Jurnalistlərin qurultayında Rəşad Məcidə hansı işlər həvalə olundu? Jurnalistlərin qurultayında Rəşad Məcidə hansı işlər həvalə olundu?

Mətbuat Şurasının yeni sədrindən gözləntilər - Taleh Şahsuvarlı yazır

Jurnalistlərin qurultayında Rəşad Məcidə hansı işlər həvalə olundu?

Dünən Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçirildi.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan mediasının ən önəmli imzalarından, avtoritetlərindən olan Rəşad Məcid böyük səs fərqi ilə Mətbuat Şuasının İdarə Heyətinin üzvü və sədri seçildi.

Bu barədə xəbər yayılandan sonra Rəşad Məcidə həm media cameəsindən, həm də cəmiyyətin fəal və vətənpərvər kəsimlərindən, ictimai vicdanın oyaq seqmentlərindən axan təbriklər seli göstərir ki, bu seçim medianın bilgi almaq haqqına xidmət etdiyi toplum tərəfindən təqdirlə qarşılanır.

Rəşad Məcidin namizədliyini Mətbuat Şurasının İdarə Heyətinə irəli sürənlər arasında AzNews.az analitık-ınformasıya portalı da var. Qurultay iştirakçısı olaraq da onun namizədliyinə böyük məmnuniyyətlə səs vermişəm.

Odur ki, Rəşad Məcidin namizəd göstərilməsi və seçilməsi ilə bağlı bir məsələni aydınlaşdırmağı özümə borc bilirəm.

Qurultaydan bir qədər öncə sosial şəbəkələrdə Mətbuat Şurasının sədri Əflatun Amaşovun postundan gedəcəyi, vəzifənin hakimiyyət tərəfindən Rəşad Məcidə həvalə olunacağı barədə məlumatlar, proqnozlar dolaşmağa başladı. Bu proqnozlar son nəticədə özünü doğruldub, yəni Rəşad Məcid artıq MŞ sədridir. Lakin hörmətli həmkarımız MŞ-a sədr təyin olunmayıb, məhz seçilib.

Əvvəla, MŞ ictimai birlikdir, dövlət strukturu deyil. Bir ictimai birliyin sədri onun üzvləri tərəfndən seçilir. Hüquqi prosedur budur.

İkincisi, Mətbuat Şurası sıradan bir ictimai birlik deyil, mətbuatın özünütənzimləmə funksiyasını həyata keçirdən, dövlət tərəfindən qəbul olunan təşkilatdır. Odur ki, bu təşkilatın sədrinin dəyişib-dəyişməməsi, əlbəttə, dövlət üçün, yumşaq desək, diqqətdən qaçırılmayacaq məsələdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov öz namizədliyini qurumun İdarə Heyətinə “ictimaiyyət nümayəndələri” kateqoriyasından irəli sürmüşdü. Bu da onu göstərirdi ki, cənab Amaşovun sədrlikdən getməsi barədə özünün qərarı, siyasi hakimiyyətin isə tövsiyyəsi var. Nəticədə Əflatun müəllim "Xalq qəzeti"nə baş redaktor təyin olundu, MŞ sədri kimi fəaliyyətinə Prezident tərəfindən yüksək qiymət verilərək diplomla təltif olundu. MŞ sədri İdarə Heyətinin ictimaiyyət nümayəndələr üzrə kvotasından deyil, jurnalistlər kateqoriyası üzrə üzvləri arasından seçilir. Bu məqamda iqtidar öz arzuladığı namizədləri gözdən keçirə, onlardan birinə seçilmək üçün “yaşıl işıq” yandıra bilər. Bu işıq yandırılarkən heç şübhəsiz namizədlər ən müxtəlif parametrlər üzrə dəyərləndilir, o cümlədən onun media cameəsindən ala biləcəyi dəstək, ictimai xadim kimi statusu da hesaba qatılır. Ancaq bütün hallarda irəli çıxan namizədlər jurnalistlərin qurultayında səs almalıdır və məhz jurnalistlər tərəfindən seçilməlidir. Elə bu səbəbdən də bütün məsuliyyətimlə deyirəm ki, Rəşad Məcid Mətbuat Şurasına, bəzi ağzıgöyçəklərin iddia etdiyi kimi, TƏYİN OLUNAN yox, SEÇİLƏN fiqurdur.

Mətbuat Şurasının Azərbaycan jurnalistlərinin iradəsi ilə seçilən yeni sədrini səmimi qəlbdən təbrik edir, uğurlar arzu edirəm.

Düşünürəm ki, Rəşad Məcidin sədr seçilməsi ilk növbədə ölkənin ən təsirli və funksional jurnalist təşkilatını Əflatun Amaşovdan sonra düşə biləcəyi ağır böhrandan, hətta dağılmaq təhlükəsindən xilas etdi.

Müxtəlif dövlət orqanları ilə media institutu arasında körpü rolunu oynamaq, münaqişələri sivil qaydada tənzimləmək Mətbuat Şurasının nizamnamə tələbidir. Əgər yeni sədr bəzilərinin arzuladığı kimi Mətbuat Şurasını müxalifətin peykinə çevirmək niyyəti güdən, konfrantasiyaya meyilli bir fiqur olsaydı, o zaman öz məram və məqsədlərinə nail ola, özünə ictimai və siyasi etimad formalaşdıra bilməz, intriqalarda, çəkişmələrdə əriyərək məhv olardı.

Seçimimiz doğrudur!

Rəşad Məcid yaxşı işlər üçün doğulmuş adamdır.

Dünənki qurultay bir daha sübut etdi ki, həm media camesində, həm də toplumda Rəşad Məciddən yeni sədr kimi böyük gözləntilər var.

Sözün açığı, mən istər sədrin, istərsə də qurumun fəaliyyətinə öz funksional səlahiyyətləri çərçivəsində baxmağın tərəfdarıyam, ona görə də gözləntilərin metafizikləşməsini doğru saymıram.

Ancaq 8-ci qurultayda qətnamə qəbul olundu və bu qətnamə ilə ali tədbir yeni sədrin və İdarə Heyətinin fəaliyyət istiqamətlərini müəyyən etdi. Peşəkar jurnalistləri narahat edən elə bir mövzu yoxdur ki, qətnamədə fəaliyyət istiqaməti kimi əks olunmasın. Deməli, həm yeni sədri, həm də İdarə Heyətini gərgin bir fəaliyyət dövrü gözləyir.

Dünənki qurultayda Emin Musavi, Zahir Əzəmət, Məğrur Əliyev, Yunus Oğuz, Aqil Camal, Afiq Mirzəbəyli, Rafail Becanov, Səbuhi Abbasov, Fərid Şahbazlı, Vasif Həsənli, Qalib İbrahimli kimi tanınmış imzalar İdarə Heyətinə düşmək üçün yetərli səs toplaya bilmədilər, amma demək olar ki, hər biri rəqabət potensialının genişliyini təsdiq etdi. Bu da ciddi nəticə və uğurdur. Bu həmkarlarımız, xüsusən də internet media təmsilçiləri aldığı səslərlə Mətbuat Şurasının İdarə Heyətinin təcrübəli üzvlərinə öz nəfəslərini hiss etdirdilər.

Bəli, qurultay Mətbuat Şurasını silkələdi, quruma sifariş verdi.

İdarə Heyətində təcrübəli isimlərlə yeni nəsilin dinamikasının vəhdəti yaranıb.

İşləmək, çalışmaq, addım-addım, pillə-pillə milli mətbuatımızı inkişaf etdirmək üçün yaxşı potensial və imkanlar var.

Əsas odur ki, MŞ ilə real media arasında hər zaman həmrəylik və qarşılıqlı dəstək olsun.

Taleh ŞAHSUVARLI