Azərbaycanda "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivə hazırlanır

Bu gün Maliyyə Nazirliyində suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivənin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Aznews.az xəbər verir ki, Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin I müavini Anar Kərimov ölkəmizdə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və "yaşıl maliyyələşdirmə" alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə "yaşıl maliyyə" infrastrukturunun formalaşdırılması gələcəkdə suveren "yaşıl istiqraz"ların emissiyası üçün zəmin yaradacaq.

İclasda "yaşıl istiqraz"ların emissiya çərçivəsi üzrə beynəlxalq təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər suveren "yaşıl istiqraz"ların emissiyası üzrə görüləcək işlərin mərhələlərini və əsas fəaliyyət istiqamətlərini nəzərdən keçirib.

İşçi Qrupa suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və "yaşıl istiqraz"lar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.