Bakıda Avropa Film Festivalı başladı - FOTOSESSİYA - YENİLƏNİB

Bu gün "Park Cinema" kinoteatrı və Avropa İttifaqı Nümayəndəliyi 3-cü Avropa Film Festivalının açılışını elan etdilər. AzNews.az-ın məlumatına görə, Bakıda keçiriləcək 4-10 oktyabr tarixlərində Avropa Film Festivalına həsr olunan mətbuat konfransı və açılış mərasimi keçirilib.

Mətbuat konfransında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, "Park Cinema" kinoteatrının rəhbəri Namiq Quliyev və litvalı kinorejissor Alqimantas Puipa iştirak ediblər.

Festivala həsr olunmuş mətbuat konfransında çıxış edən Roland Kobia bildirib ki, Avropa Birliyi Azərbaycanla mədəni əlaqələrə çox böyük önəm verir: "Bu festival nə siyasət, nə də iqtisadiyyatdan bəhs etmir. Burada yalnız söhbət mədəniyyətdən gedir".

Azərbaycana ilk dəfə gəldiyini deyən litvalı rejissor Alqimantas Puipa festival çərçivəsində özünün filminin də nümayiş olunacağına sevindiyini bildirib.

"Park Cinema" kinoteatrının rəhbəri Namiq Quliyev Avropa Film Festivalının AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən hər il Bakıda təşkil olunduğunu söyləyib. O, bildirib ki, festivalın keçirilməsində məqsəd Avropa Birliyi ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri inkişaf etdirməkdir və Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır.

Festival Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema"nın təşkilatçılığı ilə baş tutur. Festival çərçivəsində Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri təqdi olunacaq.

Qeyd edək ki, Avropa Film Festivalının proqramına Avropa 14 dövlət və Azərbaycanda istehsal olunmuş 15 filmin nümayişi daxildir. Bu çərçivədə tamaşaçılara musiqili komediyadan (İsveçdən "Səsin Sədası"), emosional drama (İtaliyadan "Yenə Öp Məni"), psixoloji trillerdən (Britaniyadan "Kevin haqqında danışmalıyıq") tutmuş detektiv ssenarili filmədək (Belçikadan "Alsqeymer sindromu") geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.

Festivala Litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau fəxri qonaq qismində qatılıb. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək. Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiyada nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description