İki uzunqulağın arpasını bölə bilməyən "iqtisadçı" italyanca bilmədiyi halda, həmin dildə necə kitab oxuyub? İki uzunqulağın arpasını bölə bilməyən "iqtisadçı" italyanca bilmədiyi halda, həmin dildə necə kitab oxuyub?

Tullanmağında ol, Nazim!

İki uzunqulağın arpasını bölə bilməyən "iqtisadçı" italyanca bilmədiyi halda, həmin dildə necə kitab oxuyub?

2005-ci ilin parlament seçkilərində Azərbaycanın ucqar 104 saylı Gədəbəy-Tovuz dairəsinin deputat mandatı Nazim Məmmədov adlı heç kimin tanımadığı bir YAP üzvünə qismət oldu. Hər kəs həmin dairədən şair Zəlimxan Yaqubun deputat seçiləcəyini gözləyirdi, ancaq siyasi kluarlarda hələ də gəzən söz-söhbətə görə, o, bir ziyafətdə hakimiyyətin qıcığına səbəb olan ifadələr işlətmiş, nəticədə hakim partiyanın dəstəyindən məhrum olmuşdu. Nazim Məmmədov deyilənə görə iş adamı idi, işləri düz getmədiyindən Rusiyadan köçüb gəlmişdi, Baş nazirin sabiq müavini İzzət Rüstəmovla qohumluğu vardı.

Əslində, Məmmədovun YAP üzvü olduğu və partiyanın vahid namizədlər siyahısında yer almadığı halda səsverməyə qatılması siyasi baxımdan böyük qəbahət idi. Lakin 2005-ci ilin narıncı rəngə bürünmüş payızında siyasi atmosferin gərginliyi hakim partiyanın diqqətini bu cür nizam-intizam qaydaları və etik prinsiplər üzərində israrla dayanmaqdan bir qədər yayındırmışdı. Heç ona da fikir verən olmamışdı ki, Nazim Məmmədov uzun illər Rusiyada yaşayıb, orada- Lipetsk şəhərindəki Studenovskaya küçəsi, 49A ünvanında “Kapital X” adlı kiçik müəssisə də açıb və bir zamanlar meyvə-tərəvəz satışı ilə məşğul olduğu baqqal dükanına görə, başqa bir dövlət qarşısında vergi öhdəliyi ola bilər. Hər halda, Rusiyanın vergi uçotlarına görə (https://nalog.io/inn/4825009379), 21.07. 1994-cü ildə qeydə alınmış “Kapital X” öz fəaliyyətini rəsmən 29 dekabr 2015-ci ildə dayandırıb. Bu isə o deməkdir ki, başqa bir dövlət qarşısında rəsmi öhdəliyi olan təsisçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 13.3.4 bəndinə əsasən, seçkilərdə iştirak edib-etməmək hüququnun olması ən azından sorğulanmalı idi. Ancaq keçənə güzəşt deyiblər. Heç vəchlə qura bilmədiyi seçki kampaniyasında hakim partiyanın etdiyi güzəştlər və dairədəki lokal konyukturanın lehinə işləməsi sonucunda həmin Lipetsk baqqalı parlamentə düşə bildi.

Parlament fəaliyyətinin ilk üç ilində Nazim Məmmədov iclaslarda xüsusi fəallıq göstərmir, hakim partiyanının parlamentdə təmsil olunan, siyasi proseslərdə kifayət qədər təcrübə toplamış rəhbərliyinə özünü “müti” və “üzüyola” tip kimi göstərir, bu minvalla növbəti çağırışda YAP-ın vahid siyahısına düşmək üçün zəmin hazırlamaq niyyəti güdürdü. Ancaq və təbii ki, təkcə bununla kifayətlənmirdi. O, az qala hər gün parlamentin binasına gəlir, nüfuzlu deputatlar və məmurlarla əlaqə qurmağa və bu əlaqələr hesabına öz biznesini genişlətməyə çalışırdı. Öz xahişləri ilə hər kəsi bezdirmiş baqqal deputatdan şikayətlər o qədər çoxaldı ki, günlərin birində parlament rəhbərliyi səviyyəsində ona xəbərdarlıq edildi. Nazim Məmmədov həmin xəbərdarlıqdan sonra hər gün, yaxud günaşırı Milli Məclisin qapısından keçmədi, yolunu parlamentdə toplantıdan-toplantıya salası oldu.

İndi, üzərindən illər keçəndən sonra soyadını “Bəydəmirli”yə çevirmiş Nazim gözlərə kül üfürərək deputat olduğu dövrdə bizneslə məşğul olmadığını iddia etsə də, faktlar bunun tam əksini söyləyir. O, nəinki bizneslə məşğul olur və deputat imtiyazlarından sui- istifadə edib iş adamlarından para qoparmaq üçün hər yola əl atır, hətta ayrı-ayrı obyektləri ələ keçirməyə, zəbt etməyə də davamlı cəhdlər göstərirdi. Budur, Bakı Apellyasiya Məhkəməsinin rəsmi saytında 2008-10- cu illərdə- yəni, o zaman hələ Məmmədov familiyasında olan Nazimin deputat olduğu müddətdə-, “Avtoqarant” ASC-ni ələ keçirmək cəhdlərinə aid xeyli qarşılıqlı iddia var. Bu iddiaların məzmununu bir tərəfə qoysaq belə, sadəcə, deputat olduğu üçün bizneslə məşğul olmasına qanunla icazə verilməyən bir şəxsin bu cur mülkiyyət qovğasına çıxması onun tamahkar və həris xislətinin göstəricisi sayılmalıdır. Ümumiyyətlə, həmin saytı nəzərdən keçirərək Nazim Məmmədovun məhkəmə işləri ilə bağlı məlumat əldə edəndə, ikrah doğuran bir mənzərə ortaya çıxır. Vergidən yayınması ilə bağlı müvafiq dövlət qurumları, kredit borcunu vaxtında qaytarmadığı üçün banklar, pulunu vermək istəmədiyi iş adamları ona qarşı saysız-hesabsız iddia qaldırıb. Təsəvvür edin ki, Bakı şəhərində elə bir rayon məhkəməsi qalmayıb ki, orada ona qarşı qaldırılmış maliyyə iddiaları ilə bağlı proses keçirilməsin. El arasında beləsinə “əlləm-qəlləm” deyirlər. Onunla birgə işləmiş xeyli adam da məhz bu əlləm-qəlləmin artıq tamahının qurbanı olub, döyülüb, həbs olunub, onun əvəzinə iş adamlarına pul ödəmək məcburiyyətində qalıb...

(http://bakuappealcourt.gov.az/content/vworks?search=M%C9%99mm%C9%99dov+nazim+h%C3%BCseyn&d1=&d2=&judge=)

Nazim Məmmədovun təkcə biznes mühitində yox, siyasi müstəvidə də “əlləm-qəlləm” olması Yeni Azərbaycan Partiyasında da qısa zamanda fərq edildi. O, deputat olsa da, partiyanın mötəbər tədbirlərinə dəvət edilmədi, özünü “Yeni Azərbaycan” Partiyasının “yeni funksioneri” kimi göstərmək cəhdləri şifahi məzəmmətlərə rəvac verdi. Onun Milli Məclisdə etdiyi çıxışlar kinayə və sərt təpki ilə qarşılanır, çıxışlarında maşın, maaş və əlavə vəsait tələb etməsi ikrah doğurur, partiyadan xəbərsiz “Azadlıq” radiosundakı çıxışları isə iqtidarın nüfuzuna və ümumi xəttinə xələl gətirirdi. Hakim partiyanın rəhbərliyi onun cəmiyyətdə və seçicilər arasında heç bir nüfuza malik olmamasından da yaxşı agah idi. Odur ki, hakim partiya 2010-cu ildəki parlament seçkilərində onun namizədliyi dəstəkləmədi. Nazim Məmmədov o il keçirilən parlament seçkilərində üzvü olduğu partiyanın siyasi qərarlarının ziddinə olaraq, öz namizədliyini irəli sürsə də, həmin ərəfədə “Parlament-2010” Seçki Monitorinqi Koalisiyasının keçirdiyi sorğuda (https://news.day.az/politics/237399.html), gördüyünüz kimi, heç 1 səs də ala bilməmişdi.

Cəmiyyətdəki reytinqinin sıfır olmasına rəğmən, o, Yeni Azərbaycan Partiyasının vahid namizədinə qarşı kampaniya aparır, “sonacan dirəşərək” onun qələbəsinə imkan verməyəcəyini bəyan edirdi. Lakin səsverməyə çox az, təxminən bir sutka qalmış məlum ərizə formasına imza ataraq marafondan kənarlaşdı. Milli Məclisin müvafiq çağırışının səlahiyyət müddətinin bitməsinə az qalmış, o, verdiyi müsahibələrdə siyasi hakimiyyəti açıq-aşkar şantaj edir, iqtidara “namizəd olmağımı istəmirsinizsə, barı vəzifə verin” mesajları çəkirdi. Onun bu hay-həşiri hakim komanda üçün, əlbəttə, “milçək vızıltısı”ndan daha təsirli olmadı. Seçkilərdən bir müddət sonra isə onun sərgilədiyi siyasi əxlaqsızlığa hakim partiya artıq səssiz qala bilmədi. YAP mətbuat xidməti 2011- ci ilin mayında belə bir məlumat yaymalı oldu:

"Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan ”Avropanın gələcəyi” mövzusunda beynəlxalq konfransının yayılmış proqramında keçmiş millət vəkili Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının mövqeyi nəzərə alınmadan, partiyanın adından məruzəçi kimi təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası adıçəkilən fondun Bakı ofisinin siyasi etiket çərçivəsinə sığmayan bu hərəkətinə kəskin etiraz edərək bildirir ki, Nazim Məmmədov YAP-ın üzvü olmasına baxmayaraq, ona adıçəkilən konfransda Yeni Azərbaycan Partiyasını təmsil etmək səlahiyyəti verilməmişdir".

(http://modern.az/az/news/13826#gsc.tab=0)

Abır-həyası olan, özünə hörmət edən kəs, bu cür açıqlamadan sonra siyasətdən birdəfəlik çəkilər, hər hansı seçkidə bir daha iştirak etməyi ağlının ucundan belə keçirməzdi. Ancaq utanc hissi ona çox yad olduğundan, Məmmədov yenə tullanıb-düşməyə başladı. 2015-ci ilin parlament seçkilərində iştirak etdi və... DSK-ya sənəd verərkən hakim partiyanın üzvü olmasını rəsmən dandı.

(https://www.infocenter.gov.az/archive/millimeclis2015.aspx?i=4&dsk=104)

Bu, birmənalı olaraq, Azərbaycan ictimai-siyasi mühitində misli görünməmiş avantüra və riyakarlıq faktıdır. Bu faktdan da açıq göründüyü kimi, məhkəmələrdən fərqli olaraq, seçkiyə gedəndə siyasi mənsubiyyətindən imtina edən, özünü “bitərəf” kimi göstərən Nazim Məmmədov həm cəmiyyətə, həm Seçki Komissiyasına, həm də qeyri-ciddi qarşılandığı təşklilatın rəhbərliyinə qarşı saxtakarlıq edə biləcəyini düşünmüşdü. Saxtakarlıq onun xarakterinin ən bariz cəhətidir. O, həyatda malik olduğu hər şeyi, bütün “titul”ları primitiv kələklərlə qazanıb. İqtisadiyyat üzrə heç bir ali təhsil bazası olmadığı, Bakıda Plan-Uçot texnikumunu, Voronejdə isə Aqrar İnstitutun “Yer quruluşu” fakültəsini bitirdiyi halda özünə “tanınmış iqtisadçı” titulu verib. Həm bu imici yaratmaq, həm də sonradan ailə üzvlərinin adına rəsmiləşdirdiyi, internet resurslarında tibb ocağı yox, “açıq bazar” olması haqqında rəylər dolaşan “Logmed” klinikasındakı qanunsuzluqları ört-basdır etmək üçün jurnalistlər üçün pulsuz müayinələr təşkil edirdi. Daha sonralar “jurnalistlərə pulla açıqlama verəcəyəm” deyəcək birinin xeyriyyəçiliyi uzun sürə bilməzdi, bəlli. Ancaq bütün hallarda heç kim Nazim Məmmədovun elmi dərəcə almaq üçün SSRİ-nin dağılmasından sonra “müdafiə etdiyi” dissertasiyanın mövzusununun artıq tarixə gömülmüş kolxoz təsərrüfatlarına həsr olunması ilə də maraqlanmırdı. Həmin "elmi iş" Rusiyanın internet resurslarında mövcuddur, lütfən bu linki

(http://www.dissercat.com/content/effektivnost-regulirovaniya-zemelnykh-otnoshenii-i-upravleniya-zemelnymi-resursami-apk-regio)

açın və istifadə olunmuş ədəbiyyatdakı 187-ci qaynağa baxın.

Görürsünüz ki, italyanca iki kəlimə belə bilməyən, necə deyərlər, hırla-zırı qanmayan Nazim Məmmədov həmin dildə yayımlanmış bir kitabın tam 42 səhifəsini “oxuyub” və “istifadə edib”. Onun klassik və yeni iqtisadi nəzəriyyələrdən bixəbər olduğunu fərq etmək çətin deyil, amma sən demə bu, heç aqronomiya üzrə də əməlli-başlı, doğru-dürüst bir dissertasiya müdafiə etmək potensialına malik deyilmiş. Belə yerdə deyirlər: “Arım var, arım var, eşşək arısı”!

Hə, “italyan dilinin dərin bilicisi” Nazim Bəydəmirli bu yaxınlarda öz Facebook səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin struktur islahatlarını şübhə altına alan bir status paylaşmış və sözünü belə yekunlaşdırmışdı: “Bizim dediyimizi edin”!

Bu cür “iqtisadçılar”ın cavabını Azərbaycan prezidenti İlham Əliyev hələ Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vermişdi: “Özlərini böyük iqtisadçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözümüz var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”.

Əlavə şərhə ehtiyac yoxdur. Sadəcə o maraqlıdır ki, iki uzunqulağın arpasını bölə bilməyən Bəydəmirli “biz” deyəndə kimləri nəzərdə tutur, özünü hansı qurumun və qrupun təmsilçisi sayır? Düzdür, o, hərdən özünü “İqtisadçılar Klubu”nun prezidenti də adlandırır, amma həmin klubun harada və necə fəaliyyət göstərməsi, eynilə, Vaqif Hacıbəylinin “Əhrar” partiyası kimi cəmiyyətə naməlumdur. Bəlkə, mənəvi bacısı Xədicə, sosial şəbəkədə statuslarını paylaşmaqdan və bəyənməkdən usanmadığı Cəmil Həsənli, hər vəchlə yarınmaq istədiyi Rüstəm İbrahimbəyovla birgəliyi ehtiva edir onun “biz” anlayışı? Belədirsə, nədən başqa bir əzizi Gültəkin Hacıbəyliyə qoşulub da Milli Şuraya qatılmır?

Bəli, o, ləliyir, o yalvarır, o dil tökür, o nalə çəkir, o dəridən-qabıqdan çıxır, tullanır, düşür, nazirlərə CV göndərir, ancaq onun siyasi riyakarlığı hər kəsi iyrəndirir.

İqtidarı da, müxalifəti də!

Nə iqtidar, nə də müxalifət düşərgəsində özünə yer tapa bilməyən bu zavallının əlacı sonda tullanmağa qalır.

Tullanmağında ol, Nazim!

AzNews.az