“Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin bağlanması etirazlara səbəb olub “Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin bağlanması etirazlara səbəb olub

İdmançılar polkovnikə etiraz edir

“Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin bağlanması etirazlara səbəb olub



"Sərhədçi" Olimpiya İdman Mərkəzində kikboksinq növü üzrə bölmənin fəaliyyətinin dayandırılması haqqında qərar kikboksçular tərəfindən etirazla qarşılanıb. Qeyd edək ki, mərkəzin rəhbəri polkovnik Rövşən Kərimov qərarın səbəbini kikboksinqin qeyri-olimpiya idman növü olması və diqqətdən kənarda qalması ilə əlaqələndirib. Bunu səhv addım kimi qiymətləndirən dörd qat Avropa çempionu Eduard Məmmədovun bildirdiyinə görə, hər dörd ildən bir qeyri-olimpiya oyunları ilə bağlı olimpiada keçirilir və seçim aparılır: "Növbəti belə bir yarışın gələn il keçirilməsi planlaşdırılıb. Hesab edirəm ki, tezliklə kikboksinq olimpiada idman növlərinə aid ediləcək".

Kikboksinqin həm də vətənpərvərlik hisləri aşılayan idman növü olduğunu vurğulayan E.Məmmədov layiqli əsgərlərin yetişməsi üçün vacib amil olduğunu qeyd edib: "Azərbaycan gəncləri arasında bu idman növünə marağın artdiği bir vaxtda tamamilə səhv qərar verilib. Ümid edirəm ki, qərar dəyişər".

Kikqboksinq Federasiyasının gənc və yeniyetmələr üzrə milli komandanın baş məşqçisi Hikmət Hacıyev də atılan addımı tamamilə səhv hesab edir: "Rövşən Kərimovun bir rəhbər kimi "Sərhədçi" Olimpiya İdman Mərkəzində istənilən bölmənin fəaliyyətini durdurmağa ixtiyarı var. Amma kikboksinq hərbi döyüş növüdür. Və bizə Vətənə xidmət edəcək əsgərlər lazımdır. Qeyri-olimpiya və ya olimpiya növünün hər ikisi idmandır. Cənab Prezident bunu hər zaman vurğulayıb. Qazanılan qələbə Azərbaycanın bayrağını qaldırır. Ola bilər R.Kərimov hər-hansı anlaşılmazlıqla qarşılaşıb və ya məşqçilərlə problemi olub. Burada idmanın heç bir günahı ola bilməz". "Qızıl Əlcək" İdman Klubunun boks üzrə baş məşqçisi Rəhim Allahverdiyev də kikboksinqin hərbi idman növü olduğunu və inkişafının vacibliyini vurğuladı: "20 faiz torpağı işğal altında olan Azərbaycana bu idman növü çox vacibdir. Bölməni bağlamaq onların daxili işidir, amma kikboksinqin qeyri-olimpiya idman növü olması ilə əlaqədar bələ bir addımın atılması tamamilə məntiqsizdir".

Kikboksinqi Azərbaycanın inkişaf etmiş idman növü adlandıran üç qat dünya çempionu Emil Kərimov qərarın sadəcə gülməli olduğunu söylədi: "Bu sahədə uğur qazanmış çox idmançılarımız var. Bu adamlar Azərbaycan idman tarixində qalacaq insanlardır. Hər bir idmanın növünün məqsədi Azərbaycan gənclərinin sağlam gələcəyini təmin etmək, həmçinin Azərbaycan bayrağını dalğalandırmaqdır".

Üç qat Respublika çempionu, idman ustası Vüqar Qasımov da bunu nahaq bir addım kimi qiymətləndirdi: "İstənilən idman bölməsinin bağlanmağı yaxşı əlamət deyil. Bir idmançı kimi idman növlərinə dəstək olmaği gözləyərdim. Kikboksinq üzrə idmançılar dəfələrlə mükafat alıb və ilin idmançıları seçiliblər".

Üç qat dünya çempionu Şahin Mahmudov isə kikboksinq üzrə bölmənin fəaliyyətinin davam etməsini daha məqsədəuyğun olduğunu bildirdi: "Təbii ki, çox istəyərdim gənclər bu idman növü ilə müntəzəm məşğul olsunlar. Xüsusilə nəzərə alsaq ki, bu kontakt idman növüdür və müharibə şəraitində olan Azərbaycana çox vacibdir" .

Ülviyyə Tahirqızı
AzNews.az