaq, Şuşanın işğalını “qaçılmaz hala” çevirmək əbəs cəhdlərdir. Sadəcə, bir faktı yada salmaq lazımdır ki, düşmən qarşısında faktiki olaraq taleyin ümidinə buraxılmalarına rəğmən, bizim əsgərlər Şuşaya bayraq sancmaq üçün görəvləndirilmiş 422 saylı erməni tankını ekipajı ilə birgə məhv etmişdilər.

Demək ki, Şuşanı işğala məruz qoyan ən mühüm faktorlardan biri ilk növbədə elə Bakıda AXC-nin xüsusi iştirakçısı olduğu hakimiyyət uğrunda mübarizə idi. Məhz bu "mübarizə" nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaranmış, iqtidar, o cümlədən Müdafə nazirliyi tam təsadüfi adamların əlinə keçmişdi. O təsadüfi adamlar 1992-ci ilin may ayında Bakıda hakimiyyətə gəlməklərinin təntənəsini yaşayanda, tadevosyanlar, köçəryanlar, sərkisyanlar, balayanlar, martirosyanlar torpaqlarımıza təcavüz aktını dağlarda toy mərasiminə çevirməkdə idilər. Şuşanın işğalı Qarabağda bic bir rejimin meydana gəlməsi üçün atılan ilk addım idi.

Hər kəsə yaxşı məlumdur ki, Xankəndi Şuşanın ayaqları altındadır. Şuşa Azərbaycanın nəzarətində olduğu halda, orada seperatçı hərbi xuntanın özünü “müstəqil dövlət” kimi qələmə verməsi mümkün deyildi. Odur ki, Qalanın yenilməsi, ilk növbədə, Xankəndinin seperatizmin mərkəzinə çevrilməsinə rəvac verdi.

İkincisi, Ermənistanla Şuşanın arasında mühasirədə qalan Laçının işğal edilməsi üçün düşmən hərbi baxımdan əlverişli fürsətlər əldə etdi. Ermənilər bu məqsədlərinə də çatdıqdan sonra Xankəndi ilə İrəvan arasında dəhliz açdılar, keçmiş DQVM ilə Ermənistanı faktiki olaraq birləşdirdilər.

Nəhayət, Azərbaycan xalqının tarixi yaddaşında “alınmaz qala” kimi iz buraxan Şuşanın ermənilərin əlinə keçməsi işğal silsiləsini davam etdirmək üçün düşmənə psixoloji dəstək verdi.

Gizlətməyin adı yoxdur, Şuşa tarixin sevmədiyi təsadüfi adamların ucbatından itirilmişdi. Şuşanın azadlığa qovuşması üçün Azərbaycana tarixin sevəcəyi, öyəcəyi, qürur duya biləcəyi bir lider lazım idi. Ruhunu düşmənə heç zaman təslim etməmiş Qalaya bir daha bayraq sancmaq üçün genetik çağırışların zənginləşdirdiyi lider xarizmasına, dərin milli şüura və intellektə, son dərəcə peşəkar vərdişlərə malik bir sərkərdə çıxmalı idi tarix səhnəsinə.

O sərkərdə Azərbaycan prezidenti İlham Əliyev ola bilərdi və məhz o oldu!

Azərbaycanın Ali Baş Komandanı öz ordusu ilə birgə dünya hərb tarixində misli görünməmiş bir cəng səhifəsi açaraq “Qarabağ Azərbaycandır” nidasının altına məhz Şuşada imza qoydu.

“Şuşa kimdədirsə, Qarabağ da onundur”!- Vətən savaşından qayıtdıqdan sonra xarici hərbi ekspertlərdən birinin dilindən eşitdiyim bu gerçəklik post-müharibə dövrününün prosesləri fonunda öz məğzini daha aydın ortaya qoyur. “Şuşanı azad etməsəydik, bizim işimiz yarımçıq qalardı” deyən Ali Baş Komandan İlham Əliyevin Xankəndi və ətrafında qalmış hərbi xunta tör-töküntülərinin qısa zamanda kökünü qazıyacağı da elə buradan bəlli olur.

Fəlsəfi yanaşsaq, Şuşa varlığının son 28 ilini zaman kimi keçirmişdi, amma o zaman tarixə çevrilməmişdi.

Bəli, İlham Əliyev Şuşaya tarixi, tarixə isə Şuşanı qaytardı8 rəqəminin sakral kodlarını Azərbaycan üçün dəyişməyi bacardı.

Dəyişən isə, daha çox alt şüurla bağlı olan sakral kodlar deyil, eyni zamanda, rasional azərbaycanlı baxışı üçün şərtlərdir. Liderlər üçün gücü şərtləri dəyişə bilmək məharəti yaradır.

Diqqət edin, hazırda dövlət başçısı Şuşaya tamamilə yeni yol çəkdirir və çəkilən bu yol təkcə yaxın keçmişin acı təcrübəsindən də gördüyümüz kimi, bizi çıxılmaz vəziyyətdə qoymuş köhnə kommunikasiya vasitələrinə qarşı altrnativ lojistika layihəsi deyil, eyni zamanda, tarixi tərəqqi və Azərbaycan arealının bərpası üçün yeni magistraldır.

Ötən ilin 8 noyabrına qədər bütün yollar Şuşaya aparırdısa, 8 noyabrdan sonra bütün yollar Şuşadan başlayır!

Şanlı tarix həm də böyük gələcək deməkdir!

Taleh ŞAHSUVARLI