Aqrar sığorta mexanizminin institusional təsirləri və maliyyə dayanıqlığına töhfəsi - ŞƏRH

Bu ilin ilk yarısında Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 4,5 milyon manatdan çox sığorta ödənişi verilib. Paralel olaraq, yanvar-iyun ayları ərzində 13 milyon manatdan çox sığorta haqqı toplanıb. Bu göstəricilər fondun fəaliyyətində artan dinamikanı əks etdirir. Ödənişlərin əsasən ilin əvvəlində və keçən ilin sonundakı hadisələrlə əlaqədar olduğu bildirilir. Mövsümi dövrlərin təsiri nəzərə alınaraq, cari ilin ikinci rübündə baş verən sığorta hadisələrinin maliyyə tənzimlənməsi ilin sonuna qədər davam edəcək və ümumi ödənişlərin 8-9 milyon manata qədər yüksəlməsi proqnozlaşdırılır.

Bu statistika aqrar sığorta sisteminin kənd təsərrüfatı sektorunda maliyyə sabitliyini təmin edən alətə çevrildiyini göstərir. Aqrar Sığorta Fondunun 5 illik fəaliyyəti ərzində formalaşan təcrübə və dövlətin sığorta haqlarının 50 faizini maliyyələşdirməsi fermerlər üçün bu mexanizmi həm daha əlçatan, həm də dayanıqlı edir. Nəticədə fermerlər qarşılaşdıqları təbii risklərə qarşı daha hazırlıqlı olur və bu da kənd təsərrüfatı sektorunda planlaşdırma və istehsal proseslərinə müsbət təsir göstərir.

Ölkədə 1,7 milyon hektar əkin sahəsinin yalnız 20 faizi sığortalanır. Bu isə mövcud potensialın tam reallaşdırılmadığını, eyni zamanda bazarın hələ də genişlənmə ehtimalına sahib olduğunu göstərir. Torpaq sahələrinin beşdə birinin sığorta ilə əhatə olunması, ilkin mərhələdə pozitiv dinamika kimi qiymətləndirilsə də, aqrar sektorun iqlim və bazar risklərinə açıq olduğunu nəzərə alaraq bu göstəricinin yüksəldilməsi vacib görünür. Regionlarda sığorta maarifləndirilməsinin artırılması və məhsul diversifikasiyasına uyğun sığorta paketlərinin təşviq edilməsi ilə əhatə dairəsi daha da genişlənə bilər.

Sığorta ödənişlərinin strukturunda bitkiçilik sahəsi üstünlük təşkil edir və bu da ölkədə taxılçılığın əkin sahələrinin 50 faizindən çoxunu təşkil etməsi ilə əlaqəlidir. Lakin son aylarda müşahidə olunan qeyri-sabit hava şəraiti meyvəçilik sektorunda da zərərlərin artmasına səbəb olub. Bu, meyvə istehsalçılarının da aqrar sığortaya daha aktiv şəkildə qoşulmasının zəruriliyini gündəmə gətirir. Beləliklə, sığorta sisteminin yalnız ənənəvi sahələrdə deyil, daha spesifik və ixtisaslaşmış sektorları da əhatə etməsi mövcud risklərin kompleks şəkildə idarə olunmasına imkan yaradır.

Aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq modeli əsasında qurulub və bu struktur sistemin çevikliyini, şəffaflığını və dayanıqlığını təmin edən əsas mexanizmlərdəndir. Qeyri-kommersiya hüquqi statusa malik olan Aqrar Sığorta Fondu həm sığorta ödənişlərini həyata keçirir, həm də riskləri idarə edir. Müştərək sığortaçı modelinin tətbiqi isə idarəetmədə təcrübə mübadiləsini və səmərəliliyin artırılmasını stimullaşdırır. Bu yanaşma fonun fəaliyyətində qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqinə və daha şəffaf sığorta münasibətlərinin qurulmasına şərait yaradır.

Ümumilikdə, aqrar sığorta sisteminin fəaliyyəti Azərbaycanın kənd təsərrüfatı sektorunda dayanıqlığın və təhlükəsizliyin artırılmasına mühüm töhfə verir. Əldə olunan nəticələr göstərir ki, düzgün tənzimlənən və dəstəklənən aqrar sığorta mexanizmi kənd təsərrüfatı məhsuldarlığını artırmaqla yanaşı, həm də regionlarda iqtisadi aktivliyi və kənd əhalisinin rifahını yüksəltmək üçün strateji vasitə kimi çıxış edir.

Nuray,

Aznews.az