O dövrdə Gorus-Abdallar-Şuşa yolu Qarabağın taleyini həll erirdi O dövrdə Gorus-Abdallar-Şuşa yolu Qarabağın taleyini həll erirdi

Qarıqışlaq Soyqırımı (LAÇIN) - 1920 - gündəmdə olmayan həqiqətlər

O dövrdə Gorus-Abdallar-Şuşa yolu Qarabağın taleyini həll erirdi

Dığ kəndində ermənilər öz mövqelərini gücləndirmək və Qarabağ üzərinə hücum etmək üçün yerli kəndlərin erməni əhalisini də səfərbər edərək daha 6 min canlı qüvvəni və xeyli hərbi texnikanı Dığ kəndi istiqamətinə cəmləşmişdirdilər. Melik-Şahnazaryan bütün istiqamətlərdə mövqelərini möhkəmləndirməyə çalışırdı. Onun əsas vəzifəsi Zabux körpüsünü və Abdallar kəndini (indiki Laçın şəhərini) nəzarətə götürməklə Qarabağla İrəvan arasında rabitəni təmin etməli, Gorus-Abdallar-Şuşa yolunu daim nəzarətdə saxlamalı münasib şərait yaranarsa Şuşa şəhərinə daxil olaraq oradakı erməni bölmələri ilə birləşməli idi.


Osmanlıdan Qarabağa erməni köçü

Belə bir qarışıq və mürəkkəb şəraitdə daxildən və xaricdən getdikcə artan təziqləri aradan qaldırmaq dövlətçiliyini və ərazi bütövlüyünü qorumaq üçün, gənc Azərbaycan dövlətinin hökumət rəhbərləri durmadan təcili tədbirlər görürdülər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi və orada nəzarətin ələ alınması, Zəngəzurun Gorus və Qafan rayonlarındakı terrorçu erməni silahlı qüvvələrinin ləğv edilməsi, Qarabağın müdafiəsininin təmin edilməsi üçün çox əhəmiyyətli idi.

Bu mübarizənin icrası zamanı Gorus-Abdallar-Şuşa yolu, Qarabağın təhlükəsizliyini təmin etmək üçün qiymətli böyük strateji əhəmiyyətə malik idi. Ümumiyyətlə o dövrdə Gorus-Abdallar-Şuşa yolu Qarabağın taleyini həll erirdi.

Zəngəzurdakı vəziyyətin ağırlığını nəzərə alan Azərbaycan hökuməti, erməni-daşnak silahlı dəstələrinin Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətində hücumlarını dayandırmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun hissələri tərkibində 1919-cu ildə oktyabr ayının 30-da Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi yaradıldı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstənin tərkibində iki qrup var idi.

Birinci dəstədən olan qrupa general-mayor Davud bəy Yadigezarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005 )

Cavad bəy Şıxlınskinin rəhbərlik etdiyi Zəngəzur Ekspedisiya Hərbi Qüvvələrinin tabeliyində olan birinci dəstə Dığ kəndinə doğru şimaldan hərəkət edəcəkdi. Dəstənin rəisi general-mayor C.Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi və suvari bölmələri isə indiki Laçın rayonunun Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalı idilər.

Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərlik etdiyi yerli özünümüdafiə dəstələrinə tapşırılmışdı. O dövrdə, Sultan bəy öz qoçaqlığı ilə tanınan bölgədə böyük nüfuza malik bir şəxs idi. O, Zəngəzur vilayətini erməni təcavüzündən qorumaq üçün, bölgənin bütün kəndlərində özünümüdafiə dəstələri formalaşdıraraq onların gücündən məharətlə istifadə edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordu Komandanlığı planlaşdırmışdı ki, noyabırın 4-nə keçən gecə əraziyə yaxşı bələd olan Sultan bəyin yerli özünümüdafiə dəstələri Keçəldağ strateji yüksəkliyini tutub orada möhkəmlənməli, bundan sonra isə Milli Ordunun hərbi hissələri və bölmələri hücuma qoşulmalı idilər.

Planlaşdırıldığı kimi Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindi şəhərindən Zəngəzura doğru hərəkətə başladı. Zəngəzur torpaqlarından azərbaycanlıları sıxışdırıb qovmağa çalışan ermənilər, mövqelərini genişləndirməyə və gələcəkdə Laçın adlandırılacaq Gorus-Abdallar-Şuşa yolu üzərində nəzarəti tamamilə öz əllərinə almağa hazırlaşmışdılar. Ermənilərə, Gorus və Şuşa əraziləri arasında yerləşən bu koridor üzərində nəzarəti ələ keçirmək üçün Qarıqışlaq və Zarıslı kəndlərini işğal edib orada mövqe tutmaq lazım idi. Buna isə Azərbaycanın ordu qüvvələri və Sultan bəyin özünümüdafiə dəstələri çox ciddi şəkildə mane olurdular. Lakin bu yerli özünümüdafiə dəstələri yalnız yüngül atıcı silahlarla silahlandıqlarından. Ermənilərin nizami ordu qüvvələri ilə mövqe döyüşlərində çətinlik çəkirdilər. Bu dəstələr, bir çox hallarda erməni ordu qüvvələri ilə qarşı-qarşıya açıq döyüşə girmək gücündə deyildilər.

Erməni hərbi qüvvələrinin komandanlığı bölgədə yaranmış müvəqqəti sabitlikdən istifadə edərək öz hərbi qüvvələrini kompektləşdirməklə məşğul idilər. Çox qısa müddət ərzində erməni komandanlığı Rus Ordu bölmələrində xidmət keçmiş əsgər və zabitlərindən ibarət iki çevik alay təşkil etdilər. Hər birində döyüşçülərin sayı 400 nəfərdən ibarət olan bu alaylardan birinə rus ordusunun mayoru Mardi Ayvazyan komandanlıq edirdi. Bu şəxs MelikŞahnazaryanın etibarlı silahdaşlarından idi. O, eyni zamanda Melik-Şahnazaryanla birlikdə Baltik Hərbi Hava Qüvvələrində xidmət keçmişdi. Bu alyın vəzifəsi, indiki Laçın rayonunun Minkənd, Kamallı, Çıraqlı, Əhmədli, Bozlu, Mirik kəndlərini ələ keçirərək, Qarıqışlaq kəndi istiqamətində hərəkət edib, Sadınlar və Sultanlar kəndlərində mövqe tutmuş Azərbaycanın Hərbi qüvvələrini mühasirəyə salaraq məhv edib, Abdallar kəndi üzərində nəzarəti ələ aldıqdan sonra Şuşa şəhəri üzərinə zəfər yürüşü etməli idi.

Ermənilərin bu taktikası Sultanlar və Sadınlar kəndlərindəki Azərbaycan Milli Ordusunun hərbi hissələrinin hücumlarını zəiflətməyə və Keçəldağda mövqe tutmuş Sultan bəyin döyüşçülərinin Dığ üzərinə hücumunun əhəmiyyətini azaltmağa xidmət edirdi. Ermənilərin ikinci alayına Qarabağda gizli şəkildə yaradılmış “müvəqqəti erməni hökumətinin” üzvü Eqiş İşxanyan komandanlıq edirdi. Bu alayın vəzifəsi isə Zəngəzurun Dığ kəndinə toplaşmış erməni silahlılarına birləşmək üçün, Şuşanın Daşaltı kəndindən Şuşa-Abdallar-Gorus şose yolu ilə indiki Laçın istiqamətində irəliləyərək Zarıslı kəndinin azərbaycanlı sakinlərini qovaraq, orada öz mövqelərini möhkəmləndirdikdən sonra, Abdallar kəndi istiqamətindəki yerli özünümüdafiə dəstələrinin müqavimətini qıraraq, Qarıqışlaq kəndindən keçməklə Dığ kəndi istiqamətindəki ön mövqelərin birində yaerləşən Mardi Ayvazyanın batalyonu ilə birləşərək Sultanlar kəndindəki Azərbaycan döyüşçüləri üzərlərinə hücuma keçməli idilər.

Nəhayət həlledici an gəlib çatdı, azərbaycan tərəfinin həmləsi ilə döyüş başlandı. Dığ kəndi istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğurları ilə başladı. Döyüşçülərimiz xüsusi hazırlanmış döyüş taktikası ilə hərəkət edərək cinahlarda boşluqlara yol vermirdilər. Döyüş əməliyyatı uğurla aparılırdı.

Ermənilərin gözləmədiyi belə bir döyüş taktikası onları çaş-baş salmışdı. Erməni komandanlığı həyəcan içərisində idi. Ermənilər döyüşün tempini azaltmaq və Milli Ordunun diqqətini əsas hədəfdən yayındırmaq üçün Zəngəzurdakı türk kəndlərinin dinc əhalisinə divan tutmağa başladılar. Onlar bir gün ərzində Qarıqışlaq kəndi ətrafında 36 nəfər qadın, qoca və uşağı güllələdilər. Meyidləri bir neçə gün ərazidən çıxarmaq mümkün olmadı. Düşmənlərin əsas hədəfi olan Qarıqışlaq kəndi uğurunda şiddətli döyüşlər gedirdi.

Tərəflərdən gah biri gah da digəri üstünlüyü ələ alırdı. Bu döyüşdə yerli əhali xüsusi olaraq şücaət göstərirdi. Qarıqışlaq kəndi uğurundakı döyüşlərində Mardi Ayvazyanın alayı ağır itkilər verirdi. Hərbi taktikadan o qədər də başı çıxmayan Sultan bəyin Mirik kəndindəki könüllüləri Fərman Ələkbər oğlunun rəhbərliyi ilə Mirik qalasının zirvəsində qərar tutaraq Mirik-Quşçu və Bozlu- Qarıqışlaq yollarına nəzarət edır, ermənilərin bu ərazidən Qarıqışlaq kəndi üzərinə yeriməsinə mane olur, hərdən də qəfil və sürətli hücumlar quraraq qısamüddətli döyüşlərlə erməniləri əsas hədəflərdən yayındırırdılar.

Mirik kəndindən olan Fərman Ələkbər oğlu Sultan bəyin yaxın dostu və silahdaşı idi. Onun ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliklər dillər əzbəri olmuşdu. Onu qarabaqara izləyib öldürmək istəyən bir erməni silahlı dəstə, Keçəldağdan Sultan bəyin görüşündən gələn Fərmanın dəstəsini Mirik kəndinin Göybulaq yaylağında qarşıladılar. Uzun müddət davam edən silahlı qarşıdurma Fərmanın qələbəsi ilə başa çatdı. Lakin, döyüşdən sonra kəndə yola düşən Fərman yolda yapıncısının atının tərkindən düşüb döyüş meydanında qaldığını gördü. O, silahdaşları ilə yapıncısını axtarmağa getməyi özünə sığışdırmayaraq, döyüşçülərinə kəndə getmələrini əmr edib özü geriyə döyüş meydanına tək döndü. Onu burada mühsirəyə salaraq tutan ermənilər Gorus şəhərinə aparıb bir müddət orada saxladılar. Sonra xəbər yayıldı ki, ermənilər Fərmanın başını kəsərək Tiflisidə gizli şəraitdə yaşayan erməni generalı Andronikə hədiyyə ediblər.

Deyilənə görə Andronik bu hadisənin sonunun heç də yaxşı nəticələnməyəcəyini bildirərək hətta kədərinii belə gizlətməyib. Ermənilərə qarşı döyüşlərdə Qarıqışlaqdan və ətraf kəndlərdən olan yerli əhali (Sultan bəyin könüllüləri) Azərbaycanın Milli Ordusunun əsgərlərindən heç də geri qalmırdılar. Onlar hamılıqla qadın və uşaqlarını Artəpə (ər təpə) və Zeyvə istiqamətlərindəki dağların zirvələrində gizlədərək özləri öz torpqları uğurunda ermənilərə qarşı ölüm-dirim savaşına atılmışdılar. Hər dəfə düşmən üzərinə hücumlar ermənilərin xeyli sayda canlı qüvvələrinin itirilməsi ilə nəticələnirdi.

Mardi Ayvazyanın alayı çətin duruma düşmüşdü, alayın tamamilə məhv olmaq təhlükəsi var idi. Bunu hiss edən erməni komandanlığı Qarıqışlaq uğurunda döyüşən Mardi Ayvazyanın alayını xilas etmək üçün Gorusdakı Hərbi hissələrdən 1250 nəfər döyüşçüsünü Sultanlar kəndindəki Azərbaycan ordu hissələrini mühasirəyə salmaq üçün Qarıqışlaq kəndi üzərinə yeritdi. Zəngəzur Ekspedisiya Hərbi Dəstəsinin və yerli döyüşçülərin diqqəti Qarıqışlaq və Dığ kəndləri üzərindəki ağır döyüşlərə cəlb edildiyindən, müdafiəsiz qalan Şuşa rayonunun Zarıslı kəndini asanlıqla ələ keçirən Eqiş İşxanyanın döyüşçüləri, Şuşa-Abdallar-Gorus yolu ilə Qarıqışlaq kəndinə Mardi Ayvazyanın köməyinə tələsirdi.

Azərbaycanlıların döyüş əzmini qırmaq üçün, Qarıqışlaq cəbhəsini canlı qüvvə və texnika ilə gücləndirən erməni komandanlığı eyni zamanda Zarıslıdan hərəkətə keçən erməni döyüşçülərinin yolunu səbirsizliklə gözləyirdi. Eqiş İşxanyanın hərbi dəstəsi yollarda azərbaycanlıların özünümüdafiə dəstələrinə böyük itkilər vermələrinə baxmayaraq Qarıqışlaq kəndi ətrafındakı Mardi Ayvazyanın bölmələri ilə birləşdirməyə nail oldu. Ermənilər cəmi bir gün bu qələbəni bayram etdilər.

Qarıqışlaq kəndi ətrafında hərbi təcrübəsi olmayan azərbaycanlı yerli könüllü dəstələrlə erməni nizami ordusunun bölmələri arasında gedən bu qeyri-bərabər döyüşdə Mardi Ayvazyanın və Eqişin döyüşçülərinin xeyli itki versələr də onlar Qarıqışlaq kəndini əliə keçirə bildilər. Döyüşlər başlayandan, bu hadisə ermənilərin azərbaycanlılar üzərində ilk böyük qələbəsi idi. Ermənilər, buradakı Azərbaycan döyüşçülərini geri oturtmaqla Şuşa-Abdallar- Gorus yolu üzərində nəzarəti ələ almağı və Qarabağdakı erməni hərbi qüvvələrlə əlaqələrini bərpa edəcəklərini düşünürdülər.

Ermənilərin bu niyyətlərinin qarşısını almaq üçün Azərbaycanın buradakı ordu qüvvələri və Sultan bəyin partizanları, Qarıqışlaq kəndi ətrafında mühasirə həlqəsi yaratmağa başladılar. Bu ətrafda çox ciddi hazırlıqlar başlamışdı. Sultan bəy Mirikli Fərmanın faciəli ölümündən çox təsirləndiyini və bunun qisasını ermənilərdən alacağını bildirmişdi.

Qarıqışlaq döyüşünün qələbəsini iki gün Qarıqışlaq kəndində istirahət etməklə keçirən erməni döyüşçüləri, azərbaycanlıların Qarıqışlaq ətrafındakı fəaliyyətlərindən yəni mühasirəyə düşdüklərindən çox tez xəbər tutdular. Qarıqışlaq kəndində mövqelərini qoruyub saxlaya bilmığəyəcəklərini dərk edən ermənilər, itirdikləri hərbi qüvvələrini bərpa etmək və yeni döyüşlərə hazırlaşmaq üçün mühasirəni yararaq geriyə çəkilməyə qərar verdilər. Belə ki, onlar Gorusda yerləşdirilən “Zəngəzur diviziyası”-nın Dığ kəndi ətrafındakı hissələrinə birləşmək üçün Malıbəy-Zabux istiqamətində irəliləyərək Zabux körpüsünü ələ keçirib Dığ kəndinə doğru hərəkət etməyi planlaşdırırdılar.

Qarıqışlaq məğlubiyyətini özlərinə bağışlaya bilməyən Sultan bəyin partizanları özlərini bu istiqamətdə döyüşə hazırlaşan kimi göstərsələr də əslində başqa taktika seçdilər. Belə ki onlar Qaragöl ətrafında Keçəl dağ istiqamətinə toplanan çoxsaylı erməni silahlıları üzərinə gözlənilmədən hücuma keçdilər. Əsas diqqəti Qarıqışlaq cəbhəsinə yönəldən erməni komandanlığı da bu hücumdan çaş-baş qalan əsgərlərinə heç bir təcili köməkdarlıq edə bilmədi.

Əsasən xarici muzdlulardan təşkil edilmiş erməni ordusunun bu istiqamətdəki əsgərləri Gorus qəsəbəsindən yan keçərək, Araz çayı istiqamətində qaçmağa başladılar. Sultan bəyin döyüşçüləri pərən-pərən düşən erməni əsgərlərini təqib etməyə başladı. Məğlub edilmiş və canlarını götürüb qaçan erməni əsgərləri yollarda daha 600 nəfər itki verdi. İrana keçmək istəyən yüzlərlə erməni silahlısı, silahlarını sahilə tullayaraq özlərini Araz çayının sularına atırdılar.

Qaça bilməyənlərin bir çoxu elə sahildəcə Sultan bəyin döyüşçüləri tərəfindən məhv edildi və əsir götürüldü. Döyüşü tamamlayıb geri qayıdan Sultan bəy yolüstü Bayandur, Xoznavar, Xənəzək kəndləri də daxil olmaqla Gorus rayonu ətrafında olan daha 15 azərbaycanlı kəndini erməni silahlılarından təmizləməyə nail oldu.

Sultanlar kəndindəki Cavad bəy Şıxlınskinin bölmələri də Qrıqışlaq kəndinin ətrafındakı yollarda və cığırlarda pusqular quraraq ərazini özlərinin nəzarətinə götürmüşdülər. Ona görə də erməni hərbi qüvvələri burada, artıq tələyə düşdüklərini anlayırdılar.

Qarıqışlaq cəbhəsindəki vəziyyətin ağırlığını hiss edən erməni hərbi bölmələri, hücuma keçdiklərini Dığ kəndi ətrafındakı erməni hərbi bölmələrinə bildirmək üçün, ələ keçirdikləri bir neçə müsəlman kəndinə gecə yarısı od vurub yandırdılar. Bu, eyni zamanda Dığ cəbhəsindəki erməni hərbi bölmələrinə Zabux kəndi üzərinə hücuma keçmələrinə bir işarə idi. Çünki Dığ ətrafındakı erməni hərbi bölmələri Zabux körpüsü istiqamətində hücuma keçməklə Qarıqışlaq cəbhəsindən diqqəti yayındıra bilərdi. Döyüş başladı…

Qarıqışlaq kəndindəki Mardi Ayvazyanın və Eqiş İşxanyanın hərbi bölmələri də plana uyğun olaraq Zabux kəndi istiqamətində hücuma keçdilər. Lakin ermənilər Zeyvə və Sultanlar kəndləri istiqamətlərində azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdılar, bir neçə saatlıq döyüşdən sonra erməni qüvvələri itki verərək geri oturduldular. Həmin gecə erməni kəşfiyyatı, Qarıqışlaq kəndindəki bölmələrinə Gorus Sisian rayonları istiqamətində olan hətta bütün dağ yolları və cığırları azərbaycanlıların nəzarəti altında olduğu xəbərini gətirdi…

Qarıqışlaq cəbhəsində artıq məğlub olduqlarını hiss edən Gorusdakı erməni hərbi komandanlığı, Qarıqışlaq kəndindəki bölmələrinə nəyin bahasına olursa-olsun cəbhəni Qarabağ istiqamətində döyüşsüz tərk etmək əmrini verdi. Erməni döyüşçüləri bu əmrə müvafiq olaraq, kiçik dəstələrə bölünərək gecə ikən Qarıqışlaq kəndini Abdallar-Zarıslı-Daşaltı-Şuşa istiqamətində tərk etdilər.

Azərbaycan Ordusunun bu bölgədəki peşəkar hərbi bölmələrinin azlığı və Sultan bəyin döyüşçülərinin ərazinin şimal hissələrində mövqe tutmaları, Azərbaycan tərəfinə ermənilərin Abdallar-Zarıslı-Daşaltı-Şuşa istiqamətdə ermənilərin yollarını bağlamağa imkan vermədi. Çox sonralar o müdhiş gecə barəsində erməni tarixçisi Z.Şahnazarov xatirələrində yazırdı: “Biz Qarıqışlaq kəndindən çıxarkən, əhaliyə məxsus bütün əmlakı özümüzlə göyürdük, kənddə bir pişik belə qalmadı, evlərə od vurub oradan çıxdıq. Ətraf kəndlərdən topladığımız atlardan nəqliyyat vasitəsi kimi istifadə etdik. Əldə etdiyimiz bütün əmlakı itki vermədən özümüzlə əvvəlcə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə gətirdik.” (Zare Melik-Şaxnazarov Zapiski karabaxskoqo soldata, Moskva, 1995).

Azərbaycan tərəfinin uğurla başlayan Zəngəzur əməliyyatının müvəffəqiyyətlərini əldə saxlamaq mümkün olmadı. Belə ki, canlı qüvvələrin azlığı, qida və silah sursatların çatışmazlığı Azərbaycan ordusuna əməliyyatın masştabını genişləndirməyə imkan vermirdi. Düşmən qüvvələrinin çoxluğu və onların peşəkarlıqla dağ şəraitinin imkanlarından yüksək səviyyədə istifadə etmələri, azərbaycan ordusunda isə təminat məsələlərinin vaxtında həll olunmaması, ordumuzun sürətlə irəliləməsinə mane olurdu.

Azərbaycan ordusunun hərəkəti üçün ərazidə münasib yolların və istehkamların olmaması da problemlər yaradırdı. Eyni zamanda döyüş bölgəsindəki körpülərin və yolların çoxunun düşmən qüvvələri tərəfindən dağıdılması Azərbaycanın qoşun bölmələrinin hücumlarını ləngidirdi. Ona görə də noyabırın 3-dən 7-dək Dığ üzərinə yeriyən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun bölmələri qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyərək yeni hücumlara hazırlaşmaq üçün ilkin mövqelərinə qayıtmağa məcbur oldular. General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005)

Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatı başa çatdırılmadan dayandırıldı. Belə ki, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və Erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verildi. Rəsmi şəkildə müharibə dayandırılsada, Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanları, zorlama və qırğınların qarşısını almaq mümkün olmadı. Qarabağın mərkəzi olan Şuşa şəhərində ermənilərin fəallığı xüsusi olaraq artırdı. Azərbaycanın müxtəlif bölgələrində etnik zəmində daxili ziddiyətləri qızışdıran Rusiya burada erməni faktorundan xüsusi olaraq faydalanırdı.

Nə yolla olursa-olsun Azərbaycanı öz maraq dairəsində saxlamaq istəyən Rusiya, Cənubi Qafqazda ermənilərdən bir alət kimi istifadə edərək bu ərazilərdə yaratdığı münaqişə ocaqlarından yararlanmaqla bölgədə öz təsirini qoruyub saxlamağa çalışırdı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti getdikcə azğınlaşan erməni millətçilərinin silahlı müdaxilələrinin qarşısını almaq üçün, Qarabağda və Zəngəzur qəzasında əhalinin müdafiəsini möhkəmləndirmək üçün 1919–cu ilin yanvar ayının 13-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general–qubernatorluğunu yaratmağa məcbur oldu. Qarabağ general-qubernatoru vəzifəsinə əslən Zəngəzurlu (Laçınlı) Xosrov bəy Paşabəy oğlu Sultanov təyin edildi. Xosrov bəy fəaliyyətinin elə ilk günlərindən erməni silahlıları ilə mübarizəyə ciddi başladı.

X.Sultanov Şuşaya gələn kimi şəhərdə qayda yaratmaq, erməni silahlılarını zərərsizləşdirmək üçün əhalinin şəhərə giriş və çıxışlarına 1Mart 2020-ci ildən qadağa qoydu. Şəhərdə böyük silah arsenalına malik xeyli sayda erməni silahlıları gizlənirdi. X.Sultanovun dəstəsində olan əsgərlərin sayı Şuşada genişmiqyaslı əməliyyat aparmağa kifayət etmirdi. O, mart ayının 12-də Zəngəzurun (indiki Laçın rayonun) Hacı – Samlı kəndindən 150 nəfər döyüşçü gətirilməsinə göstəriş verdi.

1920-ci ilin mart ayında Qərbi Azərbaycanın Böyük-Vedi, Zəngibasar əyalətlərində erməni silahlıları xeyli aktivləşmişdilər. 22 Mart 1920-ci ildə səhər tezdən Şuşada erməni silahlılarının zərərsizləşdirilməsinə başlandı. Erməni mənbələrinin verdiyi məlumata görə həmin gün Şuşada 400, ətraf kəndlərdən 160, Füzulidən isə 90 nəfər hərbçi və zabit heyəti həbs edildi. (Арсен Микаелян, Последние события в Карабахе, Родина, 1923, № 12, Бостон).

Sultanovun bu qərarından sonra ermənilər şəhəri yandırmağa başladılar. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün Erməni Müvəqqəti Hökumət üzvlərinin tabeliyində olan evlərin zirzəmilərində gizlədilən silah sursatları ev qarışıq və Sultanova itaət edən ermənilərin evlərinidə yandırırdılar. Onlar qısa müddət ərzində 7000 dən çox ev yandırmışdılar.

Martın 23-də Qarabağ Hərbi Məsləhət Şurasının üzvü. Samson bəy Məlik-Şahnazaryan, Zare Şahnazaryan əmrə tabe olmadıqlarına görə öldürüldülər. (Воспоминания участника событий 1918-20 гг. в Нагорном Карабахе), Москва, 1995.)

O, Şuşa şəhərindəki Topçu və Davıdovski küçələrində yerləşən varlı erməni evlərinin zirzəmilərində erməni ordusu üçün gizli silah istehsalı ilə məşğul olan Qriqor Baqdatyanın rəhbərlik etdiyi qrupu, Amo ləqəbli mauzer ustası Armenak Dovlatuventsi və onun da təmsil olunduğu digər bir silahlı qrupu, eyni zamanda Şuşadakı erməni bazarında silah alveri ilə məşğul olan bütün silah alverçilərini eyni gündə həbs etdi.

Qarabağdakı erməni silahlılarına qarşı mübarizəyə başlayan Xosrov bəy çox qısa müddət ərzində Dro ləqəbli general (Drastamat Kanayan)ın və Nejde ləqəbli (Qaregin Ter-Artunyan)ın muzdlu silahlı dəstələrini darmadağın edə bildi.

Qarabağda gizli şəkildə fəaliyyət göstərən “Qarabağ müvəqqəti erməni hökuməti” bütün tərkibini buraxaraq Şuşanı tərk etdi. Bununla da bu “hökumət” Azərbaycanın siyasi səhnəsindən birdəfəlik silindi. Qarabağda müvəqqəti də olsa möhtəşəm bir sakitlik və əminamanlıq yarandı. Xosrov bəy Qarabağda erməni seperatizminin kökünü kəsmək üçün barışmaz və amansız bir mübarizə apardığı üçün erməni Daşnak partiyası onu “erməni millətinin düşməni” adlandıraraq öldürülməsinə fitva verdi.

Əlbəttə, Azərbaycanda hadisələrin bu cür gedişi erməniləri razı sala bilməzdi. Ermənilər nə yolla olursa-olsun Qarabağda Azərbaycan Hökumətini devirmək istəyirdilər. Odur ki, Qarıqışlaq cəbhəsindəki məğlubiyyətin acısını yaşayan Muxan ləqəbli kapitan Melik-Şaxnazaryan Samson Osipoviç yeni hərbi səfərbərlik etmək üçün Tiflis şəhərinə yollandı. Onun məqsədi Tiflisdəki Velikoknyajevsk küçəsində gizli şəraitdə yaşayan erməni generalı Androniki Qarabağ üzərinə döyüşə getməyə razı salmaq idi. O düşünürdü ki böyük döyüş təcrübəsi və yüksək hərbi savadı olan Androniki Qarabağ uğurunda gedən döyüşlərə rəhbərlik etsə o zaman Qarabağda Azərbaycan hökumətini devirmək mümkün olacaq.

Andronik Cənubi Qafqazdakı erməni iş adamlarından və erməni ordusunun hərbi rəhbərlərindən narazı idi və o qısa zaman içərisində Qafqazı tərk edərək ömrünün qalan hissəsini xaricdə yaşamaq istəyirdi. Lakin, Samsonla görüşdən sonra onda türklərə qarşı olan kin və ədavət hissi üstün gələrək bu səfəri təxirə saldı. Əlbəttə onun yanına “Muxan” kimi təcrübəli və nüfuzlu bir döyüşçünün gəlməsi Zəngəzurda vəziyyətin heç də yaxşı olmadığından xəbər verirdi.

“Muxan”la bir xeyli məşvərətdən sonra Andronik bir şərtlə Qarabağ üzərinə döyüşə getməyə razılaşdı ki, Qarabağın və Zəngəurun bütün yerli sözükeçən erməni ağsaqqalları və imkanlı iş adamları Tiflisə gələrək onunla görüşə razılıq versinlər. “Muxan” generalın bu arzusunu dəyərləndirərək erməni keşişləri vasitəsi ilə Qafqazda yaşayan bütün ermənilərə çatdırdı.

Bu çağırış erməni liderlər arasında heç də birmənalı qarşılanmadı. Çünki erməni iş adamlarının bir çoxu öz vəsaitlərini belə uğursuz döyüşlərə xərcləmək istəmirdilər. Elə ona görə də, Andronikin görüşünə Qarabağdan və Zəngəzurdan cəmi 17 nəfər erməni iş adamı gəldi.

Bunu özünə həqarət kimi qəbul edən general bu hadisədən xeyli sarsıldı. O, bu varlı insanlara başa salmaq istəyirdi ki, artıq Cənubi Qafqazda bütün çıxışlar ermənilərin üznə bağlanıb, onlar zorla əldə etmək istəməsələr bölgədə həyat onların üzünə qapanacaq. Bunu əyani olaraq sübut etmək üçün qonaqların əyləşdikləri otağın qapı və pəncərələrini qıfılla bağlayaraq, bağlı otaqda qonaqları otaqda qabaqcadan tədarük etdiyi ağacla döyməyə başladı. O, qonaqlarını ağacla var gücü ilə döyür və çığıra-çığıra deyirdi: “Baxın… sizin bütün çıxış yollarınız bağlıdır, hətta siz qaça da bilmirsiniz. Yol tapa bilməsəniz burada siz məhv ola bilərsiniz!..” General sonra döyülmüş və təhqir olunmuş erməni ağsaqqallarını və iş adamlarını azad edərək bildirdi ki, indi gedin bu hadisəni hamıya danışın qoy bu başqalarına da dərs olsun. Sizin yeganə çıxış yolunuz orduya vəsait xərcləməkdir, heç birinizin başqa çıxış yolu yoxdur. Orduya maddi köməklik göstərməsəniz bu bölgələrdə heç birinizin yaşamaq haqqı olmayacaqdır.

Artıq Sultanlar və Sadınlar kəndlərində döyüş mövqeyi tutan Milli ordumuzun hissələri, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və Erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verərək, ölkənin içərilərinə doğru geri çəkildilər. Çünki erməni tərəfi azərbaycanlıların üzərinə hücum etməyəcəkləri barədə öhtəlik götürmüşdülər.

Yolların tamamilə təhlükəsiz olduğuna əmin olan general Andronik Tiflisdə səfərbərliyə aldığı beş minlik muzdlu ordu ilə Zəngəzura daxil oldu. Bir neçə gün Gorusda dayanan erməni komandanı əslində Azərbaycanın hərbi bölmələrinin Zəngəzurun kəndlərindən tamamilə çıxıb çıxmadığını yoxlayırdı. Erməni kəşfiyyatının gətirdiyi məlumatlardan sonra rahatlanan erməni ordusunun komandanı artıq arxayınlıqla Qarabağ üzərinə gedərsə heç bir problemin olmayacağına əmin oldu.

O, özünün muzdlu terrorçu silahlı qüvvələri ilə bərabər Gorus-Abdallar-Şuşa istiqamətindən Qarabağa daxil olmaq üçün hazırlıqlara başladı. Onun niyyəti, Azərbaycanın Milli hökumətini Qarabağda devirərək, Gəncə, Quba, Şamaxı bölgələrinin də erməni mülki əhalisini və hərbi qruplaşmalarını Azərbaycan hökumətinə qarşı qaldıraraq, ölkədə itaətsizlik yaratmaqla, AXC Hökumətini daxildən sarsıtmaq istəyirdi. Andronik bu arzularla beş minlik ordu ilə Gorus-Abdallar-Şuşa yolu ilə Zabux kəndini keçərək Zabux istiqamətindən Qarabağa doğru hərəkətə keçdi.

Andronikin gəlişindən əvvəlcədən xəbər tutan Qarabağ general-qubernatoru Xosrov bəy, qardaşı Sultan bəyə, bu ordunu Zəngəzurda qarşılamağa göstəriş verdi. Sultan bəy necə məsuliyyətli bir işin altına girdiyini yaxşı anlayırdı. O, öz partizan dəstəsi ilə müqayisədə sayca özündən dəfələrlə üstün olan Andronikin qoşunlarını qəfil hücumlarla yaxalamaq istəyirdi. Bunun üçün o, bölgədə tamamilə səssizlik şəraiti yaratmaqla generalı yolun təhlükəsiz olduğuna tam əmin edə bilmişdi.

Sultan bəy Andronikin gəlişindən bir neçə gün öncə strateji cəhətdən çox əhəmiyyətli olan Zabux-Abdallar istiqamətində “Tat dərəsi” deyilən pöhrəlik bir ərazidə döyüş mövqeyi seçərək pusqu qurmuşdu. Bu ərazi çox girintili-çıxıntılı uzun bir dağ silsiləsidir. Bu ərazinin dərin uçurumlarla əhattə olunan ətəyindən Həkəri çayı axıb keçir. Bu dərədən keçən yolun həm aşağı və həm də yuxarı hissələrində keçiləsi mümkün olmayan uçurumlar bir-birini tamamlayır.

Əslində mühasirə şəraiti yaratmaq üçün bu ərazi çox ustalıqla seçilmişdi. Nəhayət gözlənilən an gəlib çatdı Andronikin qoşunları tamamilə dərəyə daxil olduqdan sonra Sultan bəyin partizanları pusqudan çıxaraq qoşunu müxtəlif istiqamətlərdən xüsusən də arxa və qabaq tərəflərdən atəşə tutdular. Gözləmədikləri bu hücumdan təşvişə düşən erməni bölmələri çaşqın vəziyyətdə hətta biri-birinə atəş açırdılar. Burada təqribən bir günlük çox şiddətli döyüş getdi. Bu döyüş zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlik başının dəstəsi ilə Gorus istiqamətdə qaçmağa imkan tapdı. Şahidlərin dediyinə görə həmin gün bu dərədə «qan su kimi Həkəri çayına axırdı».

Dərə bu döyüşdən sonra xalq arasında «Qanlı dərə» adlandırıldı. Bu biabırçı məğlubiyyətdən sonar erməni generalı Andronik Tiflisə gedərək oradan Amerikaya yola düşdü. Onu hüzünlü və pərişan durumda erməni ordusunun generalı F.Nazarbekov, Samson Melik-Şahnazaryan və digər hərbçilər yola saldılar. Andronik ömrünün sonuna qədər bu məğlubiyyətin acısını yaşadı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin başı Zəngəzurda və Qarabağda erməni separatçılarının hücumlarını dəf etməyə qarışdığı bir zamanda, Rusiya Dağıstan və Həştərxan (Astrxan) vilayətlərinin ərazilərindən qurudan və sudan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinə hücum etdi. 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın hərbi təcavüzü nəticəsində süqut etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra (29 noyabr 1920-ci il tarixdə) Rusiya Zəngəzur da daxil olmaqla Azərbaycanın 9 mahal və qəzalarını birləşdirərək Ermənistan Respublikası adlı bir dövlətin yaradıldığını elan etdi. Bu Rusiyanın işğalı altındakı Azərbaycan torpaqları üzərində yaratdığı, bəşər tarixində ilk dəfə adı çəkilən ilk erməni dövləti idi. Bu hadisədən sevinərək gözləri yaşaran bir Fransız jurnalisti yazırdı: «Bu bəşəriyyət tarixinə müstəqil erməni dövləti kimi daxil olan yeganə dövlətdir».

Mənbə:

Süleymanov.M., Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı 1999.
Birinci dünya hrbinde türk harbi Kafkas cabhesi 3-cü ordu hrekatı, s.2 Ankara, 1993.
Yüceer Nasir, birinci Dünya savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan herakatı, Ankara, 1996.
Zare Melik-Şahnazarov Zapiski karabaxskoqo soldata. Moskva 1995.
Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. I., Bakı., 2005
Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005
Məmmədli A., Ermənilərin gerçək tarixi. Bakı-elm., 2005
Дьяконов И.М. Предыстория армянского народа. М., 1968.
Шавров Н. Новая угроза русскому делу в Закавказье, Баку,Элм 1990.
İsmayılov F., “Məcburən erməniləşdirmə” Bakı, 2007-ci il
Vəliyev M.H. /Baharlı/. Azərbaycan. –Bakı: Azərbaycan, 1993. -192s.
Qarabağnamələr, 1-ci кitab, Baкı, «Yazıçı», 1991
Qarabağnamələr, 2-ci кitab, Baкı, «Yazıçı», 1991

Faiq İSMALILOV