MİLLİ HƏDƏF VƏ İNSAN KAPİTALI: İDEOLOGİYA, TƏHSİL VƏ AYDINLAR BARƏDƏ

Bir müddət öncə Azərbaycan Prezidenti olduqca tarixi bir çağırış etmişdi. Prezident bildirmişdi ki, müstəqilliyin qazanılması və qorunması illərində bizim əsas milli hədəfimiz Qarabağın işğaldan azad edilməsi olub və hazırda bu məqsədə nail olduğumuzdan yeni milli ideologiyamız barədə açıq diskussiyalar getməli, tarixi-strateji prioritetlər müəyyən olunmalıdır.

Bu, əlbəttə, geniş mövzudur. Ancaq mənim fikrimcə, yeni milli hədəflərimiz nə olursa-olsun, tərəqqimizin arxalanacağı və dövlətçiliyimizi yeni zəfərlərə aparacaq əsas konseptual baza azadlıq, sosial baza insan kapitalıdır.

Bizim bir xalq olaraq son iki yüz ildə ildə əfi ilan olub ayağımıza dolaşan ermənilərdən etnik əlamətlər xaricində kəskin fərqlərimiz var. Bunlardan birincisi odur ki, ermənilər millət olaraq özünü təsdiq edə bilməyib, amma biz etmişik. İkincisi, ermənilərin dövlət identifikasiyası yoxdur, amma bizim var. Üçüncüsü, ermənilərin ictimai fikir müəssisəsi heç zaman modern olmayıb, bizdə isə, modern olmayan ictimai fikir müəssisəsi işləyə bilməz. Bunları geniş auditoriya üçün, əslində, Real TV-nin efirində ifadə etmişdim, amma yenə səsləndirim.

Bizim tarixi şüurumuzda Türkün dövlətçilik ənənələri, Səfəvilər kimi qüdrətli bir imperiya və Azərbaycan Xalq Cümhuriytətinin quruluş fəlsəfəsi dayanır. Bizim dövlətimiz olmazsa, heç bir ictimai-siyasi müəssisə xalqı təşkatlandıra bilməz. Ermənilər isə belə deyil. Onların kilsə identifikasiyası var. Kilsə həmişə erməniliyin əsas ideya fabrikidir. Bütün dini məbədlər kimi, erməni kilsəsi də orta çağa məxsusdur, modernləşə, çağ adlaya bilməyib. Biz isə modern və sekulyar cəmiyyətik. Bu baxımdan Cənubdakı soydaşlarımızdan da, Türkiyədəki qan qardaşlarımızdan da, Orta Asiyadakı Türk qövmlərindən də öndəyik.

Bu üç komponent Azərbaycanı və Azərbaycanlıları o zaman tərəqqi relsinə salır ki, xalq olaraq önümüzdə yürüyən Bayraqdar- tam güvəndiyimiz bir Lider olsun. Bu Lider zəngin tarixi şüura, tam müasir dünyagörüşə və geniş viziyaya, nəhayət, dərin siyasi dühaya və möhkəm iradəyə sahib olmalıdır. İndi biz tarixi tərəqqimizin şanslı şağındayıq ona görə ki, bu göstəriciləri şəxsiyyətində cəmləmiş İlham Əliyev kimi bir liderimiz var. Cəmiyyət olaraq bu şansdan maksimum yararlanmalı, hər ilimizdən, ayımızdan və günümüzdən deyil, hər saatımızdan, hər dəqiqəmizdən vicdanla, məsuliyyətlə və məqsədyönlü şəkildə istifadə etməliyik.

Bu mərhələdə tarixin bizə verdiyi ən mühüm görəv istehlakçı toplumdan istehsalçı topluma keçməkdir. Neft pulları bu gün var, sabah yox. Yüz milyonlarla pul xərcləyib hansısa inzibati quruma heyrətamiz göydələn də tikmək olar, yaxın on illərin iqtisadi trendlərini mənimsəyib infrostruktur yaratmaq da. Diqqətinizi çəkirəm, dünya universitetlərinin reytinq siyahısının əks olunduğu saytın arama motoru Azərbaycanın Texniki Universitetini yerli-dibli tanımır. Regionumuzda olan digər ölkələrin texniki universitetləri isə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun başını çəkdiyi reytinq cədvəlindən bizə əl sallayırlar.

Bu nə deməkdir, bilirsinizmi?

Bu o deməkdir ki, bir neçə ildən sonra İran İslam Respublikasının malik olduğu radio cihazlar bizim dövlət sirrlərimizi tamamilə ələ keçirə bilər.

Bu o deməkdir ki, biz yaxın onilliklərdə də Rusiyanın ancaq və ancaq silah alıcısı ola bilərik.

Bu o deməkdir ki, iqtisadi və siyasi müstəqilliyi özündən çox bizdən asılı olan Gürcüstan smart cihazlara tətbiqi proqramlar hazırlamaqla Cənubi Qafqaza tamamilə yeni iqtisadi model gətirə bilər.

Bu o deməkdir ki, evlərimizdə işlətdiyimiz məişət əşyalarını- ütü, paltar və qabyuyan maşınlar, soyuducu, qızdırıcı, qaz sobaları və s- Türkiyədən almağa davam edəcəyik.

Amma nədən elə məişət cihazlarından başlayaraq həyatımız üçün önəmli texnikaları özümüz istehsal etməyək?

Bilmirəm, fikir vermisiniz ya yox, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq işləri ilə bağlı ən çox bir sual səslənir: "bəs, bu kəndli inəyini harada saxlayacaq"?

Bu, əlbəttə, yaxşı sualdır, cavabı da var, kənd təsərrüfatının iqtisadi əhəmiyyəti də. Ancaq mən hələ bir dəfə də olsun rast gəlməmişəm kimsə soruşa ki, nədən Ağdamda soyuducu, Füzulidə, kondisoner, Qubadlıda kombi və qızdırıcı, Zəngilanda nasos, Cəbrayılda təkər, Kəlbəcərdə akkumulyator, Laçında televizor fabrikləri açmayaq?!. Heç şübhəsiz, ərazi və istehsal olunacaq avadanlıqlar fərqli ola bilər. Sözümün canı odur ki, biz ticarətdən istehsala, toyxanaçılıqdan texniki levelə keçməliyik! Keçməsək, öz milli bilgisayar və proqram sistemlərimizi qurmasaq, GƏLƏCƏK SİSTEMİMİZİ də inşa edə bilməyəcəyik. Elm və təhsil, universitetlər və laborotoriyalar məhz bunun üçün lazımdır. Bizim İNKİŞAFIN İNKİŞAFI proqramlarımız olmalı, Azərbaycanın elm və təhsil strategiyası, siyasəti də bu proqrama əsaslanmalıdır. Qoy, dostlarmız inciməsin, mən bizim təhsil sistemimizdə nəinki gələcəyə boylanış, hətta mövcud imkanlara və resurslara aydın baxış da hiss etmirəm.

Təhsil sistemimiz repetitorların, hazırlıq kurslarının, ETN-nin bir, DİM-in bir tərəfdən icad elədiyi absurd test mexanizmlərinin cənginə düşüb. Dövlətin ali təhsilin təsdiqi kimi verdiyi diplomlar Konstitusiya baxımından heç bir hüquqi qüvvəsi olmayan sertifikatlardan ucuz tutulur. Elmi dünyagörüşün əsasını təşkil edən məntiq universitetlərdə tədris olunmur, Azərbaycan Respublikasının Əsas Qanunu və bir hüquq dövləti olan respublikamızın qanunvericilik sisteminin əsasları tələbələrə öyrədilmir. Bunun qarşılığında dövlət qulluğuna hazırlaşan məzunlara Məleykə Abbaszadə qanunvericilik və məntiqdən suallar verir. Soruşuruq: bu məzunlar verdiyiniz sualların cavablarını haradan öyrənməlidirlər? Cavab verirlər: "DİM-in saytında ədəbiyyat siyahısı yerləşdirmişik. Sadə mövzulardır, az vaxtda öyrənib gələ bilərlər". Gözünün içinə qədər yalan deyir DİM!!! Aylardır hazırlıq kurslarına gedənlər tanıyıram, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsini ingiliscə və yüksək qiymətlərlə bitirən savadlı gənclərdir, amma kursun sınaq imtahanlarında "65" keçid balını toplaya bilmirlər. Çünki bazaları yoxdur, hüquq və məntiq dərsləri keçməyiblər!!!

Azərbaycandakı bu təhsil sistemsizliyi və sistemsizliyin qara bazara çevrilməsi, sadəcə, formalaşmış insan kapitalmızın xaricə axınını tətikləmir və insan kapitalının formalaşmasının qarşısında nəhəng baryer yaratmır. Eyni zamanda, xalq və dövlət kimliyimizin əsasındakı İCTİMAİ FİKİR MÜƏSSİSƏSİni sıradan çıxarır.

Bu yaxınlarda görkəmli ədibimiz Aqşin Yeniseyin ziyalılarla bağlı bir məqaləsini oxudum. Aqşin açıq cəmiyyət nöqteyi-nəzərindən ziyalının xilaskarlıq missiyasının olmamasını yazmışdı. Bu, liberal yanaşmadır və mənim üçün yeni fikir olmamaqla bərabər, qəbuledilməz də deyil. Fəqət Aqşinin fərqinə varmadığı bir məsələ var. Biz - sağ mərkəzçi siyasi dünyagörüşə malik olan xalqçılar "ziyalı" dedikdə şair, yazıçı, həkim, mühəndis, tarixçi, hüquqçu və s. sahələrdə intellektual əməklə məşğul olanları deyil, onların sosial statusunu şübhə altına almamaqla birgə, ictimai fikir müəssisəsinin əməkçilərini nəzərdə tuturuq. Əgər ölkəmiz geopolitik bir savaş içindədirsə, əgər xalqımız və dövlətimiz yeni hədəflər peşindədirsə, əgər milli kimliyimizi təhdid edən ünsürlər varsa, əgər Milli Zəfər Yürüşümüzə və bu qutsal yürüşün Bayraqdarına qarşı "Saakaşvili", "Paşinyan", "Zelenskiy" örnəklərini təbliğ edən resurslar işə salınırsa, mənim fikrimcə, susmamaq üçün mütləq ziyalı olmaq lazım deyil, amma ziyalı olmaq mütləq şəkildə susmamaq deməkdir. Qoy, cəmiyyətdə hər kəs öz işi ilə məşğul olsun, pinəçi pinəçiliyi, bənna bənnalığı, ədib yaradıcılığı, prokuror ittihamı, vəkil müdafiəçiliyi ilə... Amma bu differensiallaşmış işlərin fövqündə dayanan bir Ümumi İş də var. "Respublika" elə ÜMUMİ İŞ deməkdir!

Taleh ŞAHSUVARLI

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.