- Siyasi müzakirə
- 23 İyul 16:58
- 1 273
“Zelenski siyasi təsir imkanlarını artırır, müxalifət zəiflədilir” – Zeynal Əmrəliyev

“Ukraynada bir müddətdir ki, Prezident Zelenski öz hakimiyyətini gücləndirmək istiqamətində addımlar atır. Yəni, siyasi təsir imkanlarını artırmaq və müxalif qüvvələri zəiflətmək məqsədilə müəyyən qərarlar verilir. Məsələn, baş nazirin dəyişdirilməsi, daha texnokrat və idarəetmə qabiliyyətli bir şəxsin bu posta təyin olunması, hökumətdə struktur dəyişikliklərinin aparılması və son qəbul olunan qanunlar göstərir ki, Ukraynada siyasi hakimiyyətin mərkəzləşdirilməsi və müxalifətin təsir imkanlarının məhdudlaşdırılması istiqamətində proseslər gedir. Bu isə Ukrayna cəmiyyətində ciddi narahatlıq doğurur. Xalq uzun illərdir demokratik dəyərlər və azadlıqlar uğrunda mübarizə aparır — istər 2004-cü il Narıncı İnqilabı, istərsə də daha sonrakı Maydan hərəkatı bu mübarizənin nümunəsidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Qeyd edək ki, Ukraynada siyasi gərginlik yeni mərhələyə keçir. Prezident Volodimir Zelenskinin Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalaması ictimai narazılığa səbəb olub. Ekspertlər bu addımı antikorrupsiya institutlarının müstəqilliyinə zərbə kimi qiymətləndirirlər. Vətəndaş cəmiyyəti Zelenskiyə etimadın azaldığını bildirir. Analitiklərə görə, xalqın hakimiyyətə qarşı reaksiyası sərtləşə, hətta Zelenskinin devrilməsi ehtimalı gündəmə gələ bilər.
Siyasi şərhçi qeyd edib ki, mövcud proseslər Ukraynada siyasi gərginliyin davam etdiyini göstərir.
“Ukrayna cəmiyyəti siyasi baxımdan son dərəcə aktiv və dəyişkən bir struktura malikdir. 2005-ci ildə, Leonid Kuçmanın prezidentlikdən getməsindən sonra, artıq ölkədə hər seçki ilə birlikdə siyasi proseslər və hakimiyyət dəyişiklikləri daha açıq şəkildə görünməyə başladı. Məsələn, 2010-cu il prezident seçkilərində Viktor Yanukoviç qələbə qazandı. 2014-cü ildə isə bu vəzifəyə Petro Poroşenko seçildi. 2019-cu ildə keçirilən seçkilərdə isə Volodimir Zelenski Poroşenkonu məğlub etdi. Lakin son dövrlərdə Zelenskinin reytinqi ciddi şəkildə aşağı düşüb. Bu isə onu göstərir ki, Zelenski öz hakimiyyətini qoruyub saxlamaq üçün məcburən müəyyən addımlar atır. Belə gedişatlar isə Ukraynada siyasi çaxnaşma ehtimalını artırır. Xüsusilə müharibə şəraitində olan bir ölkədə daxili siyasi sabitliyin pozulması ümumi stabilliyə mənfi təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, Ukrayna güclü müxalifətə malik ölkələrdən biridir. Parlament daxilində də, ondan kənarda da fəal siyasi qüvvələr mövcuddur. Əgər müxalifət cəmiyyəti ətrafında konsolidasiyaya nail olsa, müəyyən dəyişikliklərə təsir edə bilər. Bununla belə, hazırda Ukrayna faktiki olaraq müharibə vəziyyətindədir. Belə şəraitdə hər hansı bir hakimiyyət dəyişikliyi real görünmür. Ölkədə ağır müharibə şəraiti hökm sürdüyü üçün siyasi dəyişikliklərin baş verməsi ehtimalı aşağıdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az