Rüşvətin kökünü necə kəsmk olar? Rüşvətin kökünü necə kəsmk olar?

Niyə rüşvət verməyə meylliyik? - Araşdırma

Rüşvətin kökünü necə kəsmk olar?


Kanadada yaşayan və oxuyan bir azərbaycanlı şagird Bakıda babasından soruşur: "Doğrudur ki, Bakı orta məktəblərində uşaqlar müəllimlərə rüşvət vermək üçün pul yığırlar?" Baba isə nəvəsini belə şeylərə inanmamağa çağırır: "Boş şeydir, inanma, pulu müəllimə ad günündə, bayramlarda hədiyyə kimi yığırlar. Siz məgər müəllimlərə hədiyyə vermirsiniz?", - deyə suala sualla cavab verir. Nəvənin cavabı kəskin olur: "Yox, Kanadada belə şey ola bilməz, müəllimlər şagirdlərdən bir çöp belə hədiyyə almazlar, məgər müəllim ad günümüzdə bizə hədiyyə alır ki, biz də ona alaq. Hörmət qarşılıqlı olmalıdır".

Ekspert araşdırmaları göstərir ki, ANS PRESS əməkdaşının yaxın şahidi olduğu bu söhbət əslində beynəlxalq aləmdə rüşvət və korrupsiya faktı sayılan hallara Azərbaycanda "hörmət", "şirinlik" kimi ad qoyaraq guya qanun pozuntusu olmadığını iddia etmək cəhdindən başqa bir şey deyildir. "Transparency İnternational" təşkilatının Azərbaycan bölməsi bu cür halları vətəndaşların etiraz etmədən rüşvətlə razılaşması halı kimi dəyərləndirir.

"Bəzi hallarda vətəndaş rüşvətlə qarşılaşdıqda bununla razılaşmır və yardım üçün bizə müraciət edir. Ən çox insanlar məhkəmələrdə rüşvət vermək istəmirlər, ona görə də belə halla rastlaşanda bizə müraciət edirlər. Daha sonra böyük çoxluq mülkiyyətin qeydiyyatı zamanı rüşvət vermək istəmir, yəni Dövlət Reyestr Xidmətindən, İcra Hakimiyyəti orqanlarından, Torpaq Komitəsindən şikayət edirlər. Üçüncü şikayət bloku isə yoxsul insanlara verilən sosial müavinətlərlə, ünvanlı sosial yardımlarla bağlıdır. Amma vətəndaşlar müəllimlərə və həkimlərə verdikləri rüşvətlə razılaşırlar və bu barədə şikayət etmirlər. Amma bu o demək deyil ki, həmin sahələrdə rüşvət yoxdur",- deyə "Transparency İnternational" təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rəna Səfərliyeva ANS PRESS-ə bildirib.

Təsadüfi deyil ki, "Transparency İnternational" tərəfindən hər il açıqlanan korrpusiya qavrama indeksi siyahısında Azərbaycan artıq neçə illərdir ki, dünya üzrə çox aşağı yerlərdən birini tutur və keçən il ölkəmizin yeri bu siyahıda xeyli aşağı düşüb. Əgər 2010-cu ildə Azərbaycan 178 ölkənin yer aldığı siyahıda 134-cü idisə, 2011-ci ildə açıqlanan siyhaıda 183 ölkə arasında 143-cü yerdə qərarlaşıb. Yəni siyahıya cəmi 5 dövlət əlavə edilsə də, Azərbaycan korrpusiya qavrama indeksi üzrə 9 pillə geriləyib. Ölkənin korrupsiya qavrama indeksi üzrə daxili balı on ballıq sistem üzrə 2,4-də sabit qalsa da, digər ölkələrin bu sahədə apardıqları uğurlu işi bizim gerilməyimizə səbəb olub. Ölkənin son illərdə bu sahədə mübarizəni xeyli gücləndirməsinə baxmayaraq, korrupsiya və rüşvətxorluq Azərbaycanı tərk etmək bilmir. Bu məsələdə rüşvət alanlarla yanaşı rüşvət verənlərin də "əməyi" böyükdür.

Psixoloq Azad İsazadə insanların rüşvət verməyə meylli olmasını rahatlıq axtarmaq istəyi ilə bağlayır: "Rüşvət verib işi düzəltmək insanların həyatını rahat edir. İstər yol polisi saxlayanda, istər "JEK"də, istərsə də hansısa məmurun yanında məsələnin qanuni yolla düzəlməsi çox vaxt aparır və vətəndaş canını rahat etmək üçün rüşvət verir. Bunun psixoloji kökü buradan qaynaqlanır. Həm də rüşvət verən və alan bunu asanlıqla edir. Əgər rüşvət götürənin, eyni zamanda verənin tutulmaq qorxusu olsa, bunu etməzlər. Hazırda bu cür yerlərin hər yerində rüşvət götürürlər və buna qarşı mübarizə tədbirləri də adda-budda gedir, kimsə tutulur və o biri rüşvət alan adam fikirləşir ki, min nəfərdən birinin başına iş gəlir ki, o da mən deyiləm. Buna görə də biz rüşvət verməkdə və almaqda davam edirik", - deyən Azad İsazadə bildirir ki, məsələnin həlli üçün radikal addımlar atmaq lazımdır: "Bizə deyirlər ki, rüşvət bizim qanımızdadır, bu məsələ düzəlməz. Yalan söhbətdir, bu məsələdə etnik, dini və ya irqi mənsubiyyətin rüşvətə heç bir dəxli yoxdur. Sadəcə, iradə göstərmək lazımdır", - deyən psixoloq rüşvətxorluğun qarşısını almaq üçün kəskin tədbirlərin tərəfdarıdır.
Lakin Azad İsazadə ilə razılaşmayan və həddindən kəskin tədbirləri o qədər də əlverişli saymayan mütəxəssislər var. Məsələn, Psixologiya və Konsultasiya Mərkəzinin eksperti Elnur Rüstəmov rüşvətə qarşı mübarizədə ən doğru yolu təbliğatda və maarifçilikdə görür: "Ən doğru yol orta məktəblərdə bu istiqamztdə təbliğat aparmaqdır ki, insanların yaddaşından bu cür anlayışlar götürülsün".

Bu sahədə maarifçilik işlərinin səviyyəsini çox aşağı sayan Elnur Rüstəmovun fikrincə, təbliğat işlərinin effektiv alınması üçün təhsil sistemində rüşvətin kökünü kəsməyi vacib sayır: "Ali məktəblərdə bağçalarda və orta məktəblərdə rüşvəti görən uşaq travma alır və öz qarşısına çıxan ilk fürsətdə rüşvət götürür".
Onun fikrincə, cəmiyyətdə təmiz yaşayan insanların qazandığı uğurlar təbliğ edilməlidir: "Bir var, varlı insanlar, bir də uğurlu insanlar. Uğurlu insanlar təmiz yolla sevdikləri işdə çox irəli gedirlər, varlı insanların isə sadəcə pulu olur. Bizim cəmiyyətdə də uğur qazanan insanlar var, amma təəssüf ki, onların heç biri öz həyatları barədə dəqiq məlumat vermirlər. Amma xaricdə uğur qazanmış iş adamları öz həyatları barədə kitablar yazırlar və filmlər çəkirlər ki, böyüməkdə olan gənclik onlardan örnək götürə bilsin. Bu praktika bizdə də tətbiq edilməlidir. Çünki yeniyetmələr qəhrəman axtarır. Onlar görsələr ki, kiminsə həyatı uğurlu olub, özləri də o yolu götürəcəklər. Bu gün isə telekanallar müğənnilərin və şou-biznesin təbliğinə yönəlib. Bu kimi şeyləri kökündən kəsmək lazımdır. Təmiz yollarla uğur qazanmış adamlar haqqında verilişləri, filimləri yavaş-yavaş cəmiyyətə göstərmək lazımdır. İnsanlar ilk vaxtlar belə verilişlərə baxmayacaqlar, amma bir-iki verilişdən sonra buna alışacaqlar, yəni ictimai fikri idarə etmək mümkündür",- deyə Elnur Rüstəmov vurğulayır.

Amma beynəlxalq təcrübə göstərir ki, əhali korrupsiyaya qarşı kəskin islahatlara hazır deyil. Çünki cəmiyyətdə korrupsiya ilə dolanan müəyyən təbəqə var və onlar əsasən bürokratiyanı təmsil edirlər. Onların savadı və maddi imkanları cəmiyyətin digər hissəsinə təmsil etmək imkanı yaradır. Adətən bu insanlar xalqı səhv yola yönəldərək doğru siyasət aparan hakimiyyətə qarşı narazı salmağa çalışırlar. Bu da cəmiyyətdəki dayanlı inkişafı əngəlləyir. Bu baxımdan, Elnur Rüstəmovun dediyi kimi, maarifçilik üsulu ilə rüşvətə meylliliyi şüurlardan silmək və cəmiyətin orientirlərini uğurlu təmiz insanlara yönəltmək daha məntiqli görünür.
"Transparency İnternational" təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rəna Səfərliyeva isə həm təbliğatdan, həm də korrpusiyaya qarşı effektiv üsullardan istifadə etməyi vacib görür: "Mən korrupsionerlərə və rüşvətxorlara qarşı repressiya tərəfdarı deyiləm. Amma faktların yoxlanılması zamanı rüşvətxor və korrupsioner olduğu aşkarlanan adamlar da cinayətlərinə görə cəzalandırılmalıdırlar. Sadəcə, məmurlara elə şərait yaradılmalı və onlara elə nəzarət qurulmalıdır ki, rüşvət almağa nə ehtiyacları, nə də imkanları olsun".

Rəna Səfərəliyevanın fikrincə, xalqla ünsiyyətdə olan məmurların bütün xidmət prosesinin səsinin yazılması və ya görüntüsünün çəkilməsi bu baxımdan çox effektiv ola bilər: "Məsələn, yol polisinin üzərində səsyazma qurğusu birləşdirmək olar ki, sürücülərlə bütün danışığı yazılsın. Yəni kimsə oturub onların gün ərzində dediklərinə qulaq asmayacaq, amma adamlarda məsuliyyət artacaq ki, səsim yazılır və yalvarsalar da rüşvətə yaxın durmayacaq".
"Transparency Azərbaycan"ın rəhbərinin fikrincə, son illərdə Vergilər, Təhsil və Daxili İşlər nazirliklərində, eləcə də Baş Prokurorluqda yaradılmış qaynar xətlər korrupsiya səviyyəsinin aşağı düşməsinə yardımçı olur, çünki həmin dövlət qurumları qaynar xəttə daxil olan hər bir məlumatı ciddi yoxlayırlar. Onun fikrincə, bu təcrübə bütün dövlət qurumlarını əhatə eləməlidir.

Rəna Səfərəliyeva korrupsiyaya qarşı mübarizənin daha da sürətlənməsini vacib sayır: "İndi rüşvətxorluqda və korrupsiyada ittiham edilənlər əsasən aşağı səviyyəli məmurlardır. Buna görə də xalq bu tədbirləri elə də ciddi saymır. Lazımdır ki, bir neçə yüksək çinli məmur cəzalandırılsın və bu, yerdə qalan məmurlara da görk olsun".