Fəxriyyə Xələfova: “Bu yükü qaldıra bilmərəm”

"Bu layihə çox çətin bir prosesdir. Azərbaycanda belə bir layihə keçirilmir. Təbii ki, bunun da ən başlıca səbəblərindən biri bu ağır yükü üzərinə götürən hər hansı bir təşkilatın olmamasıdır".

Bunu AzNews.az-a açıqlamasında modelyer Fəxriyyə Xələfova dedi. Modelyerin fikrincə, onun fərdi yaradıcılığı olduğu üçün bu ağır yükü öz üzərinə götürə bilməz: "Mənim öz fərdi yaradıcılığım var. Əgər bu yükü də əlavə olaraq öz üzərimə götürsəm, qaldıra bilmərəm. Bu çətin işdir. Mən öz moda nümayişimi təşkil edirəm. "Moda həftəsi" isə o deməkdir ki, sən orada iştirak edən 40-50 dizaynerin moda nümayişini təşkil etməlisən.

Burada bir komanda işləməlidir. Bir də ki, "Moda həftəsi" xarici ölkələrdəki kimi ənənə halını almalıdır. Mən belə ənənəni Parisdə gördüm. Mən Parisdə səhər saat 10-da moda nümayişində olmuşam. Amma bu Azərbaycanda mümkün deyil. Burada heç kəs nə saat 10-da, nə də 15-də moda nümayişinə getməz. Biz belə təmtərağa alışmışıq ki, tədbir mütləq axşam olmalıdır. Normada isə moda idman yarışları kimi keçməlidir".

Bahar Rüstəmli
AzNews.az