Türkiyənin haber7.com saytı Azərbaycanda iqtisadi inkişafın dayanıqlılığı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən bəhs edən məqalə hazırlayıb. Türkiyənin haber7.com saytı Azərbaycanda iqtisadi inkişafın dayanıqlılığı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən bəhs edən məqalə hazırlayıb.

“Azərbaycan iqtisadiyyatında yeni mərhələ”

Türkiyənin haber7.com saytı Azərbaycanda iqtisadi inkişafın dayanıqlılığı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən bəhs edən məqalə hazırlayıb.


Məlumata görə, "Azərbaycan iqtisadiyyatında yeni mərhələ" adlı məqalədə bildirilir ki, ölkə iqtisadiyyatının inkişafı, böyük layihələrin həyata keçirilməsi Azərbaycanda ən inkişaf etmiş sahə sayılan enerji sektorundan gələn gəlirlər hesabına planlaşdırılmışdı.

Lakin ixracatında 90 faiz neft və neft məhsulları başlıca yer tutan Azərbaycan hökuməti bu sahədən gələn gəlirlərin azalması səbəbi ilə qeyri-neft sektorunun gücləndirilməsi üçün bəzi tədbirlər həyata keçirməyə başlayıb. "İqtisadi böhranla bağlı manatın 34 faizlik devalvasiyasını həyata keçirən hökumət sahibkarlığın inkişafı və investorların cəlbi üçün mühüm qərarlar verib", - deyə məqalədə bildirilir. O da vurğulanır ki, prezident İlham Əliyevin sərəncamı ilə sahibkarlıq subyektlərində müxtəlif qurumlar tərəfindən həyata keçirilən yoxlamalar iki il müddətinə dayandırılıb, bu addım həm də yeni iş yerlərinin açılmasını asanlaşdırmaq məqsədi daşıyır. Həmçinin, hökumət tranzit yük daşımalarında ölkəsinin infrastrukturundan istifadə edilməsi səviyyəsini qaldırmaq üçün "vahid, sürətli vəşəffaf" tarif siyasətini yürütməyə başlayıb. Yük daşımaları ilə bağlı prosedurları asanlaşdırmaq məqsədilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da yaradılıb.

"Gömrük qaydalarında da dəyişikliklər edilib. Artıq Azərbaycana gömrük vergisi ödənmədən daxil olan malların dəyəri 1500 dollardan 10 min dollara qaldırılıb. Milli Məclis isə vergi mükəlləfiyyətlərini asanlaşdıran qanunlara dəyişiklikləri qəbul edib".


"İnkişafı əngəlləyən maddələr qaldırılıb"

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadəyə istinadən bildirilir ki, iqtisadiyyatı canlandırmaq, neft və qazdan asılılığı azaltmaq məqsədilə verilən qərarlar "ölkə iqtisadiyyatının inkişafına maneə yaradan amilləri ortadan qaldırmaq" məqsədi daşıyır.
Komitə sədri bildirib ki, vergi sahəsində edilən dəyişikliklərə əsasən investorlar üçün daha münasib yatırım mühiti yaradılıb, müəyyən əngəllər yaradan maddələr ləğv edilib, yuxarıda qeyd olunan məqsədlərə uyğun müəyyən bəndlər isə əlavə edilib.


"Sahibkarlar daha çox qazanacaq"

Sahibkarlıq subyektlərində vergi yoxlamaları istisna olmaqla, digər yoxlamaların iki il dayandırılmasının iş dünyasının daha da güclənməsi məqsədilə bağlı olduğunu söyləyən Z.Səmədzadə bildirib:
"Müxtəlif qurumlar tərəfindən aparılan yoxlamalarla bağlı bəzi məmurlar vəzifələrindən sui-istifadə etdiyi üçün müəyyən problemlər ortaya çıxırdı. İndi isə sahibkarlar və investorlar iki il ərzində sadəcə vergi verəcəklər və başqa yoxlamalara məruz qalmayacaqlar. Bu səbəbdən sahibkarlar artıq sərbəst şəkildə davranaraq daha yaxşı məhsul istehsal edəcək və daha çox gəlir götürəcəklər". Gömrük rüsumlarındakı dəyişikliklərdən də danışan Z.Səmədzadə deyib ki, bu daxili bazarda rəqabəti artıracaq və bir sıra məhsulların qiymətinin aşağı düşməsinə şərait yaradacaq.


"Qiymət artımının qarşısı alınacaq"

Məqalədə Azərbaycan İqtisad Universitetinin beynəlxalq iqtisadiyyat bölümünün rəhbəri Anar Rzayevin də fikirlərinə yer verilir.
Ekspert vurğulayıb ki, artıq bəzi sahələrdə iqtisadi inkişafın geriləməsinin səbəbləri müəyyənləşdirilib. Yeni qərarlar bu problemləri həll edəcək, şəffaflıq səviyyəsini artıracaq, qeyri-neft sektorunun inkişafında dinamizmə səbəb olacaq. Qeyri-neft sektorunun inkişafı üçün yeni qərarların veriləcəyinin gözlənildiyini də deyən ekspert vurğulayıb ki, sahibkarlara lisenziyaların daha asan şərtlərlə verilməsi bazara giriş və çıxışı asanlaşdıracaq, iqtisadiyyatı canlandıracaq. Gömrük rüsumları sahəsində dəyişikliklərə gəldikdə isə A.Rzayevin sözlərinə görə, bu qaydaların tətbiqi xarici bazarlarda ucuz məhsulların əldə edilməsini asanlaşdıracaq, qiymət artımlarının qarşısını alacaq və kiçik sahibkarlar üçün əlavə imkanlar yaradacaq.


"Manata iqtisadi və psixoloji basqı azalacaq"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, ekspert Vüqar Bayramovun qənaətincə isə hökumət tərəfindən yeni qərarların qəbulu iqtisadiyyatın tam liberallaşmasına, qeyri-neft sektorunun güclənməsinə və dövlət büdcəsinə vergi ödəmələrinin səviyyəsinin artmasına xidmət edəcək. Qeyri-neft sektorunun ixrac potensialının artması, dövlətin gəlir mənbələrinin də çoxalmasına şərait yaradacaq. "Büdcəyə daxil olan hər iki manatdan biri qeyri-neft sektorunun payına düşəcək. İş adamlarının lüzumsuz yoxlamalardan azad edilməsi onların gəlirlərinə müsbət təsir göstərəcək. Büdcəyə vergi ödəmələri də artacaq", - deyə ekspert vurğulayıb. Yeni mərhələdə yeni iş yerlərinin açılacağına inandığını söyləyən V.Bayramov beləliklə işsizlik səviyyəsinin də aşağı düşəcəyini bildirib. Onun sözlərinə görə, sahibkarlıq sinfinin dəstəklənməsi idxaldan asılılığı da azaldacaq: "İdxal ehtiyacımızın səviyyəsi yerli istehsal hesabına aşağı düşəcək, bu isə öz növbəsində valyutanın ölkə daxilində qalması deməkdir. Özəl sektorun inkişafı milli valyutaya iqtisadi və psixoloji basqıları da ciddi şəkildə azaldacaq".

Hafta.az