Ermənistan 1918-ci ildən bəri ilk dəfə Azərbaycandan asılı vəziyyətə düşüb Ermənistan 1918-ci ildən bəri ilk dəfə Azərbaycandan asılı vəziyyətə düşüb

İlham Əliyev və tarixin sınan çərçivələri – Taleh Şahsuvarlı yazır

Ermənistan 1918-ci ildən bəri ilk dəfə Azərbaycandan asılı vəziyyətə düşüb

Əminəm ki, məndən daha yaşlı və təcrübəli həmkarlarım 1999-cu ilin 18-19 noyabr tarixlərində qardaş Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in XX əsrdəki son zirvə toplantısını çox yaxşı xatırlayırlar. O zaman bu sətirlərin müəllifi 22 yaşlı gənc müxbir idi, siyasi prosesləri gənclik marağı və emosiyası ilə izləsə də, hadisələrə dolğun qiymət imkanlarından məhrumdu. Bütün ölkənin diqqəti İstanbul sammitinə cəmlənmişdi. Sammit günlərində ABŞ-ın o zamankı prezidenti Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan neft kəməri haqqında tarixi saziş və Transxəzər qaz kəməri haqqında sənəd imzalanmış, yeni əsrdə yeni Azərbaycanın iqtisadi və siyasi viziya açılışı gerçəkləşmişdi.

Ermənistanda keçirilən son parlament seçkilərindəki siyasi polemikalar zamanı erməni diplomatiyasının İstanbul sammitində böyük məğlubiyyətə uğraması barədə rəylər səsləndiyindən, bu barədə qısa bir icmal hazırlamaq üçün sözügedən zirvə toplantısı ilə bağlı materiallarla tanış oldum. Bütün səmimiyyətimlə deyirəm: Ulu Öndər Heydər Əliyevin bir tarixi şəxsiyyət və yeni dövrdə müstəqil Azərbaycan dövlətçiliyinin banisi kimi nəhəngliyinə, siyasi dühasına, Azərbaycanı yerlə-yeksan etmək üçün üstümüzə gələn geopolitik dalğaların qarşısında nə qədər böyük səbr, cəsarət, iradə və vətən yanğısı ilə çıxdığına, de-fakto işğal altında olan torpaqlarımızı, böyük ölçüdə təklənmiş vəziyyətdə olduğumuz halda, geri qaytarmaq üçün necə böyük bir mücadilə aparmasına dönə-dönə heyran oldum. Mərhum prezident zirvə görüşündən həm öncə, həm də sonra kütləvi informasiya vasitələrinə açıqlamalar vermiş, ictimaiyyət nümayəndələri ilə geniş tərkibli görüşlər keçirmiş, Birinci Qarabağ savaşındakı yenilgimizin səbəblərini və hərbi məğlubiyyətdən doğan reallıqları cəmiyyətimizlə maksimum açıq şəkildə bölüşmüşdü. Ziyalılarla görüşdə Heydər Əliyev qədər təcrübəli və təmkinli bir şəxsiyyət 1992-ci ilin may ayında Nazirlər Kabinetində çalışan “Əzizbəyov” soyadlı hansısa bir məmura Azərbaycan Silahlı Qüvvlərinin döyüş texnikası kvotası ilə bağlı Daşkənddə imzaladılmış sənəddən az qala üsyan edərək söz açırdı.

Bizim bir xalq və dövlət olaraq o gün Heydər Əliyevin xalqa açıq-açıq söylədiyi acı gerçəklikləri dəyişməyimiz üçün tam 21 il lazım oldu. Ötən 21 ərzində dəyişən isə, nə dünyanın bizə münasibəti, nə Ermənistanın işğalçı zehniyyəti, nə də daxildəki müxalifət düşərgəsində cəmləşmiş “böyük siyasi xadimlər”lərin vərdişləri idi... Ötən onilliklərdə yalnızca Azərbaycan özü dəyişmişdi! Məhz Heydər Əliyevin atdığı təməl üzərində müstəqilliyi əbədi və dönməz olan bir qala inşa edilmiş, o qala uğrunda canını əsirgəməyəcək mühafizlər formalaşmışdı. Başqa sözlə, Azərbaycan zamanı itirməmiş, vaxtdan doğru istifadə edərək Qələbəyə hazırlaşmış və hədəfindəki Zəfər üçün resurslar formalaşdırmışdı. İndi həddən artıq geniş tərkibə və silsiləyə malik olan bu resursları bir-bir sadalamağa ehtiyac yoxdur. Sadəcə, rəhmətlik Heydər Əliyevin İstanbul sammiti öncəsi ziyalılarla görüşdə açıqladığı problemləri və bir də prezident İlham Əliyevin bu günlərdə Xocasən qəsəbəsində şəhid ailələri və əlillərlə verdiyi mesajları tutuşdurmaq kifayətdir. Demək ki, ZƏFƏR YOLU bu gün Şuşaya çəkilən, asfaltlanan, üstündən nəqliyyat vasitələrinin keçəcəyi fiziki-coğrafi bir kommunikasiya vasitəsi deyil, böyük bir mücadilənin, dövlət quruculuğunun, milli hədəflərə doğru yürüşün ismidir. Bu yürüş üçün ən başlıca resurs Azərbaycanda Heydər Əliyev ideoloji platformasının hakimiyyət dayanıqlılığıdır.

Ötən əsrin məşhur fikir adamlarından olan Karl Yaspersin olduqca maraqlı bir deyimi var: “Biz bir insanın məqsədyönlü fəaliyyətinin nəhəngliyi ilə qarşılaşanda, tarix öz çərçivələrini itririr”. Bəli, prezident, Ali Baş Komandan İlham Əliyevin öncüllüyü, sərkərdəliyi ilə Azərbaycan, sadəcə, uğurlu hərbi əməliyyat keçirərək torpaqlarımızı işğaldan azad etməyib, yeni və ən yeni tarix boyunca bir millət olaraq bizə sırınan çərçivələri sındırıb. Çar Rusiyası Qafqaza girərək Osmanlı ilə arasında bufer zona yaratmaq istəyəndə bir maşa kimi ermənilərdən istifadə olundu. Əlləri çatan yerlərdən erməniləri gətirib Qarabağa, Zəngəzura, Naxçıvana, xan qalası İrəvana və ətrafına doldurdular. Qərb imperialistləri taqətdən düşmüş Osmanlını parçalamaq istəyəndə yadlarına 451-ci ildə baş tutmuş Kalkedon kilsə məclisindən bəri rədd etdikləri “xristian qardaşları”- ermənilər düşdü. Baxdılar ki, ermənilər Anadolu torpaqlarında ən kompakt vəziyyətdə yaşadıqları yerlərdə belə, müsəlmanlardan sayca azdır, silahlandırmağa başladılar. Osmanlı saray ərkanı “ermənilərin bir dövlət qurmasına imkan yaradaq, bəlkə, düzələrlər” düşüncəsinə qapılanda, onlara bəlli bir ərazi və paytaxt verilməsini zəruri sayanda, Batum konfransında Azərbaycanın tarixi İrəvan qalası gündəmə gəldi. Bizim nümayəndə heyəti ya zəlzələdən, ya vəlvələdən nəinki dirəniş göstərə bilmədi, əksinə, bu rəyin möhkəmlənməsinə dəstək oldu, sonucda İrəvan erməni “cümhuriyyətçi”lərinə pay verildi. Azərbaycan Xalq Cümhuriyyəti yıxıldı, bolşeviklər iqtidara gəldi, Nəriman Nərimanov Zəngəzurdan erməni kommunistlərinə “inqilab ərmağanı” kimi əl çəkdi. Amma monofizit sektanın torpaq iddiaları, ərazi istəkləri yenə bitmədi. Çıxışlarının birində Ulu Öndər Heydər Əliyev maraqlı bir xatirə bölüşür. Deyir ki, 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunmalı idi, bunun üçün xüsusi komissiya yaradılmışdı. Ermənilər təklif edirdilər ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi komissiyanın gündəliyinə salınsın. Əıiyev etiraz edir, izah edir, görəndə ki, komissiya ermənilərə meyillidir, Leonid İliç Brejnevə çıxır və onun müdaxiləsindən sonra bu məsələ gündəliyə salınmır. İndi təsəvvür edirsinizmi, əgər 1977-ci ildə Heydər Əliyevin timsalında ləyaqətli və vətənpərvər bir Azərbaycan oğlunun imperiya rəhbərinə ağız açmaq imkanı olmasaydı, Qarabağ nəinki SSRİ dağılanda işğal ediləcək, elə SSRİ mövcud ola-ola əldən və həm də birdəfəlik çıxacaqdı?

Budur, bütün dünyanın hüquqi baxımdan Azərbaycan torpaqları kimi tanıdığı əraziləri 30 illik işğaldan azad etmişik, missiyası Qafqazda sülhü bərqərar etmək olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirləri isə, Şuşaya getmir. Neytrallıqlarını qorumaq indi yadlarına düşdümü? 907-ci düzəlişlə yenicə müstəqillik qazanmış, pulsuz-parasız, milyonlarla qaçqının problemləri qarşısında tək qalmış Azərbaycana maliyyə yardımını dayandıranda niyə düşmürdü ABŞ-ın yadına bu “neytrallıq”? 30 il boyunca işğalçı Ermənistanı havayı silahlandıran Rusiya, ermənilərdən ötrü az qala dünyanı dağıtmağa hazır görsənən Fransa söhbət azad Şuşaya gələndə nədən “tərəfsiz” görünmək istəsin ki? Biz bu gün 44 günlük savaşda Şuşanın sıldırım qayalıqlarına qalxan, düşmənlə əliyalın döyüşərək bizi tarixi xəcalətdən qurtaran xüsusi təyinatlı qruplardakı döyüşçülərimizlə haqlı olaraq qürur duyuruq və duyacağıq. Amma Qarabağ uğrunda, Zəngəzur uğrunda, İrəvan uğrunda ABŞ kimi, Fransa kimi, Rusiya kimi qüdrətli və imperialist dövlətlər qarşısında gənc bir respublikanın lideri kimi əliyalın görsənən, buna rəğmən, bütün varlığı ilə döyüşən və qalib gəlməyi bacaran bir sərkərdə var- İlham Əliyev! Azərbaycanla bağlı qəlibləri sındıran, şablonları dağıdan, tərəqqimizin önündə qurulmuş bəlli istehkamları darmadağın edən məhz odur, məhz onun intellekti, bacarığı, peşəkarlığı, xarakteri və bütün bunları MİLLİ DAVAnın önünə çıxaran TARİX ŞÜURUdur.

Oturuşmuş bir dövlətdə siyasi lider, prezident, hökumət başçısı olmaq, müəyyən mənada, fövqəladə istedad və zəka tələb etmir. Dövlətin sərhədləri və sütunları bəllidir, cəmiyyətin sosial strukturu hazırdır, siyasi mexanizmlər işləkdir. Bir siyasi partiya nümayəndəsi namizəd kimi önə çıxır, seçkilərdə beş-on mövzu ətrafında gündəm yaradır, ya udur, ya uduzur. Məğlub bir cəmiyyəti qələbəyə hazırlamaq, nizamsız və məğlub bir ordunu yenidən qurmaq, kapital yığımına girişmiş bir toplumda dövlət təşkilatı ərsəyə gətirmək, sonra o xalqın, o ordunun, o dövlətin önündə savaşa girmək, savaşı udmaq və düşmənin bütün gələcəyini özündən asılı vəziyyətə salmaq, üstəlik, təkcə öz mənsub olduğu xalqı deyil, düşməni də bəzən hədə ilə, bəzən şirnikləndirməklə sülhə və əməkdaşlığa hazırlamaq isə fövqəladə ağıl, fövqəladə bacarıq, fövqəladə liderlik keyfiyyətləri tələb edir. 44 günlük müharibədən öncə Prezident Əliyevi aktiv şəkildə həm dəstəkləyən, həm də dəstəkləməyən xeyli adamın dilindən eşitmişəm: “İlhamı yenidən kəşf etdik”!

Uzun illərdir prezident Əliyevi müdafiə edən şəxs kimi bunu mən də deyirəm. 44 günlük savaş zamanı Azərbaycan ordusunun qələbə xəbərləri qulağımıza çatdıqca, mənim zabit olduğum və Ağdamda yerləşən bölmədə də uşaqlar ruhlanır, “biz də hücuma keçək” deyə həmləyə can atırdılar. Bir gizirimiz vardı, əşya çantasında gəzdirdiyi bayrağı Ağdam məscidinə sancmaq üçün yaxşı mənada sinov gedir və deyirdi: “Mən məhz bu bayrağı asandan sonra öləcəm”! Əvvəl-əvvəl mənə elə gəlirdi ki, onun dedikləri ölüm qorxusunun pozitiv bir dillə ifadə edilməsidir. Odur ki, psixoloji dəstək verməyə çalışır, “narahat olma, həm bayrağı asacaq, həm də sağ qalacaqsan” deyir, amma bir zabit kimi başa düşürdüm ki, Ağdama hücum əməliyyatı, içi mən qarışıq,on minlərlə hərbiçiyə şəhidlik vəd edir. Həmin gizirlə söhbətdə mən bir şeyi anladım. Anladım ki, hücum əmri alan və gözləyən hər bir döyüşçünün alt şüurunda Ali Baş Komandanla heç cür izah edilə bilməyəcək bir mənəvi-emosional bağ var. Ölüm xəbəri dövlət başçısına statistik döyüş itkisi kimi çatdırılacaq insanların bu inamı gerçək bir liderin ekstermal vəziyyətdə yaratdığı və ordusunun şəxsi heyətinin alt şüuruna qədər hopdurduğu güvəncə idi.

Bəli, itkilərin miqyasının dəfələrlə artmaq ehtimalına rəğmən, bizim ordumuz Xankəndinə girməyə qadir idi və girə bilərdi. Şuşanı götürüb Xankəndini quşatanın hədəfinə çevirəndən, Laçın dəhlizini atəş nəzarətinə götürəndən sonra sırf hərbi baxımdan buna bir maneə yox idi. Amma Xankəndi və Ağdərənin götürülməsinə yüz illərdir “genosid” deyib bıldır-bıldır göz yaşı tökən bir millətə qarşı “etnik təmizləmə” donu geyindiriləcəkdi. Prezident düz deyir, haqlı deyir, bütün mümkün variantları hesablayıb deyir: “Biz dayanmalı olduğumuz məqamda dayandıq”! Qələbə eyforiyasına uymayıb əldə etdiyimiz tarixi zəfəri ABŞ-dan, Rusiyadan, Fransadan qorumaq üçün ən optimal və uduşlu yolu seçdik. Nəticədə, Ağdamı, Kəlbəcəri, Laçını döyüşsüz qaytardılar, Xankəndində də Azərbaycan bayrağının dalğalanması bundan sonra heç beş il cəkəcək deyil. Prezident İlham Əliyev geriyə dönüşü olmayan bir proses yaradıb- Ermənistan bütün hamilərinə, qəyyumlarına rəğmən, 1918-ci ildən bəri ilk dəfə olaraq Azərbaycandan asılı vəziyyətə düşüb. Bu asılılığın dərəcəsini azaltmaq üçün ermənilər əllərindən nə gəlir edirlər və edəcəklər. Onlar sıradan bir düşmən deyil, yüz illərdir türkə qarşı təşkilatlanmış, bizim bütün zəif nöqtələrimizi bilən, istənilən düşmənimizlə işbirliyinə hazır mütəşəkkil kilsə icması və terror çətəsidirlər. Vaxtilə Zəngəzurda soydaşlarımıza divan tutan Njde Qaragin bolşevik istilasından sonra Bakıda həbsxanada yatıb və ölkədən sağ gedib. Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski isə, Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Fərqi görürsünüzmü?

Vətən savaşından döndükdən sonra hər gün saatlarla vaxt sərf edib sosial şəbəkələrdə və internet mediasında “Google”nin yaratdığı imkanlardan bəhrələnib həm Xankəndindəki, həm də İrəvandakı erməni fəallarını izləyirəm. “Azərbaycanın qələbəsi tam deyil, çünki Xankəndi alınmadı”, “İlham Əliyev Qarabağı azad etməyib, düzdür, ermənilərdən alıb, amma ruslara satıb, çünki rus qoşunları bölgəyə girib” və nəhayət, “nə qədər ki Xankəndində Azərbaycan bayrağı dalğalanmır, bunu qeyri-müəyyənlik kimi təqdim etmək, bu qeyri-müəyyənliyi isə statusa çevirmək lazımdır”- bütün bunlar ermənilərin Azərbaycana qarşı istifadə etdiyi əsas siyasi texnologiyalardır. Bu texnologiyaları Azərbaycan ictimai rəyinə ötürmək üçün qurulan əsas stansiyalardan biri Sevinc Mirzəyevanın youtube kanalıdır. Bu kanal Azərbaycana, Azərbaycanın tarixi zəfərinə və zəfər yolunun bayraqdarına qarşı Sevinc Mirzəyevanın şəxsi kinindən daha çox, Ermənistanın nifrətini püskürür. Əlaqələndirici isə, mənim şəxsi gümanıma görə, Leyla Yunusdur. Leyla Yunusla eyni mərkəzdən idarə olunan bir qoca var, Rusiyada yaşayır- Çingiz Hüseynov. Bu günlərdə həmin “görkəmli ziyalı”nı Mirzəyeva efirə çıxardı və Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi siyasi texnologiyaları “vətən və torpaq təəssübü” ilə birlikdə Azərbaycan ictimai rəyinə yönləndirdilər. Azərbaycan Qarabağda quruculuq və torpaqlarımıza qayıdış üçün “münaqişə vəziyyəti”ni gündəmdən çıxarmaq, Ermənistanın diqqətini Qərbi Zəngəzur məsələsinə cəmləmək və həmin məsələnin konfliktə çevriləcəyinə eyham vurmaq istədikcə, bir tərəfdən ordumuzun mövqelərinə atəş açılır, o bir tərəfdən Makronun İrəvana səfəri hazırlanır, başqa bir cinahda isə Mirzəyevalar və Hüseynovlar qələbəmizi topa tutur...

Soruşuram: bu günə qədər Mirzəyevanın efirindən ayrı-ayrı “görkəmli siyasətçilər”in, hər mövzuda saatlarla pafosla danışmağa adət eləmiş “tayı-bərabəri olmayan” analitiklərin dilindən səslənmiş hansı “təhlil” özünü doğruldub, hansı proqnoz düz çıxıb?

Gəlin, bir də Prezident Əliyevin bəyanatlarına baxaq: elan etdiyi, Azərbaycan adına qarşısına qoyduğu hansı məqsədə nail olmayıb?

Prezident Şərqi Zəngəzur iqtisadi ərazi vahidi yaradıb və deyirsə ki, Qərbi Zəngəzura da qayıdacağıq, deməli, qayıdacağıq!

Taleh ŞAHSUVARLI