- İşin içi
- 10:45
- 1 614
Əmək müqavilələrinin elektronlaşdırılması sürətlənir

Azərbaycanda əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən elektron qaydada bağlanan əmək müqavilələrinin sayı sürətlə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, bu günə qədər ƏMAS platformasında elektron formada imzalanmış əmək müqavilələrinin sayı 1 milyon 745 minə yaxınlaşır. Bu göstərici əmək münasibətlərinin rəsmiləşdirilməsində yeni mərhələyə keçidin və rəqəmsal idarəetmənin geniş miqyas almasının göstəricisidir.
Hazırda ölkə üzrə əmək müqavilələrinin 94 faizi elektronlaşdırılıb ki, bu da əmək bazarında şəffaflığın və hüquqi münasibətlərin güclənməsi baxımından ciddi irəliləyiş hesab olunur. Əmək müqavilələrinin rəqəmsal formata keçidi işəgötürən və işçilər arasında hüquqi münasibətlərin daha çevik, səmərəli və nəzarət edilə bilən şəkildə qurulmasına şərait yaradır. Yeni sistemin tətbiqi həm də “kölgə iqtisadiyyatı” ilə mübarizəyə mühüm töhfə verir, çünki bütün müqavilələr real vaxt rejimində dövlət sisteminə daxil edilir və qeydiyyata alınır.
ƏMAS platforması müasir texnologiyaların tətbiqi ilə işçi və işəgötürən arasında əmək müqavilələrinin bağlanmasını sadələşdirən və sürətləndirən vahid informasiya infrastrukturudur. Bu sistem vasitəsilə əmək müqavilələrinin imzalanması prosesi tamamilə onlayn formada həyata keçirilir. İstifadəçilər e-imza texnologiyalarından — “SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə müqavilələri rəsmiləşdirə bilirlər. Bu imzalar hüquqi qüvvəyə malikdir və müvafiq qanunvericilik çərçivəsində etibarlıdır.
ƏMAS həmçinin əmək müqavilələrinin sistemli uçotu, işəgötürənlərin və işçilərin məlumat bazalarının avtomatlaşdırılması, əmək bazarına dair statistik göstəricilərin toplanması və analizini də həyata keçirir. Bu da dövlətin əmək bazarına dair strategiyasının formalaşdırılmasında və qərarların qəbulunda mühüm rol oynayır.
Rəqəmsal əmək müqavilələrinin tətbiqi yalnız texniki yenilik deyil, həm də hüquqi və sosial baxımdan vətəndaşların hüquqlarının qorunmasında irəliyə doğru atılmış addım kimi qiymətləndirilir. İşçilər artıq əmək münasibətlərində daha şəffaf və hüquqi baxımdan qorunan tərəf kimi çıxış edir, işəgötürənlər isə işçi heyətinin idarə edilməsini daha səmərəli və hüquqi məsuliyyətdən yayınmadan həyata keçirə bilirlər.
Hazırkı nəticələr onu göstərir ki, dövlətin rəqəmsal transformasiya siyasəti əmək bazarında artıq öz real nəticələrini verməkdədir. ƏMAS platformasının istifadəsinin genişlənməsi həm sosial təminat sistemlərinin effektivliyini artırır, həm də iqtisadi idarəetmədə şəffaflığın təmin olunmasına yardım edir. Nazirliyin məlumatına əsasən, yaxın gələcəkdə elektron əmək müqavilələrinin payı 100 faizə çatdırılacaq ki, bu da Azərbaycanın əmək bazarının tam rəqəmsallaşmasına doğru mühüm bir addım olacaq.
AzNews.az