Dövlət Neft Fondunun qızıl strategiyası - ŞƏRH

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin ilk yarısında qızıla yatırdığı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırıb. Fondun rəsmi məlumatlarına əsasən, 2025-ci ilin 6 ayı ərzində qızıl investisiyalarının həcmi 6 milyard 778.6 milyon ABŞ dolları artaraq ümumilikdə 19 milyard 133.2 milyon dollara çatıb. Bu da Fondun ümumi investisiya portfelinin 28.8 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu göstərici 12 milyard 354.6 milyon dollar və ya portfelin 20.6 faizi səviyyəsində olub. Eyni dövrdə fiziki qızıl ehtiyatları da 34.5 ton artaraq 181.1 tona çatıb.

Məlumdur ki, Dövlət Neft Fondunun strateji məqsədi neft və qazdan əldə olunan gəlirlərin uzunmüddətli iqtisadi sabitliyə çevrilməsi və gələcək nəsillər üçün dayanıqlı ehtiyatların formalaşdırılmasıdır. Bu baxımdan, 2025-ci ilin ilk yarısında Fondun qızıl aktivlərinə üstünlük verməsi, həm makroiqtisadi risklərin artması, həm də qlobal maliyyə bazarlarında dəyişkənliyin güclənməsi fonunda məntiqi və iqtisadi baxımdan əsaslandırılmış addım kimi görünür. Son illər ərzində dünya üzrə tənzimləyici banklar və suveren sərvət fondlarının əhəmiyyətli hissəsi fiziki qızılı strateji aktiv kimi qəbul edərək portfellərini diversifikasiya etməkdədir. ARDNF-nin bu yöndə atdığı addımlar həm Fondun gəlir və risk balansını optimallaşdırmaq, həm də rezervlərin təhlükəsizliyini təmin etmək baxımından məqsədəuyğundur.

Cari ilin ikinci rübündə 15.8 ton, ümumilikdə isə 6 ay ərzində 34.5 ton fiziki qızılın alınması onu göstərir ki, Fond bu investisiyaları mərhələli şəkildə həyata keçirir və bu strategiya portfelin strukturunda qızılın xüsusi çəkisini sistematik şəkildə artırmaq niyyətindən xəbər verir. Bu isə ARDNF-nin valyuta aktivlərinin yalnız bazar gəlirliliyi baxımından deyil, eyni zamanda, qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərə qarşı müdafiə qabiliyyətini gücləndirmək məqsədilə optimallaşdırıldığını göstərir. Qızılın uzunmüddətli dövrdə inflyasiya qarşısında qoruyucu aktiv kimi çıxış etməsi bu istiqamətə yönəlmiş investisiyaların dayanıqlılıq elementinə çevrilməsini dəstəkləyir.

Bu artım təkcə passiv investisiya siyasətinin deyil, həm də aktiv idarəetmə yanaşmasının nəticəsi olaraq qiymətləndirilə bilər. Belə ki, Fond tərəfindən aparılan bu alışlar dünya qızıl bazarlarında qiymət sabitliyi fonunda əldə olunub və bu da alış qiymətlərinin əlverişli olmasını şərtləndirib. Fondun qızıl ehtiyatlarını artırması həmçinin onun valyuta səbətini ABŞ dollarına həddindən artıq bağlılıqdan diversifikasiya etməyə xidmət edir ki, bu da valyuta risklərinin idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, ARDNF-nin qızıl investisiyalarını artırması yalnız passiv ehtiyat yığımı deyil, həm də strukturlaşdırılmış və riskləri optimallaşdırmağa yönəlmiş maliyyə strategiyasının tərkib hissəsidir. Qlobal iqtisadi sistemdə qeyri-müəyyənliklər davam etdiyi bir zamanda, belə investisiya yanaşması Fondun maliyyə dayanıqlılığını möhkəmləndirir və onun əsas funksiyalarından olan sabit gəlir axınının təmin olunmasına şərait yaradır.

Nuray,

Aznews.az