Ekspert: “Kart ödənişləri artır, nəğd pula ehtiyac azalır”

“Ödəniş kartlarının sayında müşahidə olunan artım onu göstərir ki, insanlar getdikcə daha çox nağdsız ödənişlərə üstünlük verirlər. Bu istiqamətdə Mərkəzi Bank aktiv şəkildə inkişaf tədbirləri həyata keçirir, banklar da bu prosesdə fəal iştirak edirlər. Dövlətin təşəbbüs verdiyi müxtəlif layihələr, o cümlədən vergi orqanlarının rəqəmsallaşma siyasəti, bank texnologiyalarının, mobil tətbiqlərin və elektron ödəniş sistemlərinin təkmilləşməsi nağdsız ödənişlərin yayılmasına ciddi şəkildə təkan verir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2025-ci ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 181 min ədəd artaraq 20 milyon 642 min ədədə çatıb. Mərkəzi Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.1% artım nümayiş etdirib. Debet kartlarının sayı 17.1% artdığı halda, kredit kartlarının sayı 6.9% azalıb. Ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artaraq 8 milyard 438.7 milyon manat təşkil edib.

Ekspertin sözlərinə görə, nağdsız ödəniş imkanlarının genişlənməsi və texnoloji rahatlığın artması insanların kart vasitəsilə alış-verişə meylini artırır, bu isə nəğd pula olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldır.

“Bu həm də dövriyyədəki vəsaitin bank sistemində qalmasını təmin edir. Paralel olaraq, bank sektoru daxilində rəqabət də bu tendensiyaya müsbət təsir göstərir. Kredit kartlarının sayında azalma müşahidə olunsa da, bu, insanların ümumi kredit götürmək meylinin azaldığı anlamına gəlmir. Əksinə, son dövrlərdə xüsusilə istehlak kreditləri üzrə artım müşahidə olunur. Kredit kartlarının azalması kredit bazarı ilə bağlı düzgün təhlil aparmağa imkan vermir. Eyni zamanda, istehlak kreditləri ilə yanaşı, problemli kreditlərin də artması narahatedici tendensiyadır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az