Tağı Əhmədov media nümayəndələrini təhqir etdi

Mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının "Gülüstan" sarayında təşkil etdiyi tədbirdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov media nümayəndələrini növbəti dəfə təhqir edib.

Belə ki, bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Bu sual isə Metropoliten rəisini özündən çıxarıb.

Səsinin tonunu artıran Tağı Əhmədov "nədir, "popuqay"sız, hər məni görəndə bu sualı verirsiniz" deyə jurnalistlərini təhqir edib.

O həmçinin, media nümayəndələrini səviyyəsizlikdə ittiham edib: "İşiniz, gücünüz, yoxdur? Səviyyənizi, yerinizi bilin". Bakı Metropoliteninin rəisi həmçinin, "Azadlıq" qəzetinə qarşı cərimə tələbindən də danışıb. "Qəzetə kəsilən maliyyə sanksiyasından imtina edərsinizmi" sualına Tağı Əhmədov "xeyr" cavabını verib: "Sənin canın üçün, bu qəzeti bağışlayası deyiləm. "Azadlıq"a ən böyük güzəştimi etdim. Dedim ki, 10 ilə ödəsinlər. Özü də mən istəmirəm. Uşaq bağçasına versinlər. Baxçaya da pul lazımdır".
"Baxçaya köməyinizi "Azadlıq"ın hesabınamı etmək istəyirsiniz" sualına Tağı Əhmədov "hə" cavabını verib.

AzNews.az