İranın da, Rusiyanın da Azərbaycana ehtiyacı var - Politoloq

“Başda ABŞ olmaqla Qərb koalisiyası İranı uzun müddətdir ki, sanksiya tətbiq etməklə blokadada saxlayırdılar. İranı dünyanın iqtisadi-siyasi sistemində təkləmişdilər. Uzun müddət idi ki, İran basqı altında idi. Ukrayna münaqişəsindən sonra həmin basqılar Rusiya üzərində oldu. Qərb ağır sanksiyalar tətbiq etməklə, Rusiyanı zəiflətmək və parçalamaqla qarşılarına onu dünyanın siyasi xəritəsindən silmək kimi bir məqsəd qoymuşdular. Artıq Qərblə Rusiya arasında həm iqtisadi-siyasi, həm də hərbi sahədə savaş gedir”.

Bu fikirləri “AzNews.az”-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

O bildirib ki, Avropa ilə əlaqəsi kəsildiyinə görə Rusiya dünya bazarına çıxmaq üçün yeni geosiyasi proseslərdə dəyişikliklər edir.

“Rusiya cənub cinahından Afrika coğrafiyasına çıxmaq üçün İran və Türkiyə üzərindən bir plan hazırlayıb və bu sahə üzrə də iş gedir. Bu baxımdan ABŞ-Qərb koalisiyası ilə münasibətdə Rusiya və İranın ortaq maraqları yaranıbdır. Rusiya siyasətini İran üzərindən həyata keçirmək istəyir. Son vaxtlar İran-Rusiya münasibətlərinin inkişaf etməsi Rusiyanın yeni iqtisadi-siyasi doktrinasının tərkib hissəsidir. Hesab edirəm ki, Rusiyanın İranla münasibətlərinin yaxşı olması məsələsində Azərbaycan önəm daşıyır. Çünki Şimal-Cənub dəmir yolu xəttinin işə düşməsi Azərbaycan üzərindən həyata keçirilməlidir. Buna görə də Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olması Rusiyanın xüsusi maraq dairəsindədir.

Bildiyiniz kimi, regionun inkişafı və tərəqqisi üçün “3+3” formatı nəzərdə tutulmuşdu. “3+3” formatı çərçivəsində region dövlətlərinin birgə əməkdaşlığı regionun təhlükəsizliyi üçün atılan bir addımdır və bu proseslər indi də davam etməkdədir”.

A.Məsiyev qeyd edib ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətinin yaxşı olması bizim xarici siyasətimizin tərkib hissəsidir.

“Azərbaycan balanslaşdırıcı siyasətini həmişə öndə tutur. Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik və dostluq barəsində 2022-ci il fevralın 22-də 43 maddədən ibarət bəyannamə imzalanıb. Müqavilə bütün sahələrdə inkişafı artırmağa hesablanıb. İran da bizim qonşumuzdur. İranla da münasibətlər getdikcə düzəlmək üzrədir. İranın da, Rusiyanın da Azərbaycana ehtiyacı var. Hesab edirəm ki, bölgənin inkişafı və tərəqqisi üçün “3+3” formatı çərçivəsində region dövlətlərinin əməkdaşlıq etməsi vacib məsələdir. Eyni zamanda bu formatda Rusiya-İran münasibətləri və maraqları da öz əksini tapa bilər. Düşünürəm ki, Rusiya-İran münasibətlərinin inkişafı Azərbaycan üçün təhlükə ola bilməz. Hər iki dövlət üçün Azərbaycan maraq dairəsindədir”.

Rəfiqə NAMAZƏLİYEVA