Yeganə Hacıyeva: “Bunu əsaslandırılmış şəkildə edə bilsək, yatağın fəaliyyətini dayandırmaq da mümkün olar” Yeganə Hacıyeva: “Bunu əsaslandırılmış şəkildə edə bilsək, yatağın fəaliyyətini dayandırmaq da mümkün olar”

Amulsar qızıl yatağında pul qazanan Paşinyan Qafqaz xalqlarını zəhərləmək yolu tutur...

Yeganə Hacıyeva: “Bunu əsaslandırılmış şəkildə edə bilsək, yatağın fəaliyyətini dayandırmaq da mümkün olar”

Ermənistan rəhbərliyinə beynəlxalq təzyiq nəticəsində Amulsar qızıl yatağının istismarı Qafqaz regionunda suxurun keyfiyyətinə, ümumilikdə Xəzəryanı dövlətlərin ekologiyasına təhlükə törədə bilər.

Ortada yoxsul Ermənistanın xəzinəsinə milyonlarla vəsaitin daxil olması və Qərb ölkələrinin iri maraqları dayanır. Bu vəziyyətdə, aydındır ki, Amulsar layihəsinin işlənməsi qaçılmazdır. Daha az taleyüklü məsələlərə dərhal reaksiya göstərən beynəlxalq ictimaiyyət bu fakta ləng reaksiya verir. Amma bütün Xəzər hövzəsinin həssas ekosistemi, beş Xəzəryanı dəvlətin əhalisinin həyatı və sağlamlığına təhdid qalmaqdadır.

Ermənistanın bütün bölgəni ekoloji fəlakət halına salan bu davranışına hansı reaksiya verilməlidir?

AzNews.az-ın məlumatına görə, Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda inqilabdan sonra Paşinyan loyal çoxluğun, xüsusilə müxtəlif iqtisadi qrupların təmsilçiliyi ilə hakimiyyətə gəldi:“Hələ İrəvan küçələrində etirazlara rəhbərlik edən Nikol Paşinyanın həyat yoldaşının ölkədə maraqları və gözləntiləri olan transmilli korporasiyaların nümayəndələri ilə görüşləri və götürdükləri öhdəlikləri mövcud idi. Həmçinin Paşinyanın seçki kampaniyası ərəfəsi komandasının sıx kontaktda olduğu biznes dairələri ilə də razılaşmalar mövcud olub. Bunlardan biri də “Lydian Armenia” şirkətidir və bu şirkət Amulsar qızıl yataqlarına 2016-cı və 2019-cu illərdə 400 milyona yaxın maliyyə yatırıb.

Bu şirkətlə yeni hökumət Amulsar dağındakı qızıl yatağının işlənməsi ilə bağlı çərçivə razılaşma sənədi imzalayıb. Müqavilənin şərtlərinə görə, Ermənistan hökuməti, şirkətlə danışıqları ləğv edəcəyi halda, şirkətin investisiya formasında yatırdığı 400 milyon dollarlıq maliyyədən kənarda həm də 700 milyon dollar cərimə ödəməlidir. Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət olunacağı halda bu məbləğ daha çox olacaq. Bu isə o deməkdir ki, Ermənistanı da Qərbi Afrika ölkəsi Nigeriyanın aqibəti gözləyə bilər. Xatırladım ki, Nigeriya da qaz yataqlarının işlənməsi ilə bağlı İngiltərə şirkəti ilə ləğv etdiyi sazişə görə arbitraj məhkəməsi tərəfindən 9 milyard dollar cərimə edildi.

Cərimənin tətbiqi kiçik büdcəli Ermənistan üçün defolt təhlükəsi yaradar ki, onun bu yükün altından çıxması mümkün olmaz”.

Yeganə Hacıyevanın sözlərinə görə, Ermənistanın Amulsar qızıl yatağının istismarının Qafqaz regionunda suxurun keyfiyyətinə, ümumilikdə Xəzəryanı dövlətlərin ekologiyasına təhlükə törədə bilməsi haqqında ekspert rəyləri mövcuddur: “Bu onunla izah edilir ki, həmin yatağın birbaşa təmasda olduğu Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən axan Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur. Bu halda isə Xəzəryanı ölkələrin mövzuya qarışması üçün hüquqi əsası mövcuddur.

Məsələ ondadır ki, 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövləti həm də Xəzərin ekoloji vəziyyətinə cavabdeh bir ünvan kimi tanıyır.

Çünki Konvensiya Xəzər dənizində həm də ekoloji münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Diğər məsələlərlə bərabər Konvensiyanın müəyyənləşdirdiyi hüquqi öhdəliklər bəlli çərçivə və anlayışları müəyyənləşdirib. Yəni Xəzərin taleyi ilə bağlı Konvensiyaya imza atan ölkələr öz sözlərini deyə bilərlər. Düşünürəm ki, bunu əsasandırılmış şəkildə edə bilsək, yatağın fəaliyyətini dayandırmaq da mümkün olar”.