SEÇKİŞÜVƏNLİYƏ ŞANS TANIMAYAN SEÇKİ

Pırıl-pırıl bir seçki keçdi.

Hakimiyyətin mənbəyi olan xalqın iradəsi yüksək seçici fəallığı ilə tam demokratik atmosferdə ortaya qoyuldu.

Əlbəttə, seçki son dərəcə mürəkkəb prosesdir. Evimizə iki-üç nəfər qonaq gələndə hər nə qədər süfrədə hər şeyin son dərəcə mükəmməl olmasına çalışsaq da, müəyyən kəm-kəsirlər olur. Milyonlarca insanın məntəqələrə gəlməsi, qeydiyyatdan keçməsi, iradəsini ifadə etməsi nəhəng seçki sistemin hərəkətə gəlməsi deməkdir. O üzdən hansısa yüngül xətaların ortaya çıxması qaçılmazdır. Bu cür cüzi və öz qalib liderinə səs vermək üçün məntəqələrə axın edən qalib xalqın iradəsinə heç bir halda şübhə salmağa layiq olmayan xırda detalları nəzərə almasaq, mükəmməl bir seçki nümunəsi yaratdığımızı əminliklə söyləyə bilərik.

Seçki - xalqın rəyini ortaya çıxarmaq üçün bir vasitədir. Sadəcə 30 ilin münaqişəsini deyil, aşağı-yuxarı 300 illik tarixi problemi öz bənzərsiz liderlik keyfiyyətləri, sərkərdəlik məharəti, yüksək intellekti, sonsuz vətənpərliyi, qətiyyətli xarakteri, böyük siyasi və diplomatik təcrübəsi ilə çözmüş bir liderlə bağlı xalqın rəyinin fərqli olduğunu və olacağını zənn etmək, yumşaq desək, milli şüurumuza hörmətsizlik olardı.

Bəli, bu seçkinin qalibi əvvəlcədən bəlli idi.

Azərbaycanın hər guşəsində ərsəyə gətirdiyi tərəqqi əsərlərini kənara qoyaraq yazıram: İlham Əliyev bu müəyyənliyi 27 sentyabr 2020-ci ildə, saat 07:30-da Müdafiə Nazirliyinin yaydığı bir xəbərlə yaratmışdı.

“Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür”- deyərək MN İlham Əliyevin Ali Baş Komandanlığı ilə gerçəkləşəcək tarixi zəfərin anonsunu vermişdi.

Dünən qalib xalqın qutuda verdiyi mesajı ən qısa şəkildə belə özətləmək olar: ZƏFƏRƏ DAVAM, İSLAHATLARA DAVAM, İNKİŞAFA DAVAM!

Dünən Azərbaycana qarşı cəbhə açanların ümidi bir “gey”in səvermə məntəqəsində saldığı şüvənə qalmışdı. İlham Əliyevin xalqın haradasa tamamı tərəfindən dəstəklənməsi qarşısında miskin görünənlər seçkiyə qatılmağa özlərində cürət, təpər tapmadıqlarından özlərini maşa kimi erməni diasporunun təsirində olan beynəlxalq təşkilatların, üç rəngli bayrağımızın Xankəndidə dalğalanmasına, Şuşanın yenidən milli qürurumuzun paytaxtına çevrilməsinə üsyan edən Fransanın ixtiyarına verdilər. AXCP və Müsavatın 7 fevral seçkilərinin legitimliyini tanımamaqla bağlı yaydıqları bəyanat tarixi zəfərimizə xəyanət bəlgəsidir. Bircə Ermənistan diplomatı Edmon Marukyan sayaq "Əliyev Xankəndidə səs verməklə Azərbaycanın Seçki Məcəlləsinin tələblərini pozdu" yazmaqları qalmışdı, onu da desəydilər, "sənəd" Avropa Şurasındakıların lap ürəyincə olardı.

Əgər seçkilər bu bəyanatlarda deyildiyi kimi rəqabətsiz keçibsə, AXCP-nin sədri, Müsavatın keçmiş və indiki başqanları namizədliklərini irəli sürüb çıxaydılar xalqın tərəzisinə. Siyasi partiya kimi qeydiyyatdan keçməyə 5 min şəxsiyyət vəsiqəsini güc-bəla ilə toplayanların namizəd kimi təsdiq olunmaq üçün 40 min imza yığa bilməməkdən qorxub seçkidən qaçmasına cığal bloqqer postu olmaqdan ötəyə keçməyəcək bəyanatlarla haqq qazandırmaq mümkün deyil. Trollar dərnəyinə çevrilmiş AXCP-nin, feyk xəbər sexinə çevrilmiş Müsavatın anti-Azərbaycan mövqeyini bölüşənmi var bu ölkədə? Əli Kərimlinin, Arif Hacılının, Gültəkin Hacıbəylinin statuslarındakı xılt səsvermədən sonra küçələrə çıxan on minlərlə soydaşımızın gözündəki ümid və inam qığılcımının üstünü örtməyə yetməz, arxadaşlar, yetməz! Fransız musiqisinə tans edənlərin gənclərimizin meydanlarda Azərbaycan havalarına qol qaldırmasına ikrahını anlayıram. Amma bu cocuqları mən 44 günlük müharibədən tanıyıram. Dünən səs vermək üçün məntəqələrə, rəqs etmək üçün meydanlara axışan gənclərimiz o günlərdə səfərbərlik idarələrində cəm olur, “Ya Qarabağ, ya ölüm” deyə hayqırırdılar. 44 günlük savaşda olduğu kimi, Xankəndi uğrunda aparılan mücadilədə olduğu kimi, Xankəndidəki cinayətkar xuntanın ləğv edilməsindən sonrakı mərhələdə olduğu kimi 7 fevral seçkiləri dövründə də milli iradəmizə təzyiq üçün formalaşdırılan qruplar çax-çax kimi baş ağrıdırdılar. Anar Məmmədlinin, Toplum TV-nin, “Azadlıq” adlı müstəmləkəçilik ruporları olan qəzet və radioların düyməsinin haradan basıldığını dərindən fərq edəcək qədər təcrübəliyik, Allaha şükür! Mayanı batırdılar! Nə seçki məntəqələrində pozuntular barədə fakt toplaya bildilər, nə də provakativ video görüntülər yaya! Gəldikləri məntəqələrdən suları süzülə-süzülə getdilər. MSK-nın açıqladığı ilkin rəqəmlərə görə, seçkiyə qatılanların 92%-dən çoxu “İlham Əliyev” dedi.

Aldıqları səsin azlığına rəğmən, İlham Əliyevin seçkidəki rəqiblərini kiçik görməyin tərəfdarı deyiləm. Zahid Oruc bir zamanlar “Ana Vətən” partiyasında ikinci şəxs idi. Siyasətdə, parlamentdə və mediada böyük təcrübəsi var. Fazil Mustafa və Qüdrət Həsənquliyev xalq hərəkatının önəmli isimlərindəndirlər. Əbülfəz Elçibəyin dönəmdə AXCP-nin ən nüfuzlu funksionerləri kimi açıq siyasətlə məşğul olublar, keçmiş iqtidarda vəzifə tutublar. Uzun illərdir ki, Milli Məclisin üzvüdürlər. Razi Nurullayev QHT sektorunın tanınmış nümayəndələrindəndir. O, AXCP-də Əli Kərimlinin müavini olub. Elşad Musayev AMİP kimi bir zamanlar ölkənin ən yaxşı təşkilatlanmış siyasi güc mərkəzlərindən birinə Baş katiblik edib. Fuad Əliyev Lalə Şövkətin yaratdığı Liberal Partiyasından ictimai rəyə tanışdır. Axı Əli Kərimli nəyə görə, hansı əsaslarla inanıb ki, o, Zahid Orucdan vətənpərvər, Fazil Mustafadan savadlı, Qüdrət Həsənquliyevdən mərd, Elşad Musayevdən səmimi, Razi Nurullayevdən kommunkativ, Fuad Əliyevdən daha ağır siyasi çəkili biridir? Bəli, bu seçkilərdə istər təmsil etdikləri siyasi cizgilərə, istər ölkənin problemlərinə baxışına, istərsə də geopolitik oriyentasiyalara yanaşmalarına görə bir-birinə zidd olan fiqurlar iştirak edirdi. Canlı efirdə mədəni bir üslubla ölkənin demək olar ki bütün problemləri sadalandı, ideoloji-siyasi platformalar açıqlandı. Fəqət bu seçkilər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyənlərin niyyətini gözündə qoyaraq cəmiyyətdə, idarəçilikdə böhran yaratmadı. Tam əksinə, milli tərəqqimiz açısından tarixi şans formalaşdırdı. İlham Əliyev kimi bir lider bu şansı əsla və əsla fövtə verməz!

Taleh ŞAHSUVARLI