“İnflyasiya azaldıqca uçot dərəcəsi də endirilir” - Asif İbrahimov

“Uçot dərəcəsi — Mərkəzi Bankın kommersiya, dövlət və digər banklara təqdim etdiyi vəsaitlərə tətbiq etdiyi faiz dərəcəsidir. Bu vəsaitlər sonradan banklar vasitəsilə iqtisadi subyektlərə ötürülür və nəticədə maliyyə dövriyyəsi formalaşır. Məsələn, inflyasiya səviyyəsi yüksək olduqda Mərkəzi Banklar adətən uçot dərəcəsini artırırlar. Bu, iqtisadiyyatda pul kütləsinin artmasının qarşısını almağa xidmət edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf aralığında qalacağını proqnozlaşdırır. AMB-nin yaydığı məlumata əsasən, baza ssenarisi üzrə iyul proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 5,7%, 2026-cı ildə isə 5,3% səviyyəsində gözlənilir. “Cari ildə inflyasiya göstəricisinin davamlı olaraq hədəf çərçivəsində qalması və valyuta bazarında sabitliyin qorunması pul siyasətinin yumşaldılması üçün əlverişli şərait yaradır,” – məlumatda qeyd olunub.

Ekspert qeyd edib ki, əksinə, inflyasiya aşağı olduqda uçot dərəcəsi azaldılır ki, bazarda pul dövriyyəsi genişlənsin, kreditləşmə artsın və iqtisadi fəallıq canlansın.

“Son statistik göstəricilərə əsasən, inflyasiya indeksi 5,9 faiz təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatları və Mərkəzi Bankın makroiqtisadi göstəricilər sistemində də bu rəqəm eyni ilə 5,9 faiz kimi göstərilmişdir. Bu göstərici tənzimlənən iqtisadi mexanizmə əsaslandığı üçün, düşünürəm ki, verilən proqnozlar müəyyən korrektiv əmsallarla uyğunluq təşkil edəcək. Valyuta bazarında sabitliyin davam edəcəyi gözlənilir. Bu gün keçirilən müzakirələr zamanı biz bu məsələni də gündəmə gətirdik və Mərkəzi Bankın mövqeyindən çıxış edərək ekspert cəmiyyətində belə bir fikir formalaşdı ki, valyuta bazarında sabitlik qorunacaq. Çünki verilən proqnozların arxasında real makroiqtisadi göstəricilər dayanır və bu da sabitliyin davamlılığını təmin edən əsas faktorlardan biridir. Şübhəsiz, risklər həmişə mövcuddur. Lakin hazırkı şəraitdə valyuta bazarında sabitliyi ciddi şəkildə təhlükə altına alacaq əhəmiyyətli bir risk faktoru müşahidə olunmur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az