- İşin içi
- 10:45
- 854
Azərbaycan Albaniya ilə birgə turizm təşəbbüslərini müzakirə edib
Azərbaycan və Albaniya arasında birgə turizm təşəbbüsləri müzakirə olunub.
Aznews.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid Albaniya Milli Turizm Agentliyinin baş direktoru Jola Hysaj və Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüş keçirib. Görüşdə 2027-ci il üçün birgə turizm təşəbbüslərinin həyata keçirilməsi, iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafı və qarşılıqlı turist axınının artırılması imkanları müzakirə olunub. Tərəflər, həmçinin turizm istiqamətlərinin təşviqi, təcrübə mübadiləsi və turizm sənayesi nümayəndələri arasında əlaqələrin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
21 iyun 2025-ci il tarixində ATB ilə Albaniya Milli Turizm Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd turizm əlaqələrinin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hər iki ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təşviqi üçün əməkdaşlıq çərçivəsi müəyyən edir. Əməkdaşlığın əsas istiqamətləri sırasında dayanıqlı turizmin inkişafı, ilboyu səyahət imkanlarının təşviqi və Azərbaycanın təbii və mədəni irsinin, eləcə də Albaniyanın sahil və tarixi turizm məkanlarının tanıdılması yer alıb.
Müəyyən edilmiş istiqamətlərin daha ətraflı müzakirə edilməsi və birgə təşəbbüslərin inkişaf etdirilməsi məqsədilə növbəti səfərin təşkili planlaşdırılır.