Rəsmi Bakı Üçtərəfli Bəyanatın müddəalarını həm İrəvana, həm də Moskvaya yenidən xatırladır Rəsmi Bakı Üçtərəfli Bəyanatın müddəalarını həm İrəvana, həm də Moskvaya yenidən xatırladır

İlham Əliyevin Şuşa bəyanatı və Ermənistanın revanş planları – TƏHLİL

Rəsmi Bakı Üçtərəfli Bəyanatın müddəalarını həm İrəvana, həm də Moskvaya yenidən xatırladır

Noyabrın 8-də Azərbaycanın İkinci Qarabağ Savaşındakı tarixi və qətiyyətli qələbəsinin ikinci ildönümündə prezident İlham Əliyev Şuşaya səfər etdi. Azərbaycanın mədəniyyət paytaxtında təşkil olunan Zəfər tədbirlərində iştirak edən dövlət başçısı söylədiyi nitqdə “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğalına son qoyulmasının arxa planına nəzər saldı, müharibənin gedişatı ilə bağlı müəyyən məqamlara toxundu və mövcud vəziyyətdən çıxış yollarını göstərdi. Dövlət başçısının çıxışında diqqət çəkən mühüm nüanslardan biri Praqa və Soçi görüşlərindən sonra ilk dəfə hərbi ritorikanın xeyli güclənməsi idi. Bunun ən başlıca səbəbi isə, prezidentin dediyi kimi, Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırması, hərəkətə keçməsi və Nikol Paşinyan hökumətinin bu prosesə müxtəlif vasitələrlə təkan verməsidir.

Revanşizmin Ermənistanın siyasətində yenidən ön plana çıxmasının ən bariz sübutları İrəvanın ən müxtəlif dövlətlərlə sövdələşməyə girərək 44 günlük müharibədə məhv olmuş işğalçı ordusunun arsenalını bərpa etmək və şəxsi heyətini yenidən komplektləşdirmək cəhdləridir. 13 sentyabrdakı Zəngəzur döyüşləri göstərdi ki, bu cəhdlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə Azərbaycan ordusu qarşısında davam gətirməyə imkanlar yaratmır, lakin İrəvanı zaman-zaman yeni hərbi təxrtibatlara təhrik edir. Heç kimə sirr deyil ki, 44 günlük müharibədə Ermənistan ordusunun cəbbəxanasının və insan resurslarının yarıdan çoxu məhv edilib. Belə bir vəziyyətdə Ermənistan yeni hərbi təxribatlar törətməkdən çəkinmirsə, deməli, diversiya planları hansısa kənar mərkəzlərlə birgə hazırlanır. Ermənistanın siyasi və hərbi elitası ilə görüşən əcnəbi qonaqların, xüsusən də bu qonaqlar arasındakı yüksək rütbəli hərbiçilərin siyahısına diqqət etdikdə, həmin mərkəzlərin ünvanları açıq görünür. Elə bu səbəbdən də Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanı xəbərdar etdi ki, rəsmi İrəvan küyə getməməli və sülh danışıqlarında səmimi olmalıdır:

“Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.

Prezident onu da sözlərinə əlavə edib ki, Azərbaycan yeni müharibə yox, davamlı sülh istəyir. Azərbaycanın sülh gündəminin maddələri kifayət qədər aydındır. Rəsmi Bakı Ermənistana beynəlxalq hüququn əsas prinsiplərinə söykənən konkret şərtlər təqdim edib. Ermənistan rəhbərliyi üzdə və sözdə həmin şərtləri qəbul etdiyini vurğulasa da, Nikol Paşinyan çeşidli beynəlxalq dairələr arasında vurnuxaraq barışa doğru əməli addımlar atmır. Ermənistanın baş naziri hazırda rastına çıxan təsirli dövlətlərin başçılarına “göy muncuq” paylamaqla yeni status- kvo yaratmağa səy göstərir. Bu baxımdan erməni politoloq Suren Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevin Şuşadan İrəvana etdiyi xəbərdarlıqları şərh edərkən “status-kvonu əldə etmək və saxlamaq mümkündürmü” sualına verdiyi cavab diqqət çəkir.

SİTAT:

“Təbii ki, bir çox dövlətlər üçün regionda maraqlarını gücləndirmək və inkişaf etdirmək baxımından status-kvonu saxlamaq faydalıdır. Ancaq status-kvonun necə olacağına biz yox, qlobal oyunçular, regional supergüclər öz maraqlarından çıxış edərək qərar verəcəklər. Rusiyanın təklif etdiyi paket, təbii olaraq onun regiondakı maraqlarından irəli gəlir. Yəni rus qoşunlarının Qarabağda qalması üçün statusun müəyyənləşməsi sonraya buraxılır. Qərb variantına görə isə, “Artsax”ın Azərbaycana verilməsini nəzərdə tutulur. Nəticədə orada rusların bir işi qalmayacaq. Yəni əsas məqsəd Rusiyanı regiondan sıxışdırmaq və ya heç olmasa onu balanslaşdırmaqdır”.

“İntibah” Sosial Araşdırmalar və Siyasi Təhlil Mərkəzi öz analitik materiallarında dəfələrlə qeyd edib ki, Nikol Paşinyanı iqtidara gətirən qüvvələr ondan Rusiya hərbi bazalarını Ermənistandan çıxarmağı tələb edirlər. Bu tələb gec-tez Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Bu qaçılmaz ehtimal qarşısında vaxt udmaq üçün Nikol Paşinyan topu Azərbaycanın meydançasına atmaq məqsədilə Soçidə “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması” barədə Üçtərəfli Bəyanata zidd təkliflə çıxış etdi. Təbii ki, onun primitiv fəndi bir işə yaramadı və Soçi Bəyanatında yer almadı. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev Üçtərəfli Bəyanatın müddəlarını həm İrəvana, həm də Moskvaya yenidən xatırladaraq “Rusiya paketi”nə əsasən Xankəndi və çevrəsində yeni status-kvo yaratmaq cəhdləri ilə Azərbaycanın heç bir halda razılaşmayacağını ifadə etdi:

“Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Rəsmi Bakı, əlbəttə, Xankəndə baş verənləri çox diqqətlə izləyir və nəzərdən qaçırmır ki, istər milyarder Ruben Vardanyana seperatçı-cinayətkar rejimdə vəzifə verdirməklə, istərsə də çirkli pullar hesabına Azərbaycana qarşı kütləvi aksiyalar təşkil etməklə Moskva regionda yeni kombinasiyalar qurur. Bu gedişlər Ermənistandakı revanşist qüvvələrin əl-qolunu açmaqla yanaşı, Azərbaycanı Rusiyadan Üçtərəfli Bəyanata əsasən Xankəndidəki seperatçı rejimin və işğalçı Ermənistan ordsunun qalıqlarının aradan qaldırılması istiqamətində konkret addımlar atmağa vadar edir.

Azərbaycan Prezidenti qətiyyətlidir:

“Mən bir daha demək istəyirəm, o öhdəliklər hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.

Azərbaycan lazımi addımları hələlik Rusiya sülhməramlılarının hərbi məsuliyyət zonasında deyil, diplomatik masada atır və Xankəndi üzərində suverenliyini 2025-ci ilə qədər bərpa etməyə çalışır. Zəngəzur dəhlizinin açılması və ya açılmaması bu baxımdan Azərbaycan üçün prinsipial səciyyə daşıyır. Proseslər göstərir ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat kanalının dəhliz məntiqini qəbul etmir, Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, hərəkətin MANEƏSİZ həyata keçirilməsinə imkan yaratmaq istəmir. Üçtərəfli Bəyanata əsasən, dəhlizdə təhlükəsizliyə Rusiya FTX-nin bölmələri nəzarət etməlidir və Ermənistan bu məsələdə Moskvaya dirsək göstərir. Rusiya prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin bu diplomatik əxlaqsızlığına necə və niyə dözür? Bu, Azərbaycanın problemi deyil. Ancaq Üçtərəfli Bəyanat artıq əhəmiyyətsizdirsə, rəsmi Bakı Laçın dəhlizini nədən qapatmasın və Xankəndini ilk növbədə sosial-iqtisadi rıçaqlarla Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmağa vadar etməsin?

Ən azından Moskva da, İrəvan da bilməlidir və bilir ki, Üçtərəfli Bəyanata əsasən Azərbaycan ordusunun tutduğu mövqelərdən irəli getməmək öhdəliyi əbədi deyil, Qarabağda Rusiya sülhməramlılarının qalma müddəti, o cümlədən Laçın dəhlizindən (çəkilmiş alternativ yoldan) ermənilərin sərbəst hərəkətinə verdiyi zəmanətin vaxtı eynidir və cəmi 5 ildir. Azərbaycanın göstərilən vaxtın bitməsinə 6 ay qalmış müddəaya xitam verilməsi üçün öz mövqeyini tərəflərə çatdırması Rusiya sülhməramlılarının bölgədən çıxmasını məcburi şərt edəcək. Bununla Üçtərəfli Bəyanat qüvvədən düşəcək, nəticədə Azərbaycan ordusunun Xankəndiyə girməsini əngəlləyəcək hər hansı öhdəlik və Laçın dəhlizini qapamamaq üçün bir səbəb qalmayacaq.

Görünür, öz destruktiv siyasətinin nəticələrini təxmin etdiyindən Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanın Laçın dəhlizini bağlaması ehtimalından əndişə ilə danışmağa başlayıb. Ermənistan həm də ona görə, necə deyərlər, qabaqdangəlmişlik edir ki, alternativ Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdiyini çox yaxşı bilir.

Yeri gəlmişkən, Azərbaycan prezidentinin Şuşadan verdiyi açıqlamalar Ermənistan hökumətinin iclasında da müzakirə mövzusu olub və Nikol Paşinyan rəsmi Bakıya “cavab səciyyəsi” daşıyan bir sıra “təkliflər” səsləndirib. N. Paşinyan Qarabağda Ermənistan ordusunun olmadığını, bölgədə demilitar zona yaradılarsa, "Artsax" ordusunda ixtisarlar aparılacağını, nəhayət, Azərbaycanla Ermənistanın 1991-ci ildəki sərhəd zonasında 3 kilometrlik neytral bölgə yaradılmasını təklif etdiyini açıqlayıb. Göründüyü kimi, N. Paşinyanın bütün mesajları Azərbaycana qarşı işğalçı siyasət kontekstindədir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı son görüşü bu kontekstin tezliklə dəyişməsinə ümid yaratmır. Bu isə artıq sona çatmaqda olan ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını sual altına alır. “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər” deyən Azərbaycan prezidenti Ermənistanın sülhə necə məcbur ediləcəyini açıqlamasa da, İlham Əliyevin Şuşa bəyanatının bütün ştrixləri göstərir ki, rəsmi Bakı İrəvanın hərbi revanş hazırlığını diqqətlə izləyir və cavab tədbirləri görməkdən qətiyyən çəkinməyəcək.

“İntibah” Sosial Araşdırmalar və Siyasi Təhlil Mərkəzi