- Müsahibə
- 13 Fevral 2023 12:30
- 23 891
Mollalar kimdir ki, bizə göstəriş versin? - Tanınmış tarixçi, professor Cəbi Bəhramovla müsahibə

AzNews.az analitik-informasiya portalının suallarını tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov cavablandırır
- Cənab Bəhramov, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Azərbaycan rəsmi səviyyədə olayı terror aktı kimi qiymətləndirdi. Ancaq İran hər vəchlə hücumun terror aktı yox, məişət hadisəsi olmasını iddia edir. İran nədən terror aktını araşdırmaq, terrorçuları üzə çıxarmaq və cəzalandırmaq əvəzinə məsələni ört-basdır etməyə çalışır?
- İran çox söz deyə bilər. Hər bir səfirlik həmin ölkənin ərazisi hesab olunur. Oraya silahlı basqın edilibsə, bu təcavüzdür. Yarım saatdan çox müddət ərzində həmin terrorçu qapını sındırır, avtomatla güllə atır. İranın xüsusi xidmət orqanları, polisi hamısı qaçıb gizlənib. Bu, bilavasitə İran dövlətinin terror təşkilatçıları tərəfindən verilən tapşırıqdır. Qaldı ki, terrorun o şəkildə təqdim etməsinə, İran əslində özünü ifşa edir. Digər tərəfdən, otuz il ərzində erməni faşizmi tərəfindən torpaqlarımız işğal altında saxlananda İrəvana, Petrosyanın sözü ilə desək, nəfəs verən İran olmuşdu. İran dövləti “düşmənimin düşməni mənim dostumdur” prinsipindən istifadə edərək Azərbaycan xalqının düşməni olan ermənilərə, qondarma dövlətlərinə silahla, pulla hər cür komək ediblər. Onları daha çox qorxuya salan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gündən-günə güclənən Azərbaycan dövlətidir. Ona görə də onlar terrora hansı ad verirlərsə versinlər, onun heç bir əhəmiyyəti yoxdur. Fakt faktlığında qalır.
- İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehrandakı səfirliyə hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Bununla da teror aktından sonra Tehran mediasında Azərbaycana qarşı aparılan təbliğatın İranın rəsmi mövqeyi olması üzə çıxır. Sizcə, bu, İran və Azərbaycan arasında diplomatik münasibətlərin tam qırılma nöqtəsi deyilmi?
- İranın bizə hədə-qorxu gəlməsi, xəbərdarlıq etməsinin heç bir əhəmiyyəti yoxdur. İndi Azərbaycan o dövlət deyil ki, ona qarşı güclə danışasan, hədə-qorxu ilə danışasan. Azərbaycanın cənub sərhədlərində hərbi güc nümayiş etdirirdilər, cavabını verdik. Qardaş Türkiyə ilə birlikdə biz də hərbi təlimlər keçirdik. Bizim İrandan və ya hansısa bir dövlətdən çəkinmək fikrimiz yoxdur. Bizə qarşı edilən hər hansı hədə-qorxu həmin dövlətin özünə qarşı çevriləcək. İstər onun parlamentinin sədri olsun, istər kim olursa olsun fərq eləməz. Azərbaycan istər regionda, istər dünyada çox böyük nüfuza malikdir.
- İranın öz paytaxtında və digər ölkələrdə fəaliyyət göstərən səfirliklərə qarşı terroru dəstəkləməsi “ənənəyə” çevrilib. Tehranda ABŞ səfirliyinə hücum məşhur tarixi hadisədir. Bir iranşünas kimi bu “ənənə”ni necə şərh edərdiniz?
- Bu İran dövlətinin mahiyyətindən irəli gəlir. Hətta öz paytaxtında yerləşən səfirliklərin əməkdaşlarına silah saxlamağa icazə vermirlər. Öz üzərlərinə öhdəlik götürüblər ki, onların təhlükəsizliyin təmin edəcəklər. 1979-cu ildə ABŞ səfirliyinə hücum edərək diplomatları əsir aldılar. Bu məsələdə İranın tutduğu mövqe beynəlxalq qanunlara ziddir. “Diplomatik nümayəndəliklər haqqında” qəbul edilmiş konvensiyaya ziddir. Əgər sən bir dövlət olaraq təhlükəsizlik öhdəliyi götürmüsənsə, bunu etməlisən. Bizim görkəmli alimimiz, akademik Ziya Bünyadovun ölümündə də İranın bilavasitə əli var. İki terroristi onlar bizə indiyə qədər qaytarmayıb.
- Bir sıra analitiklərin fikrincə, Tehrandakı səfirliyimizə edilən terror hücumu həm də İranın öz daxili problemlərindən xalqın diqqətini yayındırmaq üçün “yeni düşmən obrazı”na ehtiyac duyması bağlıdır. İranın təbliğat vasitələrində Azərbaycanın düşmənləşdirilməsi tendensiyası necə həyata keçirilir?
- Tehranın bizə düşmənçilik münasibəti bəsləməsi təzə söhbət deyil. Pəhləvi rejimi də, Xomeyni rejimi də bizə düşmən kimi baxıb. Firdovsinin “ Şahnamə” əsərində farsların türklərə olan münasibəti öz əksini aydın şəkilddə tapıb. Erməniləri bizə düşmən hesab edən İran şovinist fars dövləti Ermənistanı özünə müttəfiq və qardaş sayır. İran prezidentinin Azərbaycan xalqının qanına əli batmış Sarkisyanı, Köçəryanı qucaqlaması nə deməkdir? Ermənilər onlara neçə dəfə xəyanət ediblər, İran bunu hər dəfə bağışlayıb. Nəyə görə? Çünki ermənilər Azərbaycan türklərinin düşmənidir. Onları türkə düşmən ediblər. Bunun arxasında Qərb ölkələri, çar Rusiyası, Sovet Rusiyası, indiki Rusiya Federasiyasının bəzi dairələri var. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan məsələsi gündəliyə gələndə bir-biri ilə qatı düşmən olanlar bir sırada dayanırlar, bir-birinə yardım edirlər. Karl Marksın məşhur bir ifadəsi var: "Avropada kommunizm kabusu dolaşır". İndi İranın başında Böyük Azərbaycan kabusu dolaşır. Ona görə də qarınlarına sancı dolub.
- Azərbaycan və İsrail arasındakı münasibətlərin İranın rəsmi dairələri tərəfindən, yumşaq desək, qısqanclıqla qarşılanması məlumdur. Sionizm Tehran propoqandistlərinin Azərbaycana qarşı ən sevimli ittihamıdır. Əsas gətirilən dini amilləri bir kənara qoysaq, İsraildən qat-qat böyük əraziyə və qat-qat çox əhaliyə malik İranın İsraildən bu qədər çox qorxmasının səbəbi nədir?
- Bu məsələnin nə tarixi, nə də hüquqi baxımdan əsası var. Onlar bizə bu adı verməklə, "sionist" adlandırmaqla öz içlərində olan nifrəti göstərirlər. Biz bir millət olaraq, dövlət olaraq ən ağır günümüzdə İsrail dövlətinin, xalqının yardımını gördük. Halbuki müsəlmanlığın şiə təriqətinə mənsub olan bu dövlətin başçıları bizim düşmənimiz olan ermənilərə yardım edirlər. İsrail dövləti hər zaman bizə dəstək olub. Başqa millətə, başqa dinə mənsub olsalar da insanlığın nə olduğunu çox yaxşı dərk edirlər. İranın əsas məqsədi budur ki, bizi özlərindən asılı etsinlər. Bu olmayıb və olmayacaq da! Azərbaycan müstəqil dövlətdir. İstər daxili, istər xarici siyasətini özü müəyyən edir. Mollalar kimdir ki, bizə göstəriş versin?!. Rəsmi Bakının istər İsrail, istər qardaş Türkiyə, istərsə də digər dövlətlərlı olan münasibətlərinə onların münasibət bildirməsinin heç bir əsası yoxdur. Biz öz yolumuzu çox yaxşı bilirik.
- Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktından sonra cəmiyyətimizdə gözlənti vardı ki, Güney Azərbaycanda bu mənfur olaya qarşı kütləvi etiraz aksiyaları başlayacaq. Ancaq belə bir aksiyalara şahid olmadıq. Nədən?
- Düşünməyək ki, İran faşist rejimi sadə rejimdir. Onun törətdiyi çox əməllər hələ açılmayıb. Cənubi Azərbaycan xalqı, orada yaşayan 40 milyon azərbaycanlı məqam gözləyir. Onları xaricdən öyrətməyə ehtiyac yoxdu. Cənubi Azərbaycandakı azadlıq hərəkatlarının böyük təcrübəsi var. Onlar öz təcrübələrindən çıxış edirlər. Darıxmayın, tezliklə hər şey həll olunacaq.
- İran İslam Respublikasının tarix səhnəsində duruş gətirə bilməyəcəyi artıq rasional düşünən hər kəsə aydındır. İslam Respublikasının likvidasiyası ilə bağlı iki əsas ehtimal var. Birinci ehtimala görə, İran kollektiv Qərbin hərbi güc tətbiqi ilə sıradan çıxarılacaq. İkinci proqnoz isə belədir ki, “kollektiv Qərb”, necə deyərlər, qalanı içəridən fəth etməyə maraqlıdır və teokratiyanın məsələsini daxili qüvvələrin hesabına həll edəcək. Siz necə düşünürsünüz?
- Hər iki ehtimalın əsası var. Çünki bir dövləti içəridən onun xalqı müdafiə etmirsə, dağılma prosesi labüddür. İranın ABŞ və Qərbi Avropa ölkələrinə münasibətinə çox da bel bağlamaq olmaz. Elə İranın bu qədər ayaqda qalmasının bir səbəbkarı da başda ABŞ və Fransa olmaqla o ölkələrdir. Xomeynini İrana haradan gətirdilər? Fransadan! Həmin fransızların dünyanın 16 ölkəsində 11 milyondan çox insanın soyqırımında bilavasitə əli olub. Həmin ölkələr özləri günahkardır ki, İranda belə bir rejim var. Digər tərəfdən İranda atom bombası hazırlamaq üçün texnologiyaları kim verir? İran atom silahını özünü müdafiə üçün hazırlamır axı. Pakistanın və İranın Azərbaycana olan, qonşularına olan münasibətlərinə baxın. İran hansı dövlət ilə normal qonşuluq münasibəti saxlayır? Sadə bir misalla deyim, bir məhəllədə olan pis bir ailənin yaratdığı münasibət bütün məhəlləyə şamil edilir. İran indi həmin pis ailədir. Müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə Səudiyyə Ərəbistanında yerləşir. Məhəmməd Peyğəmbərin məzarı da Mədinədədir. İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri necədir? İranın nə işi var Yəməndə, Suriyada? İranın Əfqanıstanın daxili işləri ilə nə işi var? Onların dostluq etdiyi yalnız ermənilər və fransızlardır. İranın bu günə gəlməsində Qərbin açıq iştirakı var. Xomeynidən əvvəlki Rza şahın milliyəti tam bəlli deyil. Gətirib adını qoydular Pəhləvilər...
Rəşid QARAYEV,
AzNews.az