Orxan Məmmədov: "Azərbaycan-Özbəkistan dialoqu real nəticələr verməkdədir"

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq bir çox sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişaf edir.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.

Onun sözlərinə görə, ötən forumdan bəri Agentlik Azərbaycan və Özbəkistanın biznes dairələri arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fəal işini davam etdirib:" Əməkdaşlığımız iki istiqamətdə- biznesin dəstəklənməsi və institusional tərəfdaşlıq sahəsində inkişaf edir. Belə ki, bu il KOBİA-nın dəstəyi və Özbəkistan Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq çərçivəsində biz Azərbaycan nümayəndə heyətinin Daşkənd və digər şəhərlərə biznes-missiyasının təşkilinə dəstək verdik. Missiyaya Azərbaycanın müxtəlif iqtisadi sahələrini təmsil edən təxminən 40 nümayəndə daxil idi. Bu missiyanın xüsusiyyəti ondadır ki, bir çox sahibkar artıq özbək həmkarları ilə əməkdaşlıq təcrübəsinə malik idi. Bəziləri yerində layihələr həyata keçirir, onlardan biri isə Daşkənddə gözəllik sahəsində, estetik tibbi avadanlıq və stomatoloji texnikanın satışı və servisi üzrə mağaza açıblar".

O vurğulayıb ki, bu, dialoqumuzun artıq praktik səviyyəyə keçdiyini və real nəticələr verdiyini göstərir:" Belə müsbət təcrübədən çıxış edərək demək olar ki, biznes-missiyalar sahibkarlara yalnız bazar xüsusiyyətləri ilə tanış olmaq deyil, həm də davamlı işgüzar əlaqələr qurmaq imkanı verir. Sahələrə tikinti, turizm, logistika, qida məhsulları, tekstil, İKT, reklam, mühasibat xidmətləri və s. daxildir. Bu cür səfərlər B2B potensialının artmasına və biznes mühitinin daha dərindən anlaşılmasına töhfə verir".

Sədr vurğulayıb ki, Özbəkistan şirkətlərinin Azərbaycanda dəstəklənməsi üzrə işlər də davam edir:"2023-cü ilin dekabrından etibarən KOBIA-nın dəstəyi ilə Bakıda Özbəkistan Ticarət Evi fəaliyyət göstərir. Onun fəaliyyəti özbək məhsullarının Azərbaycanda mövcudluğunu artırmağa və etibarlı tərəfdaşlar tapmağa yönəlib. Biz bu mexanizmi Özbəkistan məhsullarının Azərbaycan vasitəsilə regional və Avropa bazarlarına çıxışı üçün giriş nöqtəsi kimi qiymətləndiririk".