- Pullu iş
- 14:40
- 893
Azərbaycanda texniki reqlamentlər üzrə yeni mərhələ

Azərbaycanda texniki reqlamentlərin hazırlanması və qəbul edilməsi üzrə yeni qaydaların müəyyən edilməsi iqtisadi inkişaf, bazar təhlükəsizliyi və beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin artırılması baxımından mühüm addımdır. Prezident İlham Əliyevin imzaladığı yeni sənədə əsasən, texniki reqlamentlər üzrə prosedurlar daha aydın və operativ mexanizmlərlə təkmilləşdirilir.
Aznews.az şərh edir ki, yeni qaydalarda ən diqqətçəkən məqam texniki reqlamentlərin yalnız təhlükəsizlik və keyfiyyət tələbləri ilə məhdudlaşdırılmasıdır. Bu o deməkdir ki, malların dizaynı və estetik görünüşü üzrə məcburi tələblər qoyulmayacaq. İstehsal prosesi, saxlanma, daşınma və məhv edilməsi kimi kritik mərhələlərdə təhlükəsizlik və ekoloji tələblərin aydın şəkildə müəyyənləşdirilməsi isə yerli və xarici sahibkarların məhsul keyfiyyətinə diqqətini artıracaq. Belə yanaşma həmçinin bazarda keyfiyyətsiz və təhlükəli malların yayılmasının qarşısını almaq üçün effektiv mexanizmdir.
Texniki reqlament layihələrinin Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanması isə dövlət nəzarətinin effektivliyini artırmaqla yanaşı, bazarda sağlam rəqabət mühitinin inkişafına xidmət edir. Layihələrin dövlət qurumları və ictimaiyyətlə müzakirəyə çıxarılması isə şəffaflığın və cəmiyyət iştirakçılığının təmin edilməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda, layihələrin ekspertizadan keçirilməsi prosedurunun dəqiq müddətə bağlanması və layihələrdə aşkar olunan nöqsanların düzəliş üçün geri qaytarılması mexanizmi bazar iştirakçıları üçün öncədən proqnozlaşdırıla bilən hüquqi mühit yaradır. Texniki reqlamentlərin qəbulundan sonra qüvvəyə minmə müddətinin 6 ay olaraq müəyyən edilməsi də sahibkarların bu dəyişikliklərə uyğunlaşmasına vaxt tanıyır ki, bu da biznes mühitinin sabitliyinə xidmət edir.
Yeni qaydalarda beynəlxalq texniki reqlamentlərin Azərbaycanda tanınması prosedurlarının müəyyən edilməsi isə xüsusilə mühüm yenilikdir. Belə ki, Azərbaycanın beynəlxalq standartlara inteqrasiyası sürətlənir və yerli sahibkarların xarici bazarlara çıxışı asanlaşır. Beynəlxalq reqlamentlərin qəbulunda əsas götürülən insan sağlamlığı, ətraf mühitin qorunması, istehlakçı hüquqları və rəqabət qabiliyyəti kimi meyarlar isə ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafının əsasını qoyur.
Beynəlxalq təcrübə göstərir ki, texniki reqlamentlərin beynəlxalq standartlarla harmonizasiyası ixrac imkanlarının artırılmasına və daxili bazarın keyfiyyət baxımından daha yüksək səviyyəyə çatdırılmasına birbaşa təsir edir. Avropa İttifaqı və ABŞ-da tətbiq edilən analoji praktika göstərir ki, bu yanaşma nəticəsində ölkələrin rəqabətqabiliyyətliliyi artır və məhsullarının beynəlxalq bazarlarda tanınması asanlaşır.
Azərbaycanın da bu istiqamətdə atdığı addımlar, ölkənin regional və beynəlxalq iqtisadi münasibətlərdəki mövqeyini daha da gücləndirəcək.
Nuray,
Aznews.az