Yaştəyini: Radioizotop tarixləndirmə metodları ilə… Yaştəyini: Radioizotop tarixləndirmə metodları ilə…

Qədim tarixi abidələrin, əşyaların yaşını necə müəyyən etmək olur? - ARAŞDIRMA

Yaştəyini: Radioizotop tarixləndirmə metodları ilə…

Maddi-mədəni irs nümunələrinin və geoloji süxurların yaşının dəqiq müəyyən olunması arxeologiya və geologiya elmləri üçün olduqca vacibdir və bu məqsədlə müxtəlif üsullar, o cümlədən də radioizotop metodlar son illərdə geniş tətbiq olunur. Arxeoloji tapıntıların yaşının radiokarbon metodu ilə təyini ilk dəfə amerikalı alim V. Libbi tərəfindən 1950-ci ildə həyata keçirilmiş və bu işinə görə o, 1960-cı ildə Nobel mükafatına layiq görülmüşdür. Sonrakı dövrlərdə bu metod daha da inkişaf etdirilmiş və təkmilləşdirilmişdir. Hazırda dünya üzrə bu istiqamətdə tədqiqatlar aparan yüzlərlə laboratoriya var və sözügedən tədqiqatlar vasitəsi ilə arxeoloji tapıntıların yaşı təyin edilir, alınmış nəticələr isə ixtisaslaşmış beynəlxalq jurnallarda çap olunur. Hələlik Azərbaycan da daxil olmaqla ümumilikdə Cənubi Qafqaz regionunda bu problemlə məşğul olan ixtisaslaşmış laboratoriya yoxdur. Buna görə də xüsusi əhəmiyyət kəsb edən nümunələr xarici ölkələrə göndərilir və nümunələrin yaştəyini həmin ölkələrdə aparılır.

“Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu

Qeyd olunan problemin həlli istiqamətində mühüm addımlar atan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2016-cı ildə xüsusi tədqiqat qrupu yaradılmış və bu qrup son üç ildə yaş təyininin üç müxtəlif metodunu: Radiokarbon, Termolüminessens və Elektron Paramaqnit Rezonans (EPR) metodlarını mənimsəmişdir. İnstitutun aparıcı elmi işçisi, kimya elmləri namizədi, dosent Sahib Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən Qrupun qarşısına qoyduğu məqsədlər və fəaliyyəti tariximizin saxtalaşdırılmasına qarşı edilən hücumların qarşısını almaq üçün mühüm bir töhfədir. Ümumilikdə, 5 əməkdaşın daxil olduğu sözügedən Qrupun apardığı tədqiqatlarda müasir üsulların tətbiq edilməsi arxeoloji tapıntıların dünya ictimaiyyətinə çatdırılmasına, tariximizin təbliğ edilməsinə və eyni zamanda bu sahədə təcrübəli, yerli mütəxəssislərin yetişdirilməsinə xidmət edir.

Yuxarıda qeyd edildiyi kimi Radiasiya Problemləri İnstitutunun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu bu sahədəki tədqiqatlara son üç ildə başlamış və əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Tədqiqatlar üçün lazım olan bütün cihaz və avadanlıqlar əldə olunmuş, sazlanmış və uyğun metodikalar mənimsənilmişdir. Qrup tərəfindən mənimsənilmiş bu üç metodun birgə tətbiqi arxeoloji qazıntılar zamanı tapılmış artefaktların demək olar ki, hamısını əhatə edir və alınmış nəticələrin düzgünlünü müqayisəli şəkildə yoxlamağa imkan verir. Bu artefaktların sırasına keramika və çini qablar, ağac və digər kömürləşmiş üzvi qalıqlar, skelet və ayrı-ayrı sümük qalıqları və s. daxildir.

Metodlar üzrə fəaliyyət və əldə olunmuş nəticələr

Yaştəyini metodlarından birincisi olan Radiokarbon metodunu tətbiq etmək üçün “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu İnstitutda bütün lazımı avadanlıqlar, o cümlədən nümunə hazırlığı üçün vakuum xətti, TriCarb3100TR maye ssintillyasiya analizatoru və digər yardımçı avadanlıqlarla təmin olunmuşdur.

Qrupun bu metod üzrə əldə etmiş olduğu nəticələrə isə misal olaraq Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən Polutəpə ərazisində ocaq yerindən götürülmüş kömür nümunəsini (e.ə.4550±147 il), Goranboy rayonunun Uzun Rəmə ərazisində kurqandan götürülmüş kömür nümunəsini (e.ə. 3380± 110 il), “Simens Qardaşları”nın Gədəbəy rayonundakı mədənlərindən götürülmüş ağac parçasını (180±35 il), Yardımlı rayonunun Alar kəndi ərazisində yerləşən Sarıbulaq yaylasından götürülmüş kömür nümunəsini (1900±200 il) göstərmək olar.

Radiokarbon tarixləndirmə metodunun yeganə mənfi cəhəti ondan ibarətdir ki, bu metodun tətbiq oluna bilən yaş diapazonu 50.000 ilə qədərdir. Buna baxmayaraq tətbiq olunan digər üsullar bu çatışmamazlığı aradan qaldırmağa imkan verir.

Qədim tarixi abidələrin yaşlarını müəyyən etmək üçün ikinci mühüm metod Termolüminessens metodudur. Bu metod obyektin tarixən kəskin temperatur dəyişməsinə məruz qaldığı ən son zamanı müəyyən etməyə imkan verir. Termolüminessens metodunun tətbiq sahəsinə gəldikdə isə bura stalaqmitlər, kalsit, keramik qablar, vulkanik mənşəli süxurlar və s. qeyri-üzvi tərkibli obyektlər aiddir. Bu metodun üstün cəhətlərindən biri də odur ki, tətbiq oluna bilən vaxt diapazonu 102-108 ildir. Buna görə də 1960-1980-ci illərdən etibarən Termolüminessens metodu “tarixləndirmə” məqsədi ilə arxeoloji nümunələr üzərində geniş tətbiq olunur. Azərbaycanda isə bu metodun geniş tətbiqinə 2016-cı ildən etibarən Radiasiya Problemləri İnstitutunda başlanılıb və hazırda bu metodla qədim arxeoloji tapıntıların tarixi müəyyən olunur. Sözügedən metodun tətbiq olunması üçün xüsusi lazımi avadanlıqlar, o cümlədən “Harshow TLD3500” manual reader, Qamma-spektrometer “Canberra”, 60Co qamma-şüa mənbəyi və digər yardımçı avadanlıqlar və cihazlar mövcuddur.

İnstitutda bu metodla əldə olunan nəticələrdən isə Qəbələ rayonunun Çuxur Qəbələ kəndi ərazisində Qədim Yurd yerində arxeoloji qazıntı zamanı tapılmış keramika nümunəsini (2230±510 il), Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən Polutəpə ərazisindən götürülmüş keramika nümunəsini (e.ə. 4300±170 il) və Fizuli rayonunun İsmayıltəpə ərazisindən götürülmüş keramika nümunəsini (e.ə. 5250±146 il) göstərmək olar.

“Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun tədqiqatlarda tətbiq etdiyi digər – üçüncü bir metod olan Elektron Paramaqnit Rezonans (EPR) metodu da arxeoloji tapıntıların yaştəyinində mühüm rol oynayır və bu metodun da tətbiq oluna bilən vaxt diapazonu 102-108 ildir. Qeyd etmək lazımdır ki, Qrupun istifadəsində olan Elektron Paramaqnit Rezonator, Qamma spektrometr “Canberra” və digər yardımçı avadanlıqları tətbiq etməklə Elektron Paramaqnit Rezonans (EPR) metodu vasitəsi ilə sümük, diş, stalaqmitlər, kalsit və keramik qabların tarixləndirilməsi mümkündür. Yaşı təyin edilən obyektdəki paramaqnit mərkəzlərin qatılığının müəyyən tarixi anda təxminən sıfıra bərabər olması, həmçinin obyektin tarixən kəskin temperatur dəyişmələrinə məruz qalmaması EPR metodunun tətbiqinə imkan verən başlıca faktorlardır.

EPR metodunun tətbiqi ilə əldə olunan ilkin nəticələrdən isə Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən Polutəpə ərazisindən arxeoloji qazıntılar zamanı tapılan insan kəlləsindən çıxarılmış diş nümunəsini (e.ə. 4430±210 il), Yardımlı rayonunun Alar kəndi ərazisində yerləşən Sarıbulaq yaylasından tapılmış diş nümunəsini (1860±200 il), Mingəçevir ərazisindən tapılmış fil dişi nümunəsini (e.ə.275000±10000 il), Azərbaycan Milli Təbiət Tarixi Müzeyindən götürülmüş ətyeyən heyvan dişi nümunəsini (4 milyon il) və Yardımlı rayonunun Arvana kəndində aparılmış arxeoloji qazıntılar zamanı kurqandan tapılan insan dişi nümunəsini (4775±140 il) göstərmək olar.

Əməkdaşlıq əlaqələri, dəstək və təbliğat

“Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu öz tədqiqatlarını Akademiyanın Arxeologiya və Etnoqrafiya, Geologiya və Geofizika institutları, həmçinin Azəbaycan Milli Təbiət Tarixi Muzeyi ilə birgə həyata keçirir. Qeyd etmək lazımdır ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin birbaşa diqqət və qayğısı nəticəsində təcrübəli, multidissiplinar komanda formalaşmış, eləcə də sözügedən Qrupun fəaliyyəti daima dəstəklənmişdir. Yaradıldığı dövrdən etibarən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun tədqiqatlarda aldığı nəticələr isə yerli və “International Review of Applied Sciences”, “Asian Journal of Humanities and Social Studies”, “International Journal of Osteoarcheology” və s. bu kimi bir çox nüfuzlu beynəlxalq jurnallarda məqalə şəklində dərc edilmiş, həmçinin beynəlxalq və respublikadaxili forumlarda müzakirəyə çıxarılmış, konfranslarda elmi ictimaiyyətə təqdim olunmuşdur.

Baba Əliyev
Radiasiya Problemləri İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir

Aybəniz Əhədova
Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi,
“Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun üzvü

.