"Bu halda telefon tələbatı artıq emosional pozğunluqdur"- PSİXOLOQ VƏFA ƏKBƏR

AzNews.az analitik-informasiya portalının suallarına psixoloq Vəfa Əkbər cavab verir

- Vəfa xanım, emosional ehtiyac nədir?

- Öncəlliklə hər bir insanın mütləq şəkildə ehtiyacları var. Təməl ehtiyaclardan başlayaraq mərhələ şəklində ehtiyaclar artır. İnsan sevgiyə, güvənməyə, sosiallaşmağa və digər şeylərə ehtiyac duyur. Emosional ehtiyac təbii ki, dəstək, sevgi, anlayış, qayğıdır. İnsan getdiyi yolda büdrədiyi zamanlar da belə yanında ola biləcək və ona mənəvi dəstək göstərə biləcək insanlara sahib olmaq istəyir. Əgər emosional dəstək varsa, həmin insan mütləq şəkildə qoyduğu məqsədə addım-addım irəliləyəcəkdir. Emosional dəstək olmadıqda isə insanın özgüvəni zamanla sarsılacaq, özünü gərgin və narahat hiss edəcək. Bir müddət sonra hətta qoyduğu məqsədlərdən belə yayınmağa başlayacaqdır. Emosional dəstək ilk olaraq, ailədən gəlməlidir. Hər bir fərd ailədə formalaşır. Ailədə söylənilən hər bir söz, hərəkət hətta mimika belə böyük önəm daşıyır. Eyni zamanda insan yaxın dost çevrəsindən, ətrafından da bu dəstəyi görməlidir.

- Emosional ehtiyacın ödənməməsi hansı patologiyalara səbəb ola bilər?

- Emosional ehtiyacın ödənməməsi zamanla insanda güvənsizlik yaradır. Heç kimə güvənmir, inanmır və özünə qapanmağa başlayır. İnsanın asosiallaşmasına gətirib çıxarır. Həm də təşviş pozuntusu yaradır və daxildən tədirginlik, narahatçılıq hiss edir. Bir müddətdən sonra bəzi insanlarda bu obsessiyaya çevrilir. Daim mükəmməliyyətçiliyə can atır. Bu da hər kəsi qane etmək və razı salmaq kimi digər problemlərə səbəb olur. Həmin insan üçün artıq hədəf, məqsəd kənarda qalır. Sadəcə ətrafdan afərin almaq və emosional dəstəyi görməyə çalışır.

- Maddi ehtiyacla emosional ehtiyacın fərqi nədir?

- Hazırkı dövrdə insanların ehtiyaclarının ödənməsində təbii ki, maddiyyat mühüm rol oynayır. Maddiyyat hər şey olmasa da, çox şeydir. Əfsuslar olsun ki, maddi üstünlük insanın çevrəsində həmin şəxsə rəğbəti artırır. Ətrafına xeyli dost yığmaq şansı olur. Ancaq bunların hər biri süni şəkildə baş verir. Maddi imkanı yüksək olan insanın belə emosional dəstəyə ehtiyacı olur. Bu gün hər şeyə sahib olan şəxslər belə daxili aləmlərində qırılmış və hər kəsdən uzaqdırlar.

- Hər hansı əşyaya ehtiyac emosional, yoxsa maddi ehtiyacdır?

- Təməl ehtiyacların ödənməsi üçün maddiyyat vacibdir. Sağlam yaşamaq üçün yaxşı yemək, istirahət etmək önəmlidir. Maddi vəziyyət stabil olmalıdır ki, insan fikir eləməsin və daim narahat qalmasın. Həmçinin insanın digər ehtiyacları, dünyagörüşünü formalaşdırmağı, ətrafını genişləndirməyi üçün də maddi imkan olmalıdır. Olmadıqda isə ehtiyaclarını ödəyə bilmir, bu da özünə qapanma, özünü günahlandırmaqla nəticələnir. Burada asılılıq var. O demək deyil ki, maddi imkanı olan şəxs emosional ehtiyaca doymuş olur. Maddi imkanı olmayan şəxs də kifayət qədər emosional ehtiyaca doymuş ola bilər.

- Emosional pozğunluq aclıq da doğurur. Belə olan hallarda insan tələbatı olmadığı hallarda yemək yeyir. Praktikada emosional pozğunluğun telefon təlabatına dönməsinə rast gəlinibmi?

- Əlbəttə, günümüzdə sosial şəbəkələrdən asılılıq, istənilən məkana daxil olduğumuzda insanların mütəmadi olaraq əlində telefon olması, hər bir addımını paylaşıb insanlardan rəğbət gözləməsi kimi bir çox nümunələr var. Sosial şəbəkələr insanları bir-birinə daha yaxın edib, ətrafımızdan kənarda belə fərqli ölkələrdən olan insanlarla ünsiyyət qurmaq imkanları mövcuddur. Kifayət qədər nümunə var ki, artıq emosional pozğunluq telefon tələbatına dönüb.

Rəfiqə NAMAZƏLİYEVA