Azərbaycanda əhalinin sığorta sisteminə inamının hələ də zəif olaraq qaldığını desək yanılmarıq. Azərbaycanda əhalinin sığorta sisteminə inamının hələ də zəif olaraq qaldığını desək yanılmarıq.

Sığorta sistemində vətəndaş problemi - ARAŞDIRMA

Azərbaycanda əhalinin sığorta sisteminə inamının hələ də zəif olaraq qaldığını desək yanılmarıq.

Ticarət Mərkəzində baş verən son hadisə nəticəsində sahibkarların düşdüyü çətin vəziyyət bunu bir daha təsdiqləmiş oldu. Azərbaycanda könüllü sığortaya maraq demək olar yox dərəcəsindədir. Nədənsə insanlar könüllü sığortaya meyl etmir. Halbuki inkişaf etmiş ölkələrdə əhali sığorta məsələsinə daha ciddi yanaşır. Ölkədə əhalinin könüllü şəkildə sığortaya cəlb edilməsi üçün müəyyən işlər görülsə də, sığorta sistemi demək olar ki, ancaq məcburi sığorta fonunda baş verir. Milli Məclisin son plenar iclasında çıxış edən millət vəkilləri də Azərbaycanda sığorta sistemi ilə bağlı problemlərin olduğunu qeyd edərək ölkədə sığorta institutunun formalaşmasının vacibliyini irəli sürdülər.

Milli Məclisin deputatı Fəzail Ağamalı söyləyib ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri fəaliyyətlərini inkişaf etmiş ölkələrdə olduğu kimi qurmalıdır: “Azərbaycanda xeyli sayda sığorta şirkətləri var. Lakin həmin şirkətlər hələ də inkişaf etməyiblər. Elə etməliyik ki, sığorta institutu formalaşsın. Bu zaman belə hallar yarananda sığorta şirkətləri baş verən hadisələr zamanı itkiləri ödəyə bilsin”.

Deputat Fazil Mustafa deyib ki, dövlətin hadisələr zamanı ağır yükün altına girməməsi üçün sığorta ilə bağlı inamlı sistem yaradılmalıdır: “İcarə müqaviləsi bağlanan zaman sığorta ilə bağlı tələb qoyulmalıdır. Bu məsələlər qanunvericilikdə də bu əksini tapır. İş adamları iş yerləri açmalıdır ki, insanlar işləsin. Sığorta sistemi canlandırılmalıdır ki, iş adamları mal-mülkü sığorta etdirsin”.

O zaman ortaya sual çıxır. Bəs görəsən sığorta sistemində hansı problemlər var?

Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin ticarət mərkəzində baş verən hadisə ilə bağlı keçirdiyi müşavirədə qeyd etdiyi kimi, Azərbaycanda sığorta sistemində boşluqlar var.

Onun sözlərinə görə, sığorta sistemi xüsusən də biznes və real sektorda ciddi şəkildə inkişaf etməyib: “Biz hər zaman təklif etmişik ki, iri obyektlər (supermarketlər, ticarət mərkəzləri və digərləri) və orada olan məhsulların sığortalanması bu obyektlərin rəhbərləri tərəfindən həyata keçirilsin Bu halların icbari xarakter almasına ehtiyac var. İri obyekt rəhbərləri kifayət qədər iri məbləğdə gəlir əldə edirlər. İri obyektlərdə icarə haqlarının məbləğinin yüksək olduğunu nəzərə alsaq o zaman onlar üçün məhz sığorta xidmətindən istifadə edilməsi icbari xarakter daşımalıdır. Şirkət və ya müəssisə rəhbərləri birbaşa sığortadan istifadə etməklə həmin obyektdə çalışan kiçik sahibkarların məhsullarını sığortalamış olsunlar. Bu, digər tərəfdən sığortaya inamın artırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var. Əslində sığorta sistemində iki mühüm məqam var ki, bunlardan biri inamın aşağı, digəri isə sığortanın əhəmiyyəti ilə bağlı məlumatlandırmanın az olmasıdır”.

İnsanlar sığorta sisteminə niyə inanmır?

Ekspert söyləyib ki, insanların sığortaya inamının artırılması istiqamətində fəaliyyətin gücləndirilməsinə ehtiyac var: “Sığorta Assosiasiyaları bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər. Çünki bəzi hallarda sığorta şirkətlərinin bəzilərinin öz öhdəliklərini yerinə yetirə bilməməsi nəticədə ümumi sığortaya olan inamın azalmasına gətirib çıxarır. Bu da bir sıra hallarda sığorta şirkətlərinin öz öhdəliklərinə ya tam, ya da qismən yerinə yetirməməsi ilə bağlıdır. Məlumatlandırma vacibdir, medianın bu istiqamətdə rolu çox böyükdür. Media sığortanın əhəmiyyəti ilə bağlı həm sahibkarlar, həm vətəndaşlar arasında məlumatlandırma kampaniyası aparmalıdır. Bu da sığortadan istifadə edənlərin sayının artmasına gətirib çıxara bilər. Bütövlükdə baş verən son hadisə bir daha təsdiq edir ki, sığorta sistemi ilə bağlı fəaliyyətin genişləndirilməsi çox vacibdir. Sahibkarların sığortadan istifadə etməsinin təşviq edilməsinə ehtiyac var. Nəticə etibarı ilə həm Maliyyə Nazirliyi, həm də sığorta assosiasiyaları tərəfindən fəaliyyətlərin gücləndirilməsi vacibdir. Sığorta nəticə etibarı ilə həm biznesi gözlənilməyən xərclərdən qoruyur, həm də bu sistemin inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Düşünürəm yaxın dövrlərdə əsas prioritet sığortaya inamın artırılması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi ilə bağlı olmalıdır”.

Azərbaycan qanunvericiliyi sığorta sistemi ilə bağlı nə deyir?

Hüquqşünas Sahib Məmmədov deyib ki, qanunvericiliyə əsasən yalnız üçüncü şəxslər qarşısında olan mülki məsuliyyətin sığortası icbarı olmalıdır: “Yəni yalnız digərlərinə ziyan vurmaqla bağlı risklərin qarşısının alınması icbarı şəkildə həyata keçirilir. Azərbaycanda daşınmaz əmlak və onun istismarı ilə bağlı məsələlər də icbari sığorta sisteminə daxil edilsə də, ölkədə 80-90 faiz nə evlər, nə də qeyri yaşayış sahələrinin icbari sığortası yoxdur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulsa da, bunun məcburi şəkildə tətbiq etmək mümkün deyil. Yalnız əmlak üzərində hüquqları həyata keçirdikdə - alqı-satqı etdikdə, bağışladıqda və ya girov qoyduqda o zaman notariat orqanlarında əmlak sahibləri məcbur olub onu sığortalayırlar. Digər hallarda insanlar əmlaklarını sığortalamaqdan yayınır. İri Ticarət Mərkəzləri, digər obyektlər də daşınmaz əmlak kimi sığortalanmalıdır”.

Satılan məhsula görə sığortanı kim etməlidir?

Onun sözlərinə görə, əsas problemlərdən biri obyektlərdə çalışan ticarətçilərin satdıqları məhsullarının sığortasının olmamasıdır: “Son baş verən hadisə də bunu bir daha təsdiq etdi. Satılan məhsulların sığortası könüllü olduğundan buna ticarətçilər özləri maraq göstərməlidirlər. Könüllü sığortanı icbari etmək üçün də xeyli işlər görülməlidir. Çox təəssüf ki, kiçik ticarətlə məşğul olanların heç birinin satdıqları məhsullara görə fakturası yoxdur. Satılan mallar kassadan keçməlidir. Bunun sayəsində dəyən zərəri bilmək olar. Hətta kassa aparatı yansa belə, bu məlumatlar vergi orqanlarının bazasında qalır. Əks halda həmin məhsullar heç bir sığorta şirkətləri tərəfindən sığortalana bilməz. Bəzən sığorta şirkətləri də risk olan yerləri sığortalamaqdan yan keçirlər. Çünki, onlar düşünür ki, riskli sığorta gələcəkdə onların müflisləşməsinə səbəb ola bilər”.

Çatışmazlıqlar necə aradan qaldırılır?

S.Məmmədov qeyd edib ki, sığorta sistemi ilə bağlı çatışmazlıqları təkcə sığorta sisteminin qüsuru kimi də tətbiq etməməliyik: “Burada işlər kompleks şəkildə həyata keçirilməlidir. Bildiyiniz kimi ölkəyə gələn malların gömrükdən keçməsində əhəmiyyətli şəffaflaşma var. Bundan başqa vergi orqanları tərəfindən fakturasız malların satışı ilə bağlı ciddi cərimələr də nəzərdə tutulub. Bununla yanaşı “Sığorta haqqında” qanunvericiliyə də müvafiq dəyişiklik etməlidir. Xaricdən gələn məhsullarla yanaşı, yerli istehsal da var ki, onların uçotu aparılmır. Xüsusən də kənd təsərrüfatı məhsullarının uçotu yoxdur. Düzdür, kəndli vergidən azaddır. Amma bu, uçotdan azad olmaq demək deyil. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu sistemin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Bu istiqamətdə işlər gedir. Təkcə Azərbaycanda deyil, demək olar ki, bütün post sovet ölkələrində uçotdan yayınan mallar var. Dünyada geniş yayılan sığorta cinayətləri var. Bura malların qəsdlə yandırılması ilə sığorta şirkətlərinin aldadılması daxildir”.

Sığorta mədəniyyətini necə formalaşdıraq?

Hüquqşünas əlavə edib ki, Azərbaycanda sığorta mədəniyyəti yoxdur: “Bu mədəniyyəti formalaşdırmaq lazımdır. Bunun üçün məcbur etmə üsulundan istifadə etmək olar. Misal üçün 5 il bundan öncə piyada keçidlərində avtomobil saxlamadığı halda keçirdik. Lakin sonradan tətbiq olunan cərimələr insanları qaydalara əməl etməyə məcbur etdi. Bəzən mədəniyyət formalaşdırmaq üçün inzibati rıçaklardan istifadə etmək lazımdır”.(sia.az)

AzNews.az