Əliyevin Laçından verdiyi mesajlar: Seperatçılar ya təslim olacaq, ya da məhv ediləcəklər!

Azərbaycan prezidenti İlham Əliyev Laçında idi.

Prezident işğaldan azad olunmuş Zəngəzurda kənd və şəhərlərimizin yenidən inşa edilməsi üçün görülən işlərlə tanış oldu, təməl atdı, 31 ildən sonra yurduna dönən məcburi köçkünlərə evlərinin açarını təqdim etdi.

Laçına qayıdan soydaşlarımızla söhbətində Azərbaycan prezidenti çox önəmli mesajlar verdi.

Rusiyanın paytaxtı Moskva şəhərində Vladimir Putinin təşkilatçılğı ilə Nikol Paşinyanla qısa çəkən danışıqlardan sonra dövlət başçımızın verdiyi açıqlamalar zaman baxımından da son dərəcə əhəmiyyətlidir.

Prezident bildirdi ki, onun göndərdiyi rəsmi nümayəndələr Xankəndidəki erməni icmasını iki dəfə Bakıya dəvət edib və Azərbaycan paytaxtında danışıqlara hazır olduğunu nəzərə çatdırıb. Dövlət başçısının sözlərindən belə məlum olur ki, Xankəndidəki çətə liderləri bu dəvəti qəbul etməyib. Nəticədə Azərbaycan üçüncü dəfə çağırış etmək niyyətində deyil, ancaq əvvəlki iki dəvət qüvvədədir.

İlham Əliyev Azərbaycanın dəvətinə etinasız yanaşmanın nəticələri barədə də xəbərdarlıq edib: "Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək".

Dövlət başçısının açıqlamasında yer alan başqa bir maraqlı nüans budur ki, Xankəndi və çevrəsindəki ermənilərin Azərbaycana re-inteqrasiyası prosesi fonunda hərbi xuntaya daxil olan fiqurların aqibəti də müzakirə mövzusudur. Bununla bağlı rəsmi Bakı hesab edir ki, əgər həmin şəxslər re inteqrasiyaya mane olmasalar, "parlament" adlandırdıqları qondarma qurumu buraxsalar və "prezident" vəzifəsindən könüllü əl çəkib Azərbaycana müraciət etsələr, müvafiq bir amnistiya verilə bilər.

Dövlət başçısı sözünün sonunda xüsusi vurğulayıb ki, bu həmin şəxslər üçün fürsətdir və fürsəti qaçırmamaq onlar üçün ən yaxşısıdır.

2020-ci ildə baş vermiş 44 günlük savaşda Azərbaycanın əldə etdiyi qələbə Ermənistanın ölkəmizə qarşı iddialarını və hətta revanş planlarını alt-üst edib. Bu gündən sonra haradan və nə qədər silah almasından asılı olmayaraq Ermənistan ordusu heç zaman Azərbaycandan bir qarış da olsun torpaq ala bilməz. Bizim tarixən torpaq itkimizə səbəb olan, Ermənistanın tarixi ərazilərimizin hesabına dövlət adı ilə meydana çıxmasına və genişlənməsinə rəvac verən iki əsas amil olub: silahlı qüvvə yetərsizliyi və təşkilatlanmama. Müstəqillik qazandıqdan sonra Heydər Əliyevin iqtidara gəlişi ilə Azərbaycan Respublikası öz iqtisadi potensialını həm silahlanmaya, həm də dövlət formasında təşkilatlanmaya sərf edib. Nəticə göz qabağındadır. Azərbaycan Ermənistanla şərti sərhədini Laçında buraxılış məntəqəsi qurmaqla tam nəzarətə götürüb. Laçın və Kəlbəcərin nəzarətimizdə olması, Şuşanın azadlığa qovuşdurulması Xankəndi və Ağdərənin də hərbi baxımdan ovcumuza düşməsi deməkdir. Dəqiq sayı barədə müxtəlif rəqəmlər səslənsə də, hesab edək ki, Qarabağ iqtisadi zonasında işğalçı Ermənistan ordusunun ortalama 10-15 min nəfərlik şəxsi heyəti qalıb. Zonadakı strateji yüksəkliklərin mütləq əksəriyyəti Azərbaycanın nəzarətində olduğundan, Xankəndi Şuşadan "ovuc içi" kimi göründüyündən və Laçında SNBM qurulduqdan sonra Ermənistandan dəstək ala bilməyəcəyindən bu "qüvvə"ni tamamilə məhv etmək Azərbaycan ordusu üçün 44 günlük savaşda Zəngilanı, Füzulini, Cəbrayılı, Qubadlını azad etmək üçün keçirilən əməliyyatlardan daha asandır. Bu baxımdan prezidentin verdiyi açıqlama ilk növbədə onu təsdiq edir ki, Azərbaycan Qarabağda qalmış işğalçı Ermənistan ordusunun qalıqlarını və onlara, onlardan da daha çox Rusiya Sülhməramlı Kontingentinə arxayın olaraq rəsmi Bakının dəvətini qəbul etməmiş hərbi xuntaya uzun müddət dözüm göstərməyəcək və elə bu il çibanı təmizləmək niyyətindədir.

Məhz bu ehtimaldan yayınmaq üçün Ermənistan siyasi elitası, mediası və ictimai rəy liderləri Türkiyədə keçirilən seçkilərdə cani-dildən Rəcəb Tayyib Ərdoğanın uduzmanı arzulayır, onun iqtidardan gedəcəyi günləri sayırdılar. Qursaqlarında qaldı. Ərdoğan "Zəngəzur dəhlizi"ni görməzlikdən gələn CXP lideri Kamal Qılıncdaroğlunu sandığa gömdü və dünən Ankarada söylədiyi zəfər nitqində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının bir epizodunu da açıqladı. Ərdoğanın bildirdiyinə görə, Rusiya prezidenti Trakya alt bölgəsinin nəqliyyat qovşağı olması üçün Türkiyə ilə planlarına sadiqdir. Bu, Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir və Ermənistanın İranın, Fransanın təhriki ilə prosesə uzun müddət müqavimət göstərə bilməyəcəyini göstərir. Zəngəzur dəhlizinin açılması isə o zaman reallaşa bilər ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədləri müəyyən edilmiş olsun. Əks halda, Üçtərəfli Bəyanatın müvafiq bəndini Azərbaycan hərbi güc tətbiq edərək yerinə yetirməlidir ki, bu da beynəlxalq hüququn "öhdəliklər yerinə yetirilməlidir" prinsipinə tam uyğundur.

Beləliklə, təhlillər və proqnozlar göstərir ki, su meymunun boğazına çıxıb və Ermənistan öz bic "bala"sını- "Arstax"ı ayaqları altında qoymağa məhkumdur. Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü keçmiş DQMV ilə birlikdə tanımağa və bu barədə İlham Əliyevin tələbini yerinə yetirərək açıq bəyanat verməyə məcbur olması da bunun göstəricisidir. İndi qalır dikbaşlığından əl çəkməyən Qarabağdakı erməni seperatçılarının liderlərini "boynunu bükməyə" məcbur etmək. Bu məcburetmənin ilk və ən təsirli vasitəsi anti-terror əməliyyatlarıdır. Bu barədə danışdıq. Digər mühüm vasitə isə iqtisadi rıçaqlardır. Qarabağa Qırmızı Xaç və RSK tərəfindən daşınan humanitar yüklər orada iqtisadi maraqları qarşılaya bilməz. Silah, narkotik, konyak, faydalı qazıntılar, mineral sular və s kimi sahələrdən qazancdan məhrum olmuş ermənilər qanunsuz hərbi birləşmələri də uzun müddət konservləşdirilmiş məmulatlarla saxlaya bilməyəcəklər. Odur ki, indi ən vacib olan təzyiq üsullarından biri Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən Ermənistan banklarını sıradan çıxartmaqdır. Bunun üçün ilk növbədə Xankəndiyə və Xankəndidən nağd pul daşınmalarının qarşısı alınmalıdır. İkincisi, uzun illərdir ki, Ermənistan Qarabağdakı seperatçı rejimə dotasiya və kredit adı altında pul ötürür. Bu, Azərbaycan ərazisində seperatçı fəaliyyətin dəstəklənməsi deməkdir. Əgər Ermənistan növbəti ilin büdcəsində yenə Xankəndiyə pul ayıracaqsa, bu, artıq İrəvanın qalan bütün bəyanatlarının və üzərinə götürdüyü öhdəliklərin şübhə altına düşməsi deməkdir.

Taleh ŞAHSUVARLI