Rəqəmsal məhkəmə islahatları: Azərbaycanın hüquqi sistemində transformasiya - ŞƏRH

Dünya Bankının "Məhkəmə xidmətləri və ağıllı infrastruktur" layihəsi çərçivəsində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində məhkəmə sistemində rəqəmsallaşma yeni mərhələyə qədəm qoyur. Son hesabatda göstərildiyi kimi, bu təşəbbüs yalnız texnoloji transformasiyanı deyil, eyni zamanda institusional dəyişiklikləri də əhatə edərək, sistemin ümumi funksionallığını və vətəndaş məmnuniyyətini nəzərəçarpacaq şəkildə yüksəldib. Rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən süni intellekt və biznes analitikası alətlərinin inkişaf etdirilməsi nəticəsində idarəetmədə məlumatlara əsaslanan yanaşma güclənib ki, bu da ədalət mühakiməsinin daha operativ və şəffaf formada həyata keçirilməsinə şərait yaradıb.

Aznews.az şərh edir ki, 2014-2024-cü illər ərzində həyata keçirilən struktur dəyişiklikləri, yeni məhkəmə komplekslərinin tikintisi və iki yüksək standartlı data mərkəzinin qurulması, rəqəmsal infrastruktura yönələn məqsədyönlü investisiyaların effektivliyini göstərir. “E-court” sisteminin tətbiqi ilə həm hakimlərin iş yükünün azalması, həm də vətəndaşlara hüquqi yardımın əlçatanlığının artması kimi konkret nəticələr əldə olunub. Xüsusilə qeyd olunmalıdır ki, bu sistemin tam tətbiqi nəticəsində məhkəmələrdə baxılan işlərin sayı üç dəfə artıb, vətəndaşların məmnunluğu isə əvvəlki 44,6 faizdən 69,3 faizə yüksəlib. Bu göstəricilər struktur islahatlarının təkcə prosedur baxımından deyil, həm də ictimai qəbul və etimad baxımından uğurlu olduğunu göstərir.

Məlumatların təhlili göstərir ki, son on ildə məhkəmə xidmətlərinə olan tələbat 10 dəfədən çox artıb. Bu artım iqtisadi və sosial faktorlardan qaynaqlanır. Məsələn, 2016-cı ildə devalvasiya nəticəsində borc mübahisələrinin kəskin artması fonunda rəqəmsal texnologiyaların tətbiqi məhkəmə sisteminin bu cür şoklara qarşı dayanıqlılığını artırıb. Onlayn işləmə mexanizmləri bu yükü sistemli şəkildə optimallaşdırmağa və məhkəmə proseslərini 187 gündən 119 günə qədər qısaltmağa şərait yaradıb. Bu isə təkcə hüquqi sahədə deyil, paralel olaraq iqtisadi aktivliyin dəstəklənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarlarının vaxtında verilməsi biznes mühitində qeyri-müəyyənliyi azaldır və sahibkarların hüquqi təhlükəsizliyini təmin edir.

Eyni zamanda layihə dövlət idarəetmə modelindəki dəyişikliklər kontekstində qiymətləndirilməlidir. Məhkəmə sistemində aparılan rəqəmsal islahatlar dövlətin fasilitator rolunu gücləndirməklə, iqtisadi inkişafın daha inklüziv və dayanıqlı əsaslarla təşviqinə töhfə verir. Layihənin uğurla icra olunmasında Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və digər aidiyyəti orqanların koordinasiyası, kadr hazırlığına və institusional potensiala verilən önəm sistemli yanaşmanın göstəricisidir.

Dünya Bankı tərəfindən maliyyələşdirilən bu layihə yalnız texniki və infrastruktur məsələlərinin həlli ilə məhdudlaşmayıb, məhkəmə-hüquq sistemində uzunmüddətli və transformativ dəyişikliklərin təməlini qoyub. Rəqəmsallaşmanın növbəti mərhələyə keçidi isə süni intellekt və məlumat analitikası vasitəsilə idarəetmənin daha çevik və proqnozlaşdırıla bilən olmasını vəd edir ki, bu da Azərbaycanın hüquqi sisteminin davamlı modernləşməsi və iqtisadi mühitin möhkəmlənməsi üçün mühüm zəmin yaradır.

Nuray,

Aznews.az